image-1backend

Talassemiyalı uşaqların pullarını mənimsəməkdə təqsirləndirilənlərin məhkəməsində: Mənim 9 min manatıma qalmışdın?

image-reklam_sirab_01

Talassemiyalı uşaqların pullarını mənimsəməkdə təqsirləndirilənlərin məhkəməsində: Mənim 9 min manatıma qalmışdın?
Talassemiyalı uşaqlar üçün toplanmış bir milyonluq vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Vətəninfo.az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəməyə yeni ərizə və vəsatətlər daxil olub.

Məhkəmə iclasında zərər çəkmiş kimi tanınmaq üçün ərizə verən və cinayət işi üzrə zərər çəkdiyini iddia edən Şövkət İsayeva bildirib ki, “Çinar Plaza”da Nuridə Seyidovaya övladının Türkiyədə əməliyyat olunması üçün 90 min dollar pul verib. O, məhkəmədən təqsirləndirilən şəxslərə layiqli cəza verilməsini xahiş edib.

Hakim məhkəməyə zərərçəkmiş kimi tanınmaq üçün yeni daxil olmuş ərizələrə münasibətdə bildirib ki, əgər, şikayət varsa, prokurorluğa müraciət olunmalı və yeni cinayət işi açılmalıdır.

Həmçinin Aynur Bayramovanın bacısı Dilbər Bayramova bacısının həbsinin düzgün olmadığı barədə məhkəməyə ərizə göndərib.

Məhkəmədə digər zərərçəkən Nərgiz Mahmudova müttəhim Aysel Məmmədovaya sual ünvanlayıb:

“Mən 2022-ci ilin noyabr ayında Aysel Məmmədovaya 9 min manat pul vermişəm. Bu qədər pul almısan, mənim 9 min manatıma qalmışdın? Həmin pulu niyə bilərəkdən məndən aldın?”

Müttəhim Aysel Məmmədovanın sözlərinə görə, Nuridə Seyidova xəstəxanaların ona aidiyyəti olmadığını bildirib və xəstələri özü qəbul edirmiş.

“O mənə hesabat vermirdi. Səlahiyyət yalnız özündə idi. Toğrul müqaviləni yazırdı, ödənişləri yoxlayırdı”, – müttəhim deyib.

Məhkəmənin növbəti iclası iyunun 12-nə təyin olunub.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki