image-img-20210607-wa0004backend

Xatirələrdə yaşayan insan– Kamil İbrahimov

image-reklam_sirab_01

2021-ci il aprelin15-də yayılmış acı bir xəbər –Kamil İbrahimovun haqq dünyasına köçməsi respublikanın ictimaiyyətini sarsıtdı. Bu xəbərə heç kim inanmaq istəmədi, heç kim barışmaq istəmədi, razılaşmadı bu cür qəfil itkilə… Çünki Azərbaycan elmi, mədəniyyəti, təhsili ilə dəyərli bir ziyalısını itirdi. Azərbaycanımızın milli sərvətinin bir hissəsi idi Kamil İbrahimov və bu ziyanı o, genlərində daşıyırıdı. Kamil İbrahimov bütün varlığı ilə ziya işığını daşıyırdı. Bu ziya ona irsən keçmişdi. Azərbaycanın görkəmli arxeoloqu, Bakı şəhəri tarixinin tədqiqatçısı, Bakı arxeoloji ekspedisiyasının sabiq rəisi arxeoloq, professor Fərhad İbrahimovun oğlu idi Kamil İbrahimov və ziyalılığı öz genlərində, qanında, ürəyində, beynində daşımışdı, əks təqdirdə o, gənc yaşlarından tarix elminə varlığı ilə, qəlbi ilə bağlanmaz, elm onun həyatının önəmli bir hissəsinə çevrilməzdi.
Mədəni insan, səmimi dost, zəhmətkeş alim, sevimli müəllim obrazı ilə xatirələrdə yaşayan Kamil Fərhad oğlu İbrahimov 1962-ci ildə Bakı şəhərində anadan olmuş, tələbəlik illərindən öz həyatını Bakı şəhərinin sirlərinin öyrənilməsinə həsr etmişdir. Əmək fəaliyyətinə Şirvanşahlar Sarayı Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyinin arxeoloji fondundan başlayan Kamil İbrahimov 1988-ci ildən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutun “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi” şöbəsində böyuk elmi işçi, daha sonra həmin İnstitutun “Azərbaycanın ilk orta əsrlər arxeologiyası” şöbəsində baş elmi işçi vəzifəsində çalışmış, Bakı, Şamaxı, Gəncə, Şabran, Yenikənd və digər arxeoloji ekspedisiyalarda fəaliyyət göstərmiş, 2001-2007-ci illər ərzində isə Bakı arxeoloji ekspedisiyasına rəhbərlik etmişdir. O, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Qala Tarix-Etnoqrafiya Qoruğu ilə iş şöbəsi”nin “Mədəni irsin tədqiqi sektoru”nun müdiri, həmçinin “Qala Tarix-Etnoqrafiya Qoruğu”-nda direktor müavini vəzifələrində də çalışmışdır. AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi” şöbəsinin böyük elmi işçisi kimi fəaliyyətgöstərmiş, BDU-nun Tarix fakultəsinin arxeologiya və etnoqrafiya kafedrasının müəllimi olaraq “Qafqaz arxeologiyası”, “Arxeologiyanın əsasları”, “Çöl arxeologiyası” kimi fənləri tədris edərək, gənc nəslə əldə etdikləri bilikləri çatdra bilmişdir.
2003-cü ildə “Bakı IX-XV əsrlərdə” mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 2006-cı ildə isə “Bakı – İçərişəhər” adlı 2 cildlik monoqrafiyasını çap etdirmişdir. Bakı şəhərinin tarixi-arxeoloji tədqiqinə həsr olunmuş onlarla məqaləsi işıq üzü görmüşdür. Bakı şəhərinin tədqiqatçısı olaraq Azərbaycanı bir çox Beynəlxalq konfranslarda, simpoziumlarda, qurultaylarda və elmi görüşlərdə təmsil etməsi onu beynəlxalq elmi dairələrə tanıtmışdır. Unudulmaz ziyalının elmi və pedaqoji fəaliyyəti təkcə respulikamızla çərçivələnmirdi, o, xarici ölkələrdə beynəlxalq arxeoloji ekspedisiyaların tərkibində iştirak etmiş, Türkiyə Universitetlərində “Kiçik Asiyada mifologiya tarixindən” mövzusunda mühazirələr oxumuş, Azərbaycan tarix elminə dəyərli töhfələr vermişdir. Bu nailiyyətlərinə görə Kamil İbrahimov Azərbaycanın, eləcə də bir çox xarici dövlətlərin, universitetlərin diplomları, fəxri fərmanları, mükafatları ilə təltif olunmuşdur. 10 kitab və100-dən çox məqaləmüəllifi olan Kamil İbrahimov 12 elmi araşdırma kitabının redaktoru olmuşdur. Əməksevər ziyalı 2018-ci ildə Əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.

image-img-20210607-wa0003
Ziya işığını daşıyan ziyalı yalnız eldən getmir, yarımçıq kitablar, başa çatmamş araşdırmalar qoyub getmir… Qayğıkeş ailə başçısı olmuş Kamil İbrahimöv gözəl xanımını, mehriban övladlarını, gülüzlü nəvəsini qoyub getmiş və onlar bu vaxtsız ayrılığın həqiqət olduğuna inanmaq məcburiyyətində qalmışlar.
Kamil İbrahimovun həyatının səhifələrindən biri də onun tələbəlik illəridir. Bu kiçik xatirəni oxucu dairələrinin diqqətinə çatdıran 1980-1986-cı llər Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin TOZ-8, TOZ-12 potoku Kamil xatirəsini ehtiramla anır və bildirir ki,onun itkisi, “Covid-19” bəlasına qalib gələ bilməməsi bizi sarsıdıb. Gənclik kitabımızın səhifələrindən birinində vaxtsız düşməsi varlığımızı incidib. Kamil İbrahimovun ölümü tələbəlik kitabımızda zamanla yaranmış böşluğu artırdı. İyunun 8-də 59 yaşını bitirəcəkdi tələbə yoldaşımız. Lakin amansz ölüm onun həyat yolunu durdurdu. Biz gözəl, səmimi, kamil bir insanı itirdik. Lakin onun işıqlı siması xatirələrimizdə qalacaq, qəlbimizdə yaşayacaqdır.

1980 – 1986-ci illər Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin TOZ-8, TOZ-12 potoku və Kamil İbrahimovun xatirəsini əziz tutanlar


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki