“2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilsin.”
2024-cü ilin son sərəncamlarından olan bu cümlə üzümüzə gələn 2025-ci ilin ugurları üçün stimul verir. Artıq gələn ilimizin strukturu bəlli olmağa başlayır.
Sərəncam 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalanıb.
Bu sərəncam Azərbaycan Respublikası Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunun isbatı kimi gələcəyə doğru inamla irəliləməyi məqsəd tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini davam etdirmək amalı daşıyır.
Ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi bilinən, dövlətin siyasi və hüquqi xüsusiyyətidir suverenlik. Azərbaycan xalqı üçün müstəqil dövlətə sahib olmaq, bu dövlətin vətəndaşı ola bilmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində keçdiyi bütün sınaqlardan, savaşlardan yara alsa da, ayağa qalxan, bütün çətinliklərə baxmayaraq müstəqillik, dövlətçilik əzmi sarsılmayan xalqın ili elan olunub.
1991-ci ildən bəri müstəqilliyini elan edən, dövlət suverenliyi üçün hər şeyi gözə alan xalqın suverenliyi həm hakimiyyətin ali xüsusiyyətini, həm də millətimizin mənəvi qürurunu ifadə edir.
Azərbaycan dövləti müstəqilliyinin bütün atributlarını təmin edərək güclü ordu və qalib sərkərdəsi ilə möhtəşəm Zəfər sayəsində suverenliyini tam təmin etdi. Şanlı Dövlət Bayrağımız artıq bütöv vətəndə dalğalanır.
Ən gözəl vətəndir suveren olan. Ən rahat vətəndir müstəqil olan. Ən təhlükəsiz vətəndir azad olan. Və ən əzəmətli vətəndir qalib olan…
Dövlətimizin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını müəyyən edən, vətəndaşlarının hüquq və azadlıqlarını təmin edən konstitusiyamızın ilidir bu il.
Beynəlxalq hüquqda ali hakimiyyəti təmsil etməyimizin, daxili və xarici siyasətdə müstəqilliyimizin, kimsədən asılı olmadığımızın—Suverenliyimizin ilidir bu il.
Ali Baş Komandanımız başda olmaqla bütün Azərbaycana xeyirli-uğurlu və düşərli olsun.
Gülər Mübariz