image-turkpa_backend

TürkPA-nın Çolpon-Ata toplantısı yüksək dəyərləndirilir – VİDEO

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi, iyunun 24-də Qırğzıstanın Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) XI plenar iclası keçirilib.

Qırğızıstan Cogorku Keneşinin torağası Talant Mamıtov, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin başqanı Mustafa Şentop iclasda iştirak edib. Eyni zamanda iclasda müşahidəçi qismində Macarıstan Milli Assambleyasının vitse-spikeri Şandor Lejak, fəxri qonaqlar – Özbəkistan Ali Məclisi Senatının sədri Tanzila Narbayeva və Türkmənistan Maslahatı Milli Gengeşinin sədr müavini Qasımqulı Babayev iştirak ediblər.

Plenar iclasda tərəflər Hüquq məsələləri və beynəlxalq münasibətlər Komissiyasının, Sosial, mədəni və humanitar məsələlər üzrə Komissiyanın, İqtisadi əməkdaşlıq Komissiyasının və Ətraf mühit, təbii sərvətlər və sağlamlıq Komissiyasının məruzələrini dinləyib, tövsiyələrinə baxıblar.

2021-ci ilin oktyabrında Özbəkistanda keçirilmiş prezident seçkilərinin və 2021-ci ilin noyabrında Qırğızıstanda keçirilmiş parlament seçkilərinin nəticələrinə dair TürkPA müşahidə missiyalarının yekun hesabatları da dinlənilib.

Bundan başqa, TürkPA-nın XI plenar iclasının iştirakçıları sosial sahibkarlığın inkişafı haqqında nümunəvi qanun layihəsinə baxaraq təsdiq ediblər, komissiyaların sədrləri və sədr müavinlərini, baş katibin müavinlərini seçiblər.

Tərəflər TürkPA-nın 2023-cü il büdcəsinə baxıblar. Təşkilatın növbəti – XII plenar iclasının 2023-cü ildə İstanbulda (Türkiyə) keçirilməsi barədə qərar qəbul edilib.

Tədbirin yekunu olaraq Türkdilli Ölkələrin Parlament Assambleyasının XI plenar iclasının Çolpon-Ata Bəyannaməsi də qəbul edilib.

Eyni zamanda Türkdilli Ölkələrin Parlament Assambleyasının adının Türk Dövlətləri Parlament Assambleyası kimi dəyişdirilməsi haqqında sənədin imzalanması mərasimi də olub.

TürkPA-nın XI plenar iclasının iştirakçıları mətbuata bəyanatlarla çıxış ediblər. Coqorku Keneşin torağası bəyan edib ki, TürkPA-nın əsas məqsədi türk xalqlarının bir-birinə yaxınlaşması və sıx əməkdaşlığıdır. “Əminəm ki, Türkdilli Dövlətlərin Parlament Assambleyasına üzv dövlətlərin parlamentləri türk xalqlarının birliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək”, – deyə T.Mamıtov bildirib.

***

Türkiyə, Qazaxıstan, Azərbaycan parlament nümayəndə heyətlərinin rəhbərləri çıxışlarında Çolpon-Atada TürkPA-nın uğurlu və səmərəli fəaliyyətini qeyd ediblər.

***
TürkPA-nın XI plenar iclasının iştirakçıları olan Azərbaycan Milli Məclisinin üzvləri fikirlərini paylaşıblar.

Əhliman Əmiraslanov: Əvvəlcə onu deyim ki, bu plenar toplantı əvvəlkilərdən fərqlənir. Birincisi ondan ibarətdir ki, təşkilatın adı dəyişdirildi; ikincisi, iştirakçı dövlətlərin sayı artdı; üçüncüsü, mənim TürkPA-da rəhbərlik etdiyim Ətraf mühit və təbii ehtiyatlar Komissiyası ilk dəfədir plenar toplantıda iştirak edir. Baxmayaraq ki, plenar toplantılararası komissiyaların iclasları, seminarları, tədbirləri keçirilir və çox əhəmiyyətli müzakirələr aparılır. Çıxışımda da qeyd etdiyim kimi, bundan sonra TürkPA üzv dövlətləri səhiyyə sistemlərinin bir-birinə yaxınlaşdırılması, müştərək tədbirlərin həyata keçirilməsi, əməkdaşlığın gücləndirilməsini əks etdirən təklif-hesabatım qəbul edildi. Bu məsələlər təbii ki, böyük əhəmiyyət kəsb edir. TürkPA-nın XI plenar toplantısının uğurlu keçdiyini və türk dünyası üçün çox mühüm qərarlar qəbul etdiyini deyə bilərəm.

