Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun və Yasamal Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Bakı Hərbi Kollecinin bir qrup şəxsi heyəti ilə görüş keçirildi.
Görüşdən öncə tədbir iştirakçıları tərəfindən Yasamal Rayon Heydər Əliyev Mərkəzinin muzey bölməsində yerləşən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
Görüşdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həsr olunmuş sənədli film nümayiş etdirildikdən sonra Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov görüşü giriş sözü ilə açıq elan etdi.
Görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov çıxış edərək qeyd etdi ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi, 30 illik işğala son qoydu. Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən aparılan düzgün və məqsədyönlü siyasət nəticəsində güclü ordu formalaşdı və döyüş meydanında Azərbaycan xalqının çoxəsrlik tarixində bənzəri olmayan parlaq qələbə əldə edildi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında parlaq qələbənin əldə edilməsində gənclərimizin danılmaz xidmətlərinin olduğu, minlərlə Azərbaycan gəncinin könüllü surətdə ordu sıralarına qoşulduğu və bir yumruq ətrafında birləşərək böyük zəfər sevincini xalqımıza yaşatdıqlarını qeyd etdi. Çıxışının sonunda Elşad Həsənov Bakı Hərbi Kollecin bir qrup şəxsi heyətinin simasında bütün hərbiçiləri təbrik edərək onlara Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.
Görüşdə Bakı Hərbi Kollecinin rəisi İntiqam Mirzəyev, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev və digər natiqlər çıxış edərək Silahlı Qüvvələr Günü münasibətilə iştirakçıları təbrik edərək onlara şərəfli xidmətlərində nailiyyətlər arzu etdilər.
Görüşdə Bakı Hərbi Kollecinin bir qrup şəxsi heyəti 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olundu.


























