image-reklam-veteninfo
image-1backend

“TƏBƏSSÜM YARAT” komandası Ağsuda Könüllü İlahənin təəssüratları

image-reklam-veteninfo

“TƏBƏSSÜM YARAT” komandası ucqar kəndlərdə ehtiyacı olan ailələrin
övladlarına geyim, məktəb ləvazimatları, çanta, ayaqqabı, qələm, dəftər,
ümumiyyətlə bir uşaq üçün lazım olan əşyaları toplayır və onlara təbəssüm bəxş
edir. Bu komandada olmaqdan ona görə məmnunam ki, hər dəfə neçə-neçə
yeniyetmənin həyat hekayəsini dinləyib qələmə alıram. Bəzən ağrılı-acılı, bəzən də
ibrət dolu bu ömür yolu heç vaxt onları qorxutmur, əksinə, hər gözdən bir ümid
parlayır. Məhz o ümid o uşaqlara, yeniyetmələrə cəsarət, təpər verir.
Budəfəki səfərimiz Ağsuya oldu. Uşaqlar onlar üçün gətirdiyimiz
hədiyyələrin əhatəsində o qədər məmnun görünürdülər ki, baxışlarından təbəssüm
süzülürdü, sanki bütün qaranlıqlar işığa qərq olmuş, bütün çirkinliklər
gözəlləşmişdi, hədiyyə paylayan əllərim həyəcandan titrəyirdi. Təbəssüm sən
demə, şirin həyəcanlar gətirirmiş.

Uşaqların təbəssümü necə də duru, necə də saf idi. Baxışlardakı niskillin,
qayğının yerini xəfif bir təbəssüm doldurmuşdu. Gözlər, yanaqlar, dodaqlar və
sanki vücudun hər bir əzası göstərilən diqqətin nəşəsinə bələnmişdi sanki.
Ürəyimin tuppultusunu eşidirdim. O qədər sevincli idi ki, az qala yerindən
çıxacaqdı. O gün bütün “aynalar” parçalanmışdı. O gün bütün zəncirlər qırılmış,
sadəcə möhkəm sevgi bağı yaranmışdı. İlk dəfə müəllim, – deyə müraciət edirdilər
mənə. O qədər bəxtəvər idim ki, çünki bu adın aliliyindən düşən işıq yolumu
aydınlatmaqda idi. Həm də o qədər səmimi, o qədər ürəkdən deyilirdi ki, bu söz, ta
dəyərini sözlə ifadə etməkdə çətinlik çəkirəm. O gün fərqinə vardım ki, bir
təbəssüm bu qədər sətirləri yazdırmağa qadirdir.

Onların hər biri ilə ayrı-ayrılıqda, uzun-uzadı söhbət elədik, hər birinin
yanağına rəngli boyalarla şəkillər çəkdik. Özümü də onlardan ayırmadım,
yanaqlarımı boyayıb qoşuldum onların sırasına, içimdəki uşaqlığıma qayıtdım, o ki
var atılıb düşdüm. O gün onlarla oynayan balaca İlahə, məhz onların yaşlarında,
onların ruhundaydı.

Bütün kənar divarlar o gün, daha da kənara çəkilmişdi, bu sevgini
məhdudlaşdıran, əngəlləyən heç bir maneə yox idi. Çünki biz hələ rənglənməmiş
ağ divarları üzümüzdəki rəsmlərlə boyamışdıq. Niyə? Çünki ağın saflığına,
görkəminə, mərhəmətinə yüksələ bilməyəcək qədər boyumuz balaca idi. Bəli,
içimizdə ağ rəngin sevdası varıydı, amma hələ böyümə yolundayıq.
Bu səfər təkcə 2-3 saatlıq məsafəni qət etmək deyil, eyni zamanda onlar
üçün hələ neçə saatımızı xərcləməyimizin, onlarla daha çox zaman keçirməyimizin
dəyərini öyrətdi. Yaxşı ki, təbəssüm var və bu təbəssüm uşaqların qəlbindən boy
atır və bütün cahanı sarır. “Bir uşaq gülərsə, dünyamız gülər” adlı cümlə bizim
əsas şüarımızdır! Bir təbəssüm üçün soyuq, isti, çətinlik demədən tufanlı dağları və
hər şeyə rəğmən addımlamağı qarşımıza məqsəd qoymuşuq.

İlahə Həbib


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki