ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirəcəyi görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.
Reuters agentliyinin yüksək vəzifəli ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, Tramp iyulun 8-də Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Zelenski ilə görüşəcək. Bildirilir ki, ABŞ lideri bu görüşdən sonra Putinlə müzakirələrini davam etdirməyi nəzərdə tutur.
ABŞ rəsmisinin sözlərinə görə, Trampın Zelenski ilə əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsinin dayandırılması olacaq.
“Prezident müharibəyə son qoyulmasını çox təcili məsələ hesab edir və bu istiqamətdə səylərini davam etdirir”, – deyə mənbə bildirib.
Ağ Evin mətbuat katibinin müavini Anna Kelli də açıqlamasında bildirib ki, Donald Tramp NATO sammitində iştirak etmək üçün iyulun 7-də Türkiyəyə səfər edəcək.
Onun sözlərinə görə, ABŞ Prezidenti sammit çərçivəsində Suriya Prezidenti Əhməd əl-Şara ilə görüşəcək. Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə də ikitərəfli görüş keçirməsi planlaşdırılır.
Qeyd edək ki, Donald Tramp və Volodimir Zelenski arasında son şəxsi görüş iyunun 16-da Fransada keçirilən G7 sammiti çərçivəsində baş tutmuşdu.


























