image-1backend

Vətən Müharibəsi şəhidləri yad edildi-FOTOLAR

image-reklam_sirab_01

Vətən Müharibəsinin şəhidləri yad edilib. Vətəninfo.az xəbər verir ki, 27 sentyabr Anım Günü və tarixi zəfərimizlə başa çatan ikinci Qarabağ Müharibəsinin 4-cü ildönümü münasibətilə  Kəngərli rayon Qıvraq Cəmiyyəti Bakıda İkinci Şəhidlər Xiyabanında anım tədbiri keçirib. Tədbirdə Cəmiyyət üzvləri, şəhid ailələri, veteranlar, məktəblilər, ictimaiət nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə həm birinci, həm də ikinci Qarabağ savaşında həlak olan şəhidlərimizin məzarlarını ziyarət edərək, əklil və çiçəklər qoyublar, ruhlarına dualar oxuyublar.
İkinci Şəhidlər xiyabanındakı mərasim zalında davam edən tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycanın Milli Qəhrəmanı şəhid general-mayor Polad Həşimov adına 28 nömrəli məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, həmçinin Qıvraq Cəmiyyətin fəal üzvlərindən olan ehtiyyatda olan polkovnik-leytenant Namiq Heydərov tədbiri açıq elan edərək birinci və ikinci Qarabağ müharibələri haqqında geniş məlumat verib. Bu döyüşlərdə torpaqlarımızın azadlığı uğrunda canından keçən Kəngərli rayon Qıvraq qəsəbəsinin igid oğullarının həyatından və döyüş yolundan danışıb. Qeyd edib ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Azərbaycan Respublikasının Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev çıxış edərək şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçirilən belə mötəbər tədbirdə iştirak etməkdən qürurlandığını qeyd edərək, tədbirin təşkilinə görə Qıvraq Cəmiyyətinə dərin minnətdarlığını bildirib. Vurğulayıb ki, şəhidlər ölmürlər, onların ruhları daim yaşayırlar, şəhidlərimiz unudulanda ölürlər. Qəhrəman oğullarımızın xatirəsinin yaşadılması, əbədiləşdirilməsi istiqamətində tədbirlər keçirmək, təbliğat işləri aparamaq hər bir azərbaycanlının mənəvi borcu olduğunu bildirib. Daha sonra Qıvraq Cəmiyyətinin sədri birinci Qarabağ müharibəsi veteranı ehtiyyatda olan polkovnik-leytenant Məhəmməd Möhbalıyevə və cəmiyyətin bir neçə fəal üzvünə Azərbaycan Respublikasının Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin xüsusi döş nişanını təqdim edib.
Sonra şəhid valideynləri və digər qonaqlar çıxış edərək Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolunun gənclərimizə örnək olduğunu vurğulayıblar. Bildiriblər ki, Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın, onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur. Dövlətimizin tərəfindən şəhid ailələrinə, yaralılara göstərilən yüksək diqqət və qayğıya görə Prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda çıxış edən Qıvraq Cəmiyyətinin sədri Məhəmməd Möhbalıyev bu mötəbər tədbirin ərsəyə gəlməsində zəhməti keçən bütün cəmiyyət üzvlərinə təşəkkürünü çatdırıb. Vurğulayıb ki, həmkətlilərimiz Əhməd, Sədi, Fuad, Arif, Röyal, Fərid və digərləri kimi minlərlə igid oğullarımız qəhrəmanlıq salnamələri yazaraq, müstəqilliyimizi, ərazi bütövlüyümüzü təmin edib, xalqımıza qələbə sevincləri yaşadıblar. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Bütün zirvələrdən uca olan şəhidlik vətənpərvərliyin ən ali məqamıdır. Bu ucalığa yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnəkdir.

Rəşadətli ordumuzun Böyük Qələbə qazanmasından artıq dörd il keçir. O tarixi günlərdən neçə illər keçsədə yaşananlar unudulmur. Qədirbilən xalqımız nə o günləri, nə də o tarixi günləri yaşadan qəhrəmanlarını unutmur. O müqəddəs yolda canından keçən oğullarımızın xatirəsini hər zaman yad edirlər. Şəhidlərimizin məzarları, şəhid ocaqları xalqın ziyarətgahına çevrilib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra mərasim evində Qıvraq Cəmiyyəti adından ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhuna ehsan verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image