image-ilhambackend

Yolum Keçir Qarabağdan!

image-reklam_sirab_01

Regionda yeni vəziyyət yaradan qalib Azərbaycan dünyaya özündən söz etdirməkdə davam edir. Hər gün yeni uğurlara imza atan, günü-gündən inkişaf edərək adının qüdrətli ölkələrlə yanaşı çəkilməsinə, bir çox ölkələrə nümunə göstərilməsinə nail olan ölkəmiz Ermənistanın siyasi və hərbi təxribatçı qüvvələri üzərində qələbəsinin ildönümünü qeyd etməyə hazırlaşır. Siyasi zəkası, dəmir iradəsi, uzaqgörən yanaşması ilə bir çox ölkə rəhbərlərinə nümunə olan liderimiz, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev Respublikaya hakimiyyəti dövründə elə bir qələbəni təmin etdi ki, Azərbaycan və dünya tarixinin 21-ci əsrinə aid olan səhifələrində onsuzda silinməz olan adını bir daha həkk etdirdi.
Bu qələbənin qazanılmasında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti də mühüm rol oynadı. Məhz bu iki liderin dövründə yetişən, rəhbərlərin uğurlu siyasətinin yetirməsi olan Azərbaycan gənci Qarabağ fatehinin dəmir yumruğu ətrafında toplanaraq Azərbaycan Silahlı Qüvvələrinin gücünə və əzəmətinə tamaşa etmək üçün bütün dünyanın diqqətini Cənubi Qafqazda cəmlədi.
Başçımız haqlı olaraq bu müharibəni Vətən Müharibəsi adlandıraraq haqq işi uğrunda mübarizə üçün xalqı bir olmağa, vahidliyə səslədi. Bu səsə 10 milyon ürək birgə haray verərkən dünyaya səpələnmiş milyonlarla yurddaşlarımız və hər daim yanımızda olan, sevinəndə bizimlə sevinib, kədərlənəndə bizimlə birgə kədərlənən Türkiyə xalqı da səs verdi. Müharibənin ilk günündən son gününədək həm siyasi, həm də hərbi arenada düşmənlə yorulmadan mübarizə aparan siyasi düha və layiqli rəhbərə Türkiyə xalqının və dövlətinin dəstəyini hiss etdirən və yalnız sözdə deyil, əməldə də öz qardaşlığını isbat edən Türkiyə Cümhuriyyəti Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan xaosa bürünmüş dünyada iki ölkənin dayanışmasının da mövcud olduğunu isbat etdi.
Əlbəttə bu qardaşlıq bir çoxlarını sevindirsə də, bir çoxlarını narahat edirdi. İlk gündən türklərin arasında nifaq salmaq istəyən, onların birgə hərəkət etməsindən qorxuya düşənlər Türkiyənin Azərbaycanın haqq səsini dünyaya çatdıran səsini kəsmək, qardaş ölkəni haqq işimizdən uzaq tutmaq üçün gülünc yollