Azərbaycanda mülkiyyətində və ya istifadəsində torpaq sahəsi olan fiziki və hüquqi şəxslər torpaq vergisi ödəməlidir. Verginin məbləği torpağın təyinatından, yerləşdiyi ərazidən və müəyyən hallarda keyfiyyət göstəricilərindən asılı olaraq dəyişir.
Vergi Məcəlləsinin müvafiq müddəalarına əsasən, Azərbaycan ərazisində mülkiyyətində torpaq sahəsi olan, eləcə də torpaqdan icarə və ya digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.
Torpaq vergisi kimdən tutulur?
Torpaq vergisinin ödəyicilərinə yalnız torpağın sahibi olan şəxslər deyil, müəyyən hallarda həmin torpaqdan icarə və ya digər hüquqi əsaslarla istifadə edən şəxslər də daxildir.
Yəni vətəndaşın torpaq sahəsi onun mülkiyyətindədirsə, həmin sahə vergi tutulan obyekt hesab olunur. Eyni zamanda dövlət və ya bələdiyyə torpağından icarə əsasında istifadə edən şəxslər də qanunvericilikdə nəzərdə tutulan qaydada torpaq vergisi ödəməlidirlər.
Torpaq vergisi torpaq sahəsinin özünə görə hesablanır. Burada əsas meyar torpağın sahəsi və qanunvericiliklə müəyyən edilmiş vergi dərəcəsidir.
Kənd təsərrüfatı torpaqları üçün vergi necə hesablanır?
Kənd təsərrüfatı torpaqları üzrə ümumi qaydada vergi hər 100 kvadratmetr üçün 2 manat müəyyən edilir.
Lakin kənd təsərrüfatı torpaqlarının hamısı üçün eyni hesablama mexanizmi tətbiq edilmir. Müəyyən torpaqlar üzrə verginin hesablanmasında şərti ballardan istifadə olunur. Bu zaman torpağın təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınır.
Bu o deməkdir ki, kənd təsərrüfatı torpaqlarının vergi yükü yalnız sahənin ölçüsü ilə deyil, qanunvericilikdə nəzərdə tutulan digər göstəricilərlə də əlaqəli ola bilər.
Hansı torpaqlara görə vergi ödənilmir?
Qanunvericilikdə torpaq vergisindən azad edilən torpaq sahələri də müəyyənləşdirilib.
Belə torpaqlara yaşayış məntəqələrinin ümumi istifadəsində olan torpaqlar, dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının müəyyən istifadəsində olan torpaqlar daxildir.
Bundan başqa, fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, həmçinin Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunun altındakı torpaqlar torpaq vergisinə cəlb edilmir.
Dövlət sərhədləri və müdafiə təyinatlı torpaqlar da vergidən azaddır.
Sahibkarlar üçün hansı güzəştlər var?
Vergi Məcəlləsində müəyyən sahibkarlıq subyektləri və layihələr üçün torpaq vergisi üzrə güzəştlər də nəzərdə tutulur.
Məsələn, sənaye və texnologiya parklarının rezidenti olan müəyyən hüquqi şəxslər və fərdi sahibkarlar həmin parklarda istifadə etdikləri torpaqlara görə müəyyən müddət ərzində torpaq vergisindən azad edilirlər.
KOB klasterlərinin reyestrinə daxil edilmiş şirkətlər üçün də KOB klaster fəaliyyəti çərçivəsində istifadə olunan torpaqlara görə vergi güzəşti tətbiq edilir.
Bundan başqa, sənaye parklarının və sənaye məhəllələrinin idarəedici təşkilatları və operatorları üçün də müvafiq torpaqlara görə vergi güzəştləri nəzərdə tutulur.
Qanunvericilikdə geoloji-kəşfiyyat işləri, müəyyən bərpa olunan enerji layihələri, kino istehsalı və digər fəaliyyət istiqamətləri ilə bağlı torpaq vergisi güzəştləri də müəyyən edilib.
Vergi nə vaxt hesablanır?
Fiziki şəxslər üçün torpaq vergisi hər il müvafiq qaydada hesablanır. Vergi orqanları tərəfindən torpaq vergisinin məbləği iyulun 1-dək müəyyən edilir və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq elektron qaydada şəxslərə çatdırılır.
Bu səbəbdən torpaq sahibi olan vətəndaşlar elektron sistemdə onlara göndərilən bildirişləri yoxlamalı və hesablanmış verginin məbləğini vaxtında ödəməlidirlər.
Torpaq vergisi nə vaxt ödənilməlidir?
Fiziki şəxslər tərəfindən torpaq vergisinin ödənilməsi üçün qanunvericilikdə konkret müddətlər müəyyən edilib. Müəssisələr üzrə isə torpaq vergisi ilə bağlı cari ödənişlər 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq həyata keçirilməlidir.
Torpaq vergisinin hansı büdcəyə yönəldilməsi də vergi ödəyicisinin statusundan asılıdır. Müəssisələr və qanunvericilikdə göstərilən müəyyən kateqoriyaya aid fiziki şəxslər üzrə torpaq vergisi dövlət büdcəsinə, digər fiziki şəxslər üzrə hesablanan torpaq vergisi isə yerli büdcəyə – bələdiyyə büdcəsinə ödənilir.
Beləliklə, torpaq sahəsinə sahib olmaq və ya torpaqdan istifadə etmək yalnız mülkiyyət və istifadə hüququ deyil, eyni zamanda qanunvericilikdə nəzərdə tutulan vergi öhdəliyi də yarada bilər. Bununla yanaşı, torpağın təyinatından və istifadə formasından asılı olaraq həm vergi dərəcələri, həm də güzəştlər dəyişir.qaynarinfo.az
|
Yaşayış məntəqələri |
Sənaye, tikinti, enerji, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) |
Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla) |
||
|
10000 m²- dəq olduqda |
10000 m²-dən yuxarı olan hissə üçün |
10000 m²- dəq olduqda |
10000 m² – dən yuxarı olan hissə üçün |
|
|
Bakı şəhəri, onun qəsəbəsi və kəndləri |
10 |
20 |
0,6 |
1,2 |
|
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbəsi və kəndləri |
8 |
16 |
0,5 |
1,0 |
|
Digər şəhərlər və rayon mərkəzləri |
4 |
8 |
0,3 |
0,6 |
|
Rayon tabeliyində olan kəndlər, qəsəbələr və kəndlər |
2 |
4 |
0,1 |
0,2 |


























