Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən 2001-ci il təvəllüdlü Vüqar Rəsulova hökm oxunub.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Məhkəmədə bildirilib ki, Vüqar Rəsulov 2019-cu ildə də bıçaqlanma hadisəsi törədib. Həmin vaxt ona 3 il həbs cəzası verilib. Lakin 2021-ci ildə Novruz bayramı ərəfəsində verilmiş Əfv sərəncamı əsasında V.Rəsulov cəzasının qalan hissəsindən azad edilərək cəzaçəkmə müəssisəsindən buraxılıb.
Bundan 6 ay sonra, yəni 2021-ci ilin sentyabrında isə Vüqar yenidən bıçaqlanma hadisəsi törədib. Bu dəfə o, Xətai rayonu Əhmədli qəsəbəsində 2005-ci il təvəllüdlü Rəsul Bədəlovu (ad şərtidir – red.) bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həyatını xilas etmək mümkün olub.
V.Rəsulov saxlanılıb və ona Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb.
Qeyd edək ki, məhkəmədə Vüqarın yetkinlik yaşına çatmayan Rəsulu əsassız yerə bıçaqlaması məlum olub. Bəlli olub ki, hadisədən bir neçə gün əvvəl onlar metronun “Əhmədli” stansiyası yaxınlığında rastlaşıb və baxışları toqquşub. Vüqar Rəsuldan niyə ona tərs-tərs baxdığını soruşub və cəzalandıracağını deyib. Daha sonra isə Rəsul Vüqarın onun haqqında təhqiramiz sözlər danışdığını eşidərək Vüqarın olduğu “Dost qapısı” kafesinə gedib. Burada onlar dalaşıblar və Vüqar belində gəzdirdiyi bıçaqla yeniyetmənin döş qəfəsinə ağır xəsarət yetirib.