image-image_780x_6152dae7c7b9abackend

Sərhəddəki təxribatın izi ilə: pərdə arxasında təhlükəli ssenari var

image-reklam_sirab_01

Mərkəz rəhbəri: “Rusiya əvvəllər bu cür planları təkbaşına həyata keçirirdi, bu gün isə İranın maraqları tam mənada onunla üst-üstə düşür”

Dünən Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə yenidən hərbi təxribata əl atdı. Azərbaycan Müdafiə Nazirliyinin son açıqlamasında qeyd edilir ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

“Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”, – deyə məlumatda vurğulanıb.

Onu da qeyd edək ki, Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Baş verən təxribatla bağlı AYNA-nın suallarını cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, bu hərbi qarşıdurmanı təsadüfi saymaq olmaz:

– İndiki dövrdə spontan nəsə yoxdur, hər şey plan üzrədir. Hər dəfə bildiririk ki, bölgədə baş verən proseslər gərginliyin artacağı ehtimalını gücləndirir. Bu günlərdə baş verən proseslərə baxmaq lazımdır. Daha doğrusu, üç görüşə diqqət eləmək gərəkdir: Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü, Prezidentin Qazaxıstana səfəri və Azərbaycan Hərbi Hava Qüvvələri Komandanının ABŞ-a səfəri, Pentaqonda görüşlər. Nəzərə almaq lazımdır ki, Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin dörd ölkəsindən üçüdür. Eyni zamanda, belə bir məlumat yayıldı ki, ABŞ Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünü keçirəcək, sülh danışıqları üçün təşəbbüs göstərir. Əgər Vaşinqtondan belə bir təşəbbüs gəlirsə, əks tərəfdən mütləq cavabı olacaq.

– Rusiyanı nəzərdə tutursunuz?

– Əlbəttə, Rusiyanı nəzərdə tuturam. Baş verən təxribatlarda iki ölkənin fəal iştirakı var. Ermənistanı kənara qoyaq – o, proseslərdə alətdir. İran və xüsusilə, bu proseslərə bəstəkarlıq və drijorluq edən Rusiya təxribatları hazırlayan, bunda maraqlı olan ölkələrdir. Baş verənlər hamısı sistemli planın tərkib hissəsidir, hansı ki, bu, özünü sərhəddəki təxribatda göstərdi. Unutmaq olmaz ki, bu, sonuncu təxribat deyil.

– Davamı olacağını düşünürsünüz?

– Təbii ki, davamı olacaq. Diqqət edin ki, ötən ilin sentyabr döyüşlərindən sonra bu, sərhəddə baş verən ilk təxribatdır. Rusiya bununla həm də göstərmək istəyir ki, Ermənistan ərazisində Avropanın min müşahidəçisi də olsa da, məsələ bizim nəzarətimizdədir və təxribat törətmək üçün istənilən qədər resurslarımız var. Bir neçə gün öncə Rusiyanın Ermənistandakı səfirinin bəyanatına da diqqət etmək lazımdır. Sergey Kopırkin bildirdi ki, Ermənistan-Azərbaycan sərhədinin təhlükəsizliyi KTMT qüvvələri tərəfindən təmin olunmalıdır. Demək istəyirəm ki, bütün oxlar təxribatın haradan gəldiyini, kimin planı olduğunu göstərir.

Təxribatlar ona görə davam edəcək ki, sülh yoxdur. İstər sülh danışıqlarında irəliləyiş, istər Qarabağdakı ermənilərin reinteqrasiya məsələləri, istərsə də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində addımlar olsun – bunlar təxribatlarla müşayiət olunacaq. Bu, sınanmış texnologiyadır. Sülh prosesini pozmaq istəyən Rusiya tərəflər arasında təxribat törədir, silahlar işə düşür və ara qarışır. Məsələ bu qədər sadədir. Ən acınacaqlısı odur ki, Rusiya əvvəllər bunu təkbaşına həyata keçirirdi. Bu gün isə onunla maraqları tam mənada üst-üstə düşən İran faktoru da var.

– Cəmiyyətdə belə fikirlər səsləndirilir ki, Şuşa Bəyannaməsi işə düşməlidir. Siz bunun mümkünlüyünü necə görürsünüz?

– Şuşa Bəyannaməsi işə düşməlidir, başqa yol yoxdur. Sentimentallıqdan, qardaş dövlət tezisindən real siyasətə keçmək lazımdır. Real siyasət deyir ki, Türkiyədə zəlzələ də ola bilər, seçki də ola bilər, amma bunlar Türkiyənin strateji maraqlarından imtina etməsi demək deyil. Bu gün Rusiya Ukraynada müharibə aparır, Kreml daxilində davalar gedir, ölkəni sanksiyalarla çökdürüblər, amma strateji maraqlarından əl çəkmir. İstər Ukraynada, istər Mərkəzi Asiyada, istərsə də Cənubi Qafqazdakı maraqları, planları naminə hər addıma gedir, təxribat törədir və s. Rusiyadan daha çox imperiya dövləti olan, iki imperiyanın varisi olan Türkiyə strateji maraqlarından diqqətini yayındırmamalıdır. Hesab edirəm ki, yaxın dönəmdə Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə başlanılmalıdır. Bu, Cənubi Qafqazda maraqlarını, planlarını, təxribatlarını həyata keçirmək istəyən qüvvələr üçün “soyuq duş” effekti olardı. Bunu ləngimədən etmək lazımdır.

– Təxribatdan bir neçə saat öncə Ermənistanın Baş naziri sülhdən danışdı və bunun vacibliyini önə sürdü. Maraqlıdır ki, Nikol Paşinyan hər dəfə sülhdən danışandan sonra təxribat baş verir və proses uzanır. Artıq sanki zaman uzatmaq sistematik hal alıb. Bunun nəticəsini necə görürsünüz?

– Dediyim kimi, bu təxribatların arxasında Rusiya dayanır. Bunun nəticəsi Ermənistan üçün çox ağır ola bilər. Paşinyan hakimiyyəti ortaya siyasi iradə qoymalıdır. Əgər rəsmi İrəvan Türkiyə ilə münasibətlərin normallaşmasına, Azərbaycanla sülh razılaşmasının uzadılmasına oyun kimi baxırsa, bu, təhlükəli oyundur və nəticəsi ağır olacaq. Görünən odur ki, Ermənistan özünü qurban kimi göstərməyə çalışır və bu, İrəvanın ənənəvi siyasətidir. Amma indi oyunun, özünü yazıq, qurban kimi göstərməyin yeri yoxdur. Oyunlara zaman yoxdur. Çünki geosiyasi proseslər aktiv fazadadır. İndi elə bir dönəmdir ki, özünü qurban kimi göstərmək oyunu çox təhlükəli nəticələr verə bilər.

Hesab edirəm ki, Paşinyan hökuməti sanki orta vəziyyətdə qalıb. Bir tərəfdən anlayır ki, sülh lazımdır, Azərbaycan və Türkiyə ilə münasibətləri tənzimləmək vacibdir. Digər tərəfdən isə İrəvan sülhü istəməyən İranla Rusiya arasında qalıb. Lakin İrəvan seçimini etməlidir. Bu gün Paşinyan hökuməti az-çox Qərbdən siyasi və maliyyə dəstəyi alır. Sabah Rusiya və İran arasında qalan Paşinyan hökuməti bu dəstəyi itirəcək. Bu, Ermənsiatnın əvvəlki status-kvoya qayıtması deməkdir ki, İrəvana heç cür sərf etmir. Çünki İran və Rusiyanın Cənubi Qafqazdakı aləti ilə Qərb, NATO əməkdaşlıq etməyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image