image-img-20210530-wa0001backend

Təhsildə Türkiyə-Azərbaycan əməkdaşlığı

image-reklam_sirab_01

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dərin tarixi köklərə əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan iki qardaş kimi bir-birinə yaxındır. “Bir millət, iki dövlət” idealı Türkiyə ilə Azərbaycanı bir-birinə yaxınlaşdırır. İki dövlət arasında siyasi, iqtisadi, mədəni və demək olar ki, hər sahədə yüksək səviyyədə həmrəylik mövcuddur.
Bu qardaş həmrəyliyi Qarabağ məsələsində də ən yüksək səviyyədə sərgiləndi. 30 ildir Azərbaycan torrpaqlarının bir hissəsini ələ keçirən Ermənistan öz tarixi dərsini aldı. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusuna haqq savaşında qalib gəldi. Qarabağdakı kəndlər və qəsəbələr erməni işğalından bir-bir azad edildi. Türkiyə bu ədalətli mübarizədə Azərbaycana hərtərəfli dəstək verdi. Prezident Ərdoğanın “Türkiyə Qarabağdakı qanlı, haqsız və qanunsuz oyunu pozmaq üçün bütün vasitələrdən istifadə etməyə qərarlıdır. Bir millət və iki dövlət anlayışı ilə azərbaycanlı qardaşlarımızla həmrəyliyi gücləndirməyə davam edəcəyik” mesajı ilə Türkiyə Azərbaycana ən yüksək səviyyədə dəstəyini bildirdi.
Ölkələrimiz arasındakı tarixin dərinliklərindən gələn mədəni bağlar təhsil sahəsindəki işbirliyimizin də möhkəm təməllər üzərində qurulmasına zəmin yaradır. Modern Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadələri bu təməli ən gözəl şəkildə anlatmaqdadır. Bu baxımdan, ortaq tarix və mədəniyyət əsasında davam etdirməkdə olduğumuz təhsil sahəsindəki işbirliyi bir çox istiqaməti əhatə edir, o cümlədən orta, peşə, ali təhsil sahələrində səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Tələbə və müəllim mübadilələri, müəllimlərin təkmilləşdirilməsi, müasir peşə təhsili müəssisələrinin yeni modellərinin yaradılması istiqamətlərində layihələr gerçəkləşdirilir. Bu baxımdan may ayının 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukun–Azərbaycan Respublikasına səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü mühüm əhəmiyyət kəsb edir. Bu görüş iki qardaş dövlət arasında elm və təhsil sahəsində irəliyə atılmış daha bir addım oldu. Azərbaycan Prezidenti İlham Əliyev ziyafətdəki çıxışında Türkiyə ilə Azərbaycan arasında əlaqələrin digər sahələrdə olduğu kimi təhsil sahəsində də sürətlə inkişaf etdiyini bildirdi.
Təhsil sahəsində ciddi islahatlara diqqət çəkən dövlət başçısı qeyd etdi ki, Türkiyənin təcrübəsi bizim üçün çox vacibdir. Təhsilin keyfiyyətini artırmaq və eləcə də Türkiyə ilə Azərbaycan gənclərinin bir-birinə daha da yaxınlaşması üçün təkliflər müzakirə edilməli, bu məqsədlə gənclər forumları və təlim proqramları kimi müxtəlif fəaliyyətlər təşkil edilməlidir. Türkiyə ilə Azərbaycan arasında peşə təhsili ilə əlaqəli işlərin davam etdirilməsindən məmnun olduğunu vurğulayan İlham Əliyev buna çox ehtiyac olduğunu, bu gün Azərbaycanın əsaslı yenidənqurma işlərinin və yeni təlim keçmiş kadrların hazırlanmasının astanasında olduğunu bildirdi. Peşə məktəbləri potensiallarına görə qurulmalıdır. Türkiyə ilə bu mövzuda əməkdaşlığa ehtiyac olduğunu bəyan etdi.
Qarabağ müharibəsi haqqında məlumatların dərsliklərə salınması ilə bağlı işlər görüldüyünü söyləyən dövlət başçısı bu mövzunun Türkiyədəki tarix kitablarına salınması haqqında da müzakirələr apardı. “Tarixə yazılan Qarabağ Zəfərinin qəlbimizdəki sevinci ilə buradayıq. Bu, küçələrə çıxan bütün türk vətəndaşlarının son dövrlərdə yaşadığı ən böyük sevincdir və biz çox xoşbəxtik” fikirlərini səsləndirən Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk bizim əlaqələrimizin, münasibətimizin rəsmi münasibətdən də yüksək səviyyədə davam etdiyini, təhsil proqramları, təhsilin inkişafı, gələcəklə bağlı görüləcək işlərin uğurla davam etdiriləcəyinə əminlik yaratdı. Bütün bunlar bir daha onu sübut edir ki, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də səmərəli və fəal əməkdaşlığımız, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqeyimiz və fəaliyyətimiz bundan sonra da ölkələrimizdə elmin və təhsilin inkişafına, dostluq və qardaşlıq bağlarının daha da möhkəmlənməsinə xidmət edəcək.

Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin direktoru Şəfəq İbişova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki