image-ulvibackend

Tarixi şəxsiyyətlər inamlarında yanılmırlar

image-reklam_sirab_01

Ağır hərbi məğlubiyyətdən sonra Ermənistan cəmiyyətində son iki ildə yaşananları izlədikcə, 1992-1993-cü illərin Azərbaycanı yada düşür. Ermənistan bu gün necə çalxalanırsa, vətəndaş qarşıdurmasından canını qurtarmaq üçün hansı cəhdləri edirdisə, o zaman ölkəmizdə də təxminən eyni ab-hava hökm sürürdü. Mübaliğəsiz, bizdəki vəziyyət müqayisədə daha ağır idi. Çünki Ermənistandan fərqli olaraq, torpaqlarımız işğal edilmişdi. Ermənistan isə vaxtilə zəbt etdiyi Azərbaycan torpaqlarının itkisinin, özü barədə uydurduğu “məğlubedilməzlik” mifinin param-parça edilməsinin acısını yaşayır. Digər fərq ondan ibarətdir ki, Ermənistanın çoxsaylı havadarları olduğu halda, Azərbaycan belə dəstəkdən o illərdə məhrum idi. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının idarəetmə bacarığı o dərəcədə zəif, verdiyi qərarlar isə gerçəklikdən o qədər uzaq idi ki, bu hakimiyyətdən ziddiyyətli xarici faktorları uzlaşdıra biləcəyini gözləmək sadəlövhlükdən başqa bir şey deyildi. Ümumxalq azadlığı dalğasında ölkə rəhbərliyinə yiyələnə bilmiş AXC-Müsavat iqtidarı səriştəsizliyi ucbatından elə səhvlərə yol verdi ki, cəmi on bir ay ərzində seçicinin etimad limitini tamamilə itirdi. Çünki ozamankı hakimiyyət xalqımıza məyusluğun, bədbinliyin, məğlubiyyətin və sarsılmış milli qürur hissinin ağrı-acısını yaşatdı. Məhz AXC-Müsavat hakimiyyətinin uğursuz və qətiyyətsiz siyasəti nəticəsində Azərbaycanda qardaş-qardaşa düşmən kəsilmişdi. İctimai-siyasi və sosial tarazlıq o dərəcədə pozulmuşdu ki, vətəndaş özünün və doğmalarının təhlükəsiz yaşamaq haqqına inamını belə itirmişdi. O zaman qanunsuz silahlı dəstələrin özbaşınalığı və başıpozuqluq elə həddə çatmışdı ki, vətəndaş dövlət qurumlarından daha çox, həmin dəstələrlə hesablaşmaq məcburiyyətində qalırdı. Silah gücü altında bac vermək, qorxu içində yaşamaq, yoxsulluq və işsizlik vətəndaşın hakimiyyətə və dövlət orqanlarına olan inamını heçə endirmişdi.

Bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev ifadə edib.

Deputat bildirib ki, xalqımız ən ağır tarixi dönəmlərindən birini yaşasa da, toparlana bildi, düşdüyü ağır vəziyyətdən yeganə çıxış yolunu, özünün və ölkəmizin nicatını Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü. Cəmiyyətimizin yekdil iradəsi və təkidli tələbi nəticəsində AXC-Müsavat iqtidarının özü də məcbur olub kömək üçün bu böyük şəxsiyyətə müraciət etdi. 1993-cü ilin Prezident seçkilərindən sonra Ulu Öndərin andiçmə mərasimində söylədiyi bu fikirlər həmin dövrdə ictimai-siyasi vəziyyətin nə qədər ağır olduğundan xəbər verir: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır… Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə qardaş qırğınının qarşısı alındı, ictimai-siyasi sabitlik təmin olundu, vətəndaşın dövlət institutlarına inamı bərpa edildi. O zaman da xaricdəki bədxahlarımız və içərimizdəki əlaltıları dinc durmurdular. Onların bütün cəhdlərinə baxmayaraq, Ulu Öndərin ali idarəçilik təcrübəsi və qətiyyəti sayəsində dövlət çevrilişinə cəhdlərin qarşısını almaq mümkün oldu. Bu cür ağır sınaq anlarında Heydər Əliyevin bir çağırışı ilə Azərbaycan xalqı sonadək inandığı Ümummilli Liderinin yanında yer aldı. O günlər müstəqil dövlətçiliyimizin xilası, Ulu Öndərin xilaskarlıq missiyasının Zəfər günləri idi. Lakin qarşıda iqtisadi müstəqilliyə və sosial sabitliyə nail olmaq kimi çətin bir vəzifə dayanırdı. Bəzi dünya güclərinin ikibaşlı oyunlarına, maneə və əngəllərinə baxmayaraq, Ulu Öndər 1994-cü il sentyabrın 20-də XX əsrin Neft Kontraktının imzalanmasına nail oldu. Bununla da ölkəmizin iqtisadi müstəqilliyinin əsası qoyuldu, sosialyönümlü tədbirlərin həyata keçirilməsi üçün imkanlar yarandı, güclü Ordu quruculuğuna start verildi. Xalqımız Ulu Öndərin nümunəsində bir daha əmin oldu ki, tarixdə böyük şəxsiyyətlərin rolu, həqiqətən, əvəzsizdir. Cəmiyyətimiz onu da yəqin etdi ki, haqq etmədikləri siyasi ambisiyaları üzündən bu tarixi gerçəkliyi dananlar milləti yox, yalnız özlərini düşünüblər. Yaşadığımız bir çox uğursuzluqların və faciələrin kökündə həm də onların Heydər Əliyev şəxsiyyətinə qarşı siyasi qısqanclıq hissi və özlərindən müştəbehliyi dayanıb…

Ülvi Quliyev qeyd edib ki, Vətən müharibəsində qazanılan tarixi Zəfər məhz Heydər Əliyev siyasi irsinin bu gün də yaşamasının və Prezident İlham Əliyevin bu irsi qətiyyətlə davam etdirməsinin, Ulu Öndərin qoyduğu siyasi xəttə vətəndaş inamının məntiqi nəticəsidir. Çünki bu ideologiyanın təməlində milli-mənəvi dəyərlərimiz, müstəqil dövlətçilik, azərbaycançılıq və türkçülük məfkurəsi dayanır. Azərbaycan xalqı gözəl bilir ki, yalnız bu yol ona yeni qələbələr gətirəcək. Bu həqiqəti artıq qardaş və dost ölkələr də yaxşı bilir. Elə buna görə də, 2020-ci il dekabrın 10-da Zəfər Paradında iştirak edən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqımıza və dünya birliyinə bu cümlələrlə xitab etmişdi: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, İnşallah, dastan yazmaqda davam edəcək”.

Tarixi Zəfərdən sonra hər birimiz “mən azərbaycanlıyam” ifadəsini böyük qürur hissi ilə deyirik. Amma Ulu Öndər tariximizdə qərarlaşdığı uca zirvədən bu günü gördüyü üçün o vaxt da belə deyirdi: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

“Heydər Əliyev yaşadığı fəxarət hissinin ölkəmiz naminə təməlini də özü qoyduğu üçün, 2003-cü ilin Prezident seçkiləri öncəsi xalqımıza göndərdiyi tarixi Qələbə formulunun gerçəkləşəcəyinə əmin idi. Ulu Öndər ona məxsus siyasi uzaqgörənliklə o vaxt belə demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Həyat sübut etdi ki, Heydər Əliyev ucalığında olan tarixi şəxsiyyətlər inamlarında yanılmır”, – deyə deputat əlavə edib.

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image