Nizami Cəfərov
Nizami Cəfərov

Nizami Cəfərov:

Mənim də təəssüratım böyükdür. “Türkdilli” kəlməsinin dəyişdirilərək “Türk Dövlətləri” adı ilə əvəz edilməsi çox yerində oldu. Bundan sonra TürkPA artıq Türk Dövlətləri Parlament Assambleyası olaraq siyasi statusa malik bir təşkilat kimi fəaliyyət göstərəcək. Əslində, bu, birliyimiz üçün məqsəd və amalında heç bir dəyişikliyə səbəb olmayacaq, yalnız “dil” sözünü “dövlət”lə əvəz etməyimizlə sıralarımızı daha da genişləndirmiş olacağıq. Plenar toplantıda müzakirəyə çıxarılan məsələlər, o cümlədən mənim məruzə elədiyim “Türk dövlətlərində sahibkarlığın inkişafına dəstək” mövzusu daxil olmaqla, məqbul hesab edildi. Onu qeyd etmək istərdim ki, əl-ələ verib birliyimizi daha da möhkəmləndirməliyik.

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

Hikmət Babaoğlu: TürkPA-nın hər bir toplantısı özü-özlüyündə əlamətdar hadisəyə çevrilir. Çünki üzv ölkələrin qarşılıqlı inteqrasiyası, mədəni mübadilə proseslərinin həyata keçirilməsi, digər məsələlərlə bağlı model qanunların qəbulu, eyni zamanda post-pandemiya dönəmində inteqrasiyanın, mədəni, humanitar, elm, təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün çox aktual məsələlər müzakitə olunur. Əlbəttə, Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən TürkPA-nın XI plenar iclası da tarixdə çox mühüm bir hadisə kimi qalacaqdır. Hər şeydən öncə TürkPA günümüzədək fəaliyyətində öz yüksək dəyərini, qiymətini aldı. Toplantıda həlli vacib sayılan məsələlər qaldırıldı. O cümlədən də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova başda olmaqla, nümayəndə heyətimizin üzvlərinin təklifləri və məruzələri müsbət qəbul olundu. Təbii ki, qənaətbəxş sayılan bütün məruzələr önümüzdəki fəaliyyət dönəmində üzv dövlətlərə yardımçı olacaq. TürkPA toplantısının çox yüksək səviyyədə keçdiyini deyə bilərəm.

Cavanşir Feyziyev
Cavanşir Feyziyev

Cavanşir Feyziyev:

TürkPA təşkilatını mən dövlətlərimiz və xalqlarımız arasında elçi adlandırardım. TürkPA nümayəndə heyətinin tərkibində olmaqla fəxr edirəm. Qeyd olunduğu kimi, XI toplantının gündəliyi daha dolğun, daha çox əhəmiyyət kəsb edən məsələlərlə zəngindir. Müzakirə olunan məsələlərdən biri – təşkilatın adının dəyişdirilməsi ən önəmliydi. Həm də çox sevinirəm ki, bu adın dəyişdirilməsi ilə bağlı bir həftə öncə Hüquq komissiyasının iclasında təkliflə çıxış etmişdim. Deməli, zamanın zəruriliyindən irəli gələn bu zərurət TürkPA plenar iclasında qəbul olundu. Necə ki, keçən il Türk Dövlətləri Təşkilatı adı öz yerini tapdı, bu gün də Türk Dövlətləri Parlament Assambleyası adı Türk tarixinə keçdi. Üzvləri xalqlarımızın seçdiyi təmsilçilərdən ibarək olan TürkPA təşkilatımızın sırasına Özbəkistan, Macarıstan, Türkmənistan dövlətlərinin qatılması sayəsində daha böyük imkan və fürsətlər əldə ediləcəyinə inanıram.

Günay Əfəndiyeva
Günay Əfəndiyeva

Günay Əfəndiyeva (Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti): Mən hardasa 4-cü dəfədir ki, Qırğızıstandayam. Bu dəfə çox mühüm bir toplantının iştirakçısıyam. Təbii ki, qardaş təşkilatlar kimi günümüzə qədər dəstəyimizi TürkPA-dan əsirgəmədik. Bu gün də dəstək və birgə olma amacı ilə Qırğızıstanın incisi sayılan İssık Gölün sahilində tarixi, qədim Çolpon-Ata şəhərindəyik. Mənən və ruhən qürur hissi keçirirəm. Bu gün yumruq halındayıq. TürkPA da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondumuzun bütün tədbirlərində iştirakı ilə bizə həmişə dəstəyini nümayiş etdirib. Plenar iclasda müzakirə olunan məsələlərdə təbii ki, türk mədəniyyəti və irsi ilə bağlı təkliflər də səsləndi. Parlament diplomatiyası yolu ilə türk dünyasının ümumi birliyi üçün mühüm qərarlar qəbul edildi. Mədəniyyət diplomatiyası ilə bizim qurumumuzun da ortaya qoyduğu vacib məsələləri birgə həyata keçirsək, çox böyük nailiyyətlər əldə edə bilərik. Gələcək uğurlarımız üçün indidən zəmin yaradılması fürsətini qaçırmamalıyıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image