image-reklam-veteninfo
image-asifbackend

Siyasi etimad, iqtisadi tərəfdaşlıq və yeni perspektivlər – Asif Əsgərov

image-reklam-veteninfo

İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri Avropa İttifaqı ilə münasibətlərdə yeni mərhələnin formalaşdığını nümayiş etdirir. Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi və yaşıl keçidin beynəlxalq gündəliyin əsas mövzularına çevrildiyi bir dövrdə baş tutan bu səfər xüsusi siyasi və iqtisadi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin görüşdən sonra verdiyi bəyanat tərəflər arasında mövcud əməkdaşlığın strateji xarakterini bir daha təsdiqləməklə yanaşı, qarşıdakı dövrdə enerji, ticarət, nəqliyyat, bərpaolunan enerji və regional təhlükəsizlik istiqamətlərində əməkdaşlığın daha da genişlənəcəyinə dair mesaj verib. Bu yanaşma qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunun göstəricisidir.

Son aylarda Avropa İttifaqının ali rəhbərliyinin ölkəmizə ardıcıl səfərləri münasibətlərin inkişaf tempini təcəssüm etdirir. Əvvəlcə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, daha sonra Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın, ardınca isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya gəlməsi siyasi dialoqun intensiv xarakter aldığını təsdiqləyir. Tərəflər arasında əməkdaşlıq artıq davamlı siyasi məsləhətləşmələr və strateji koordinasiya üzərində qurulur. Müxtəlif sahələri əhatə edən bu dialoq qarşılıqlı etimadın daha da güclənməsinə xidmət edir.

Prezident İlham Əliyev bəyanatında Avropa İttifaqının əsas ticarət tərəfdaşı olduğunu vurğulayıb. Xarici ticarətin 40 faizdən çoxunun Avropa bazarı ilə həyata keçirilməsi iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu sübut edir. Eyni zamanda, Cənubi Qafqaz regionunda Avropa İttifaqının ticarət dövriyyəsinin böyük hissəsinin Azərbaycanla aparılması respublikanın regionun aparıcı iqtisadi mərkəzi olduğunu təsdiqləyir. Bu göstəricilər iqtisadi sabitliyin, əlverişli investisiya mühitinin və həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir.

Avropa İttifaqı ilə münasibətlərdə enerji sektoru əsas istiqamətlərdən biri olaraq qalır. 4 il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu artıq real nəticələr verir. Son illərdə Avropa bazarına təbii qaz ixracının əhəmiyyətli dərəcədə artması, hazırda isə Avropa İttifaqının 10 üzv dövlətinin Azərbaycan qazı ilə təmin olunması enerji əməkdaşlığının uğurunu nümayiş etdirir. Bu amillər Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətinə mühüm töhfə verir. Hər ölkə üçün enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ən mühüm amilinə çevrildiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır. Təxminən 3500 kilometr uzunluğa malik bu enerji sistemi artıq Avropanın enerji xəritəsinin mühüm hissəsinə çevrilib. Layihə həm də müxtəlif dövlətləri ortaq maraqlar ətrafında birləşdirən strateji əməkdaşlıq modelidir. Bu dəhliz enerji təchizatının etibarlılığını artırmaqla yanaşı, regionlararası əməkdaşlığın genişlənməsinə də töhfə verir.

Prezident İlham Əliyev bəyanatında nəqliyyat və logistika sahəsində görülən işlərə də toxunub. Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycan son illərdə bu istiqamətdə mühüm infrastruktur layihələri həyata keçirib. Dəmir yollarının modernləşdirilməsi, avtomobil magistrallarının tikintisi, dəniz limanlarının genişləndirilməsi və logistika mərkəzlərinin yaradılması nəticəsində ölkənin tranzit imkanları əhəmiyyətli dərəcədə artıb. Yeni geosiyasi şərait beynəlxalq yükdaşımalarının həcmini artırdığı üçün bu sahədə yeni investisiyaların davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu siyasət Azərbaycanın Avrasiyanın əsas nəqliyyat qovşaqlarından biri kimi mövqeyini daha da möhkəmləndirir.

Bəyanatda diqqət çəkən mühüm məqamlardan biri də bərpaolunan enerji sahəsində perspektivlər olub. Prezident İlham Əliyev indiyədək xarici və yerli şirkətlərlə imzalanmış müqavilələrin bizə növbəti beş və ya altı il ərzində səkkiz giqavat Günəş və külək enerjisini əldə etmək imkanı verəcəyini qeyd edib. Bu layihələr yalnız daxili tələbatın ödənilməsinə deyil, həm də gələcəkdə Avropa bazarına yaşıl enerji ixracının genişləndirilməsinə şərait yaradacaq. Beləliklə, enerji əməkdaşlığı ənənəvi karbohidrogen resurslarından bərpaolunan enerji sahəsinə doğru da genişlənir.

Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti ilə regional təhlükəsizlik məsələlərinin də geniş müzakirə edildiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişi mətninin paraflanması regionda yeni siyasi reallıq yaradıb. Prezident İlham Əliyevin sözləri ilə desək, beləliklə, de-fakto sülh qurulub və biz faydasını görürük.

Ermənistan istiqamətində yük tranzitinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması və yanacaq məhsullarının çatdırılması kimi addımlar atılıb. Bu qərarlar qarşılıqlı etimadın formalaşmasına, iqtisadi münasibətlərin genişlənməsinə və regionda sabitliyin daha da möhkəmlənməsinə xidmət edir. Region artıq uzun illər davam etmiş münaqişə mərhələsini geridə qoyur. İndi əsas məqsəd Cənubi Qafqazı qarşıdurma məkanından əməkdaşlıq, qarşılıqlı fayda və dayanıqlı inkişaf bölgəsinə çevirməkdir. Bu prosesdə Avropa Komissiyasının konstruktiv mövqeyi və göstərdiyi siyasi dəstək mühüm əhəmiyyət daşıyır. Qarşılıqlı fəaliyyət nəticəsində regionda iqtisadi inteqrasiya dərinləşə, yeni nəqliyyat və enerji layihələri reallaşa, uzunmüddətli sabitlik təmin oluna bilər.

Siyasi dialoqun intensivləşməsi, iqtisadi əməkdaşlığın genişlənməsi, enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlığın möhkəmlənməsi, yaşıl enerji layihələrinin inkişafı və regional sülh prosesinə verilən töhfələr bu münasibətlərin çoxşaxəli xarakter daşıdığını təsdiqləyir. Formalaşan yeni əməkdaşlıq modeli yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Cənubi Qafqazın sabitlik, təhlükəsizlik və davamlı iqtisadi tərəqqi məkanına çevrilməsinə xidmət edən mühüm siyasi və iqtisadi platforma kimi çıxış edir.

Asif Əsgərov
Milli Məclisin deputatı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki