image-turkpabackend

TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının növbəti iclası gələn il Türkiyədə keçiriləcək

image-reklam_sirab_01

İyunun 9-da Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının videokonfrans formatında 9-cu iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın TÜRKPA-da təmsil olunan nümayəndə heyətlərinin üzvləri iştirak ediblər. Azərbaycan konfransda Milli Məclisin deputatları Cavanşir Feyziyev və Məlahət İbrahimqızı ilə təmsil olunub.

Komissiyanın sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Erol Kayanın sədrliyi ilə keçən iclas “Xarici siyasət əməkdaşlığında parlamentlərin rolu” mövzusuna həsr olunub.

Toplantıda əvvəlcə qeyd olunan mövzuya dair hesabat məruzəsinin layihəsi dinlənilib. Məruzəni komissiyanın sədr müavini Sauıtbek Abdraxmanov (Qazaxıstan) təqdim edib. Komissiya üzvləri hesabat məruzəsini və tövsiyə qərarını TÜRKPA-nın növbəti plenar iclasında baxılması üçün təsdiq ediblər.

Daha sonra iclas iştirakçılarına 2023-2028-ci illər üçün komissiyanın növbəti iclaslarının mövzuları və müzakirə olunacaq model qanunlar haqqında məlumat verilib.

Bildirilib ki, növbəti illər ərzində komissiyada TÜRKPA-nın 15-ci ildönümü ilə əlaqədar üzv dövlətlər arasında əməkdaşlıq, regional əməkdaşlığın gücləndirilməsində yerli hökumətlərin rolu, üzv dövlətlərdə Ombudsman təsisatları, Elmi və texnoloji inkişafda parlamentlərin rolu və bir sıra digər mövzularda müzakirələr aparılacaq. Bununla yanaşı, komissiyada İnformasiya təhlükəsizliyi, Əqli mülkiyyət hüquqlarının müdafiəsi, Ticarət sirrinin rəqəmsal mühafizəsi, TÜRKPA-ya üzv dövlətlərdə ali təhsil diplomlarının qarşılıqlı tanınması, yaşayış icazəsinin asanlaşdırılması haqqında model qanun layihələrinin hazırlanması nəzərdə tutulub.

İclasda, həmçinin TÜRKPA tərəfindən təqdim olunan medalların adlarının dəyişdirilməsi ilə bağlı məsələyə baxılıb.

Müzakirələr zamanı Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Cavanşir Feyziyev çıxış edərək komissiyanın gələcək fəaliyyəti barədə öz fikirlərini bildiriblər, təkliflərini səsləndiriblər.

Tədbirin sonunda Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının növbəti iclasının yeri, tarixi və gündəliyi müəyyən edilib. Növbəti iclasın 2023-cü il fevral ayında Türkiyədə keçirilməsi qərara alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image