“Tıxacdan qurtuluşun ən optimal variantı ictimai nəqliyyatdan daha böyük ölçüdə istifadə edilməsidir”.
Bunu Bizim.Media ilə söhbətində nəqliyyat üzrə ekspert Elməddin Muradlı söyləyib.
O əlavə edib ki, ictimai nəqliyyatda tıxacları azaltmaq üçün müxtəlif variantlara əl atılır:
“Onlardan biri də şəhərdə həftənin tək günlərində tək, cüt günlərdə isə cüt nömrəli avtomobillərin hərəkətinə icazənin verilməsidir. Bu layihə dünyanın bir çox meqapolislərində uğurla tətbiq edilib. Bizdə də bu sınaqdan keçirilə bilər. Lakin, bu layihə nə qədər uğurlu olsa da uzunmüddət üçün effektiv ola bilməz”.
Ekspertin fikrincə tıxaclara qarşı mübarizədə ən effektiv variant ictimai nəqliyyatdan istifadənin həcmini artırmaqdır:
“İnsanları ictimai nəqliyyatdan istifadəyə həvəsləndirə bilsək problem böyük ölçüdə öz həllini tapar. Çox təəssüf ki, müvafiq qurumların nəqliyyat sektorunda uzun müddət apardıqları yarıtmaz siyasət insanları avtomobilləşməyə sövq edib. İndi isə biz bunun tərsini etməliyik.
İnsanları ictimai nəqliyyata həvəsləndirməliyik. Bu bir reallıqdır ki, şəhərdə avtomobil idarə etməyin özü də bir problemdir. İnsanlar yavaş-yavaş avtomobldən qurtulmaq istəyir. Lakin, ictimai nəqliyyatın aşağı keyfiyyətli xidməti avtomobildən imtina etmək istəyən insanları tərəddüddə qoyur. Ona görə də həm ictimai nəqliyyat təşviq edilməlidir, həm də bu sahədəki xidmətin keyfiyyəti 180 dərəcə dəyişməlidir”.