Şuşa Qlobal Media Forumu qısa müddətdə regionun ən nüfuzlu beynəlxalq media platformalarından birinə çevrilib. Dördüncü dəfə təşkil olunan Forum dünyanın müxtəlif ölkələrindən jurnalistləri, media rəhbərlərini, ekspertləri və siyasətçiləri Qarabağda bir araya gətirərək qlobal informasiya mühiti, media diplomatiyası, dezinformasiyaya qarşı mübarizə və süni intellekt dövründə jurnalistikanın qarşısında duran çağırışların müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Eyni zamanda, Forum xarici media nümayəndələrinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini yerində izləməsinə, bölgənin yeni reallıqları ilə yaxından tanış olmasına imkan yaradır.
IV Şuşa Qlobal Media Forumunun əhəmiyyəti, Prezident İlham Əliyevin Forumda səsləndirdiyi mesajlar və bu beynəlxalq platformanın Azərbaycanın informasiya siyasətində rolu ilə bağlı Metbuat.az-ın suallarını Milli Məclisin deputatı Cavanşir Feyziyev cavablandırıb.
– Prezident İlham Əliyevin Şuşadan verdiyi beynəlxalq mesajların siyasi və diplomatik baxımdan simvolik əhəmiyyəti nədən ibarətdir? Niyə bu çıxışlar üçün məhz Şuşa seçilir?
Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də ölkənin siyasi və diplomatik gündəminin formalaşdığı mühüm beynəlxalq platformaya çevrilib. Prezident İlham Əliyevin ən mühüm beynəlxalq mesajlarını məhz Şuşadan səsləndirməsi təsadüfi deyil. Bu şəhər Azərbaycanın ərazi bütövlüyünün bərpasının, dövlət suverenliyinin möhkəmlənməsinin və tarixi ədalətin bərqərar olmasının rəmzidir.
Şuşada keçirilən beynəlxalq tədbirlər, xüsusilə Qlobal Media Forumu, şəhərin artıq regional deyil, qlobal əhəmiyyət daşıyan dialoq məkanına çevrildiyini göstərir. Buradan verilən mesajlar təkcə Azərbaycan ictimaiyyətinə deyil, beynəlxalq auditoriyaya ünvanlanır və ölkənin xarici siyasət prioritetlərini, regional əməkdaşlıq baxışını, təhlükəsizlik məsələlərinə münasibətini aydın şəkildə ortaya qoyur.
Eyni zamanda, Şuşanın seçilməsi Azərbaycanın postmünaqişə dövründə yaranmış yeni reallıqları nümayiş etdirir. Bir vaxtlar işğal altında olan şəhərdə bu gün beynəlxalq forumların keçirilməsi, xarici media nümayəndələrinin qəbul olunması və strateji əhəmiyyətli mesajların səsləndirilməsi Azərbaycanın regionda yaratdığı yeni siyasi mənzərənin göstəricisidir. Bu baxımdan Şuşa təkcə tarixi və mədəni dəyərə malik şəhər deyil, həm də Azərbaycanın gələcəyini və beynəlxalq mövqeyini ifadə edən strateji məkandır.
– Şuşa Qlobal Media Forumunda iştirak edən xarici jurnalistlərin Qarabağ və Şərqi Zəngəzurda gördükləri reallıqlar beynəlxalq mediada Azərbaycanla bağlı formalaşan təsəvvürlərin dəyişməsinə necə təsir göstərə bilər?
Müasir dövrdə informasiya müharibələri klassik müharibələr qədər ciddi əhəmiyyət daşıyır. Buna görə də hadisələrin yerində müşahidə olunması və birbaşa mənbədən məlumat əldə edilməsi obyektiv jurnalistikanın əsas prinsiplərindən biridir.
Şuşa Qlobal Media Forumu xarici jurnalistlərə Qarabağ və Şərqi Zəngəzurda mövcud vəziyyəti öz gözləri ilə görmək imkanı yaradır. Onlar işğal illərində törədilmiş dağıntıları, vandalizm aktlarını, dini və mədəni irsə vurulan ziyanı, eyni zamanda azadlıqdan sonra həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələrini, müasir infrastrukturun qurulmasını və bölgənin inkişaf perspektivlərini yaxından müşahidə edirlər.
Bu isə beynəlxalq mediada uzun illər formalaşmış birtərəfli və ya qeyri-dəqiq təsəvvürlərin dəyişməsinə mühüm təsir göstərir. Xarici jurnalistlərin hazırladığı reportajlar və analitik materiallar region haqqında daha obyektiv informasiya məkanının formalaşmasına xidmət edir. Nəticədə dünya ictimaiyyəti Qarabağla bağlı məlumatları yalnız müxtəlif mənbələrdən deyil, hadisələri yerində izləyən media nümayəndələrinin müşahidələri əsasında əldə edir. Bu da Azərbaycanın informasiya diplomatiyasının güclənməsinə və ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə mühüm töhfə verir.
– Qlobal informasiya müharibələri və dezinformasiyanın geniş yayıldığı bir dövrdə Şuşa Qlobal Media Forumu beynəlxalq informasiya təhlükəsizliyinin və obyektiv media mühitinin formalaşmasına hansı töhfələri verəcək?
İnformasiya təhlükəsizliyi bu gün milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib. Rəqəmsal texnologiyaların sürətli inkişafı, süni intellektin tətbiqi və sosial media platformalarının təsir imkanlarının artması dezinformasiyanın daha sürətlə yayılmasına şərait yaradır. Belə bir şəraitdə etibarlı informasiya mübadiləsini təmin edən beynəlxalq platformalara ehtiyac daha da artır.
Şuşa Qlobal Media Forumu məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Forum dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, jurnalistləri və ekspertləri bir araya gətirərək informasiya təhlükəsizliyi, media etikası, süni intellektin jurnalistikaya təsiri, dezinformasiyaya qarşı mübarizə və beynəlxalq əməkdaşlıq kimi aktual məsələlərin müzakirəsinə imkan yaradır. Bu müzakirələr qlobal media məkanında qarşılıqlı etimadın güclənməsinə və peşəkar jurnalistika prinsiplərinin təşviqinə xidmət edir.
Eyni zamanda, Forum Azərbaycanın informasiya diplomatiyasının mühüm alətlərindən biridir. Xarici media nümayəndələrinin ölkədə baş verən prosesləri yerində izləməsi, rəsmi şəxslərlə birbaşa təmasda olması və obyektiv məlumat əldə etməsi beynəlxalq auditoriyanın düzgün məlumatlandırılmasına şərait yaradır. Bu isə həm dezinformasiyaya qarşı mübarizəyə, həm də Azərbaycanın beynəlxalq media məkanındakı mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Şuşa Qlobal Media Forumu artıq təkcə peşəkar media tədbiri deyil, həm də qlobal informasiya dialoqunun, media diplomatiyasının və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən mühüm platformaya çevrilməkdədir.

























