image-50backend

Türkiyə və Azərbaycan deputatlarının görüşü olub

image-reklam_sirab_01

Noyabrın 11-də Milli Məclisdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Türkiyə Böyük Millət Məclisində Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

 

Qardaş ölkənin millət vəkillərini səmimiyyətlə salamlayan Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov bildirib ki, bu səfər ölkəmiz üçün çox əlamətdar dövrə – 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbənin birinci ildönümünə, Zəfər bayramını qeyd etdiyimiz tarixi günlərə təsadüf edir. Qeyd edib ki, ötən payız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan əks-hücum əməliyyatı nəticəsində Ermənistanın 30 illik işğalına son qoyuldu, torpaqlarımız azad olundu. O çətin günlərdə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə Cümhuriyyəti və xalqı daim Azərbaycanın yanında oldu, ölkəmizə və xalqımıza mənəvi-siyasi dəstək verdi.

Parlamentlərarası əlaqələrimiz də o çətin günlərin sınağından çıxdı, daha da möhkəmləndi. İşçi qrupun rəhbəri vurğulayıb ki, xalqımız qardaş Türkiyənin bu dəstəyini heç zaman unutmayacaq.

Əhliman Əmiraslanov hazırda işğaldan azad olunmuş torpaqlarda gedən bərpa və quruculuq işlərində də Türkiyə şirkətlərinin yaxından iştirak etdiyini məmnunluqla qeyd edib.

Görüşdə Azərbaycana münasibətdə “bir millət, iki dövlət” məntiqi ilə hərəkət etdiklərini bildirən nümayəndə heyətinin başçısı, TBMM-də Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı Zəfərdən iftixar duyduqlarını diqqətə çatdırıb. Azərbaycan xalqının və Ordusunun Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək tarixi Qələbəyə nail olduğunu qeyd edib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib, onların valideynlərinə ehtiramını bildirib.

Şamil Ayrım məcburi köçkünlərin öz doğma el-obalarına dönməsi üçün Azərbaycan dövlətinin atdığı növbəti addımları – ermənilərin viran qoyduğu, minaladığı Qarabağda aparılan bərpa və quruculuq işlərini təqdir etdiklərini bildirib. Perspektivdə Türkiyə-Azərbaycan münasibətlərinin daim yüksələn xətlə inkişaf edəcəyinə inamını ifadə edib.
Görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Nəsib Məhəməliyev, Sabir Rüstəmxanlı, Məlahət İbrahimqızı dostluq və əməkdaşlığa dair fikirlərini bölüşüblər. Əminlik ifadə ediblər ki, qardaş Türkiyənin dünyada önəmi getdikcə artacaq.

Sonra Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Yaşar Tüzün, Aylin Cesur, Orhan Erdem, Yılmaz Tunç, Tülay Kaynarca və Yunus Kılıç çıxış edərək Azərbaycanda baş verənləri, xüsusilə 44 günlük Vətən müharibəsinin hər anını həyəcanla izlədiklərini, Zəfərin sevincini hələ də yaşadıqlarını bildiriblər. Xalqlarımızı və parlamentarları sarsılmaz dostluq tellərinin bağladığını vurğulayıblar.

Söhbət zamanı parlamentlərimiz arasında əməkdaşlıq əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Səttar Möhbalıyev, Ramin Məmmədov, Madər Musayev, Ağalar Vəliyev iştirak ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki