image-imagesbackend

Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir.

image-reklam_sirab_01

Müstəqilliyimizin ilk illərində qardaş ölkə Türkiyə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda respublikamızın səylərini daim dəstəkləməklə, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmişdir. Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etdi. Azərbaycan Prezidenti kimi Heydər Əliyevin Türkiyəyə 1994-cü il fevralın 4-dən 11-dək davam edən ilk rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına yeni təkan verdi. Səfər zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə və digər məsələlər haqqında 16 mühüm sənəd imzalandı. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin xarici neft şirkətlərinin konsorsiumunda “Türk petrolları” şirkətinin təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının ilk əsas təzahürü idi.
İki dövlət rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə zəmin yaratdı. Belə ki, 1995-ci il dekabrın 7-9-da Türkiyə Prezidenti S.Dəmirəlin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış Birgə Bəyanatda beynəlxalq əlaqələrdə BMT-nin rolunun gücləndirilməsinin, regiondakı münaqişənin aradan qaldırılmasının və qlobal problemlərin həlli yollarının araşdırılmasına daha fəal təsir göstərməsinin vacibliyi vurğulanmaqla yanaşı, bir daha Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbi öz əksini tapdı. Bundan əlavə, iqtisadi əməkdaşlıq haqqında memorandum dostluq münasibətlərini müəyyənləşdirən prinsiplərin və əlaqələrin inkişaf istiqamətlərinin sarsılmaz olduğunu bir daha təsdiq etdi. 1996-cı il aprelin 14-15-də Türkiyə Respublikasının Baş Naziri M.Yılmazın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı “Azərbaycan-Türkiyə birgə bəyanatı” imzalandı. Bununla yanaşı,
Avropa ilə Şərq ökələri arasında nəqliyyat kommunikasiya əlaqələrinin yaradılması sahəsində mühüm əhəmiyyət kəsb edən “Avropa-Qafqaz-Asiya Transqafqaz” nəqliyyat dəhlizi (TRASEKA) proqramının dəstəyi ilə 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın iştirakı ilə tarixi “Böyük İpək Yolu”nun bərpasına dair Bakıda keçirilmiş beynəlxalq konfrans Azərbaycanla-Türkiyə arasında strateji tərəfdaşlığın genişlənməsinə yeni stimul verdi. Bu layihə ilə yanaşı, digər iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar, xüsusilə Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan-Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsinə xidmət edir. Azərbaycanın neft strategiyasının həyata keçirilməsi regional sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir. Xəzər regionunda fəal mövqeyi ilə seçilən və Azərbaycanın bütün məsələlər üzrə müttəfiqi hesab edilən Türkiyə dövləti əsas diqqətini respublikamızın neft ehtiyatlarının xarici bazarlara marşrutu üzərinə cəmləşdirmişdir. Bu məqsədlə də Türkiyə hökuməti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri marşrutunu irəli sürmüş və kəmərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra təkliflərlə çıxış etmişdir.
Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Bu günədək “bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynadığını bildirərək qeyd etmişdir ki, “Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur. Son iyirmi ilə yaxın müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gözəl ənənələr davam edir və bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir”

 

Abasov Orxan
Nəsimi rayon gənci

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki