Məşhur ispaniyalı sabiq futbolçu Xavi sabiq komanda yoldaşı Lionel Messi haqqında yüksək fikirlər səsləndirib. Vətəninfo.az xəbər verir ki, o bu barədə The Athletic-ə müsahibəsində bildirib.
Xavi argentinalı ulduzun hələ də dünyanın ən yaxşı futbolçularından biri olduğunu vurğulayıb.
Xavi bildirib ki, bir çox futbolçu 2022-ci il dünya çempionluğundan sonra karyerasını başa vurardı, lakin Messi fərqli xarakterə malikdir:
“Başqası olsa, Dünya Kubokunu qazandıqdan sonra karyerasını bitirərdi. Amma Leo çox rəqabətcil insandır və yenidən qazana biləcəyinə inanır”.
İspaniyalı mütəxəssis Argentinanın növbəti böyük turnirlərdə də uğurlu çıxış edəcəyinə inandığını qeyd edib. Onun sözlərinə görə, bir çoxları Messinin fiziki baxımdan əvvəlki səviyyəsində olmadığını düşünsə də, futbolçu bunu yüksək mental hazırlıqla kompensasiya edir.
Xavi xüsusilə Messinin oyunu oxumaq bacarığını ön plana çıxarıb. O bildirib ki, argentinalı futbolçu daim ətrafı analiz edir, rəqiblərin və komanda yoldaşlarının mövqelərini izləyir və boşluqları digərlərindən daha tez görür.
“Leo həmişə ətrafına baxır, oyunu analiz edir və hər şeyi beynində saxlayır. Onun oyun oxuma qabiliyyəti birinci dərəcəlidir”, – deyə Xavi vurğulayıb.
Sabiq yarımmüdafiəçi qeyd edib ki, Messi meydanın istənilən mövqeyində yüksək səviyyədə çıxış edə biləcək nadir futbolçulardandır:
“Şişirtmirəm, o, mənim, Iniestanın, Busquetsin və ya Puyolun mövqeyində də oynaya bilərdi. Hər mövqedə ən yüksək səviyyəni göstərə bilirdi”.
Xavi Messini basketbol əfsanəsi Michael Jordan ilə müqayisə edərək onu “futbolun Michael Jordanı” adlandırıb.
“Futbolda onunla müqayisə edilə biləcək heç kim yoxdur. Uzunömürlülüyü sayəsində əvvəlki nəsillərin ən böyük futbolçularını da geridə qoyub. Son 20 ilin ən yaxşısıdır”, – deyə o bildirib.
Xavi sonda Messinin uğurunun əsas səbəbinin onun qalib mentaliteti olduğunu vurğulayıb:
“Onun mentaliteti möhtəşəmdir. Uduzmağa dözə bilmir. Leo ilə eyni dövrdə oynadığıma görə özümü xoşbəxt hesab edirəm. Onun kimi futbolçunu bir daha görəcəyimizi düşünmürəm”.


























