Azərbaycan Respublikasının Təhsil İnstitutu iyunun 8-də sertifikasiya imtahanı verəcək müəllimlərə çağırış edib.
Vətəninfo.az-ın məlumatına görə, Təhsil İnstitutu bildirib:
Hörmətli müəllimlər, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanına gələrkən yalnız şəxsiyyəti təsdiq edən sənədi özünüz ilə gətirməlisiniz. İmtahan binasına çanta və ya digər şəxsi əşyalar buraxılmayacaq».
Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2023-cü ildə sertifikatlaşdırmadan kəsilən müəllimlər üçün iyunun 8-də təkrar sertifikatlaşdırmanın test mərhələsi keçiriləcək. Daha sonra da müsahibə mərhələsi təşkil olunacaq. Ötən il müsahibə mərhələsəindən keçə bilməyən müəllimlər həmin mərhələyə dəvət olunacaqlar.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin məlumatına görə, 2023-cü ildə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsində 31 207 müəllim iştirak edib. Onlardan 23 160 nəfəri test və müsahibə mərhələlərində uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.
Vətəninfo.az-ın hesablamasına görə, 2023-cü ildə 8 047 müəllim sertifikatlaşdırılma prosesinin test və müsahibə mərhələlərindən kəsilib.
Beləliklə, 2024-cü il iyunun 8-də keçiriləcək təkrar sertifikatlaşdırma 8 047 müəllim üçün son şans olacaq.
Qeyd edək ki, sertifikatlaşdırmanın test mərhələsində iştirakçılara 120 dəqiqə vaxt ayrılır. Test imtahanında 60 baldan ən azı 30 bal toplamış müəllimlər müsahibə mərhələsinə buraxılırlar.
Müsahibə mərhələsində isə hər bir müəllimə 20 dəqiqə vaxt ayrılır. 40 baldan ən azı 20 bal toplamış müəllimlər həmin mərhələdən keçmiş hesab edilirlər.
Qaydalara görə, sertifikatlaşdırmanın test və müsahibə mərhələsindən keçə bilməyən müəllimlər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.
Təkrar sertifikatlaşdırmada keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
Təkrar sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərlə bağlanılmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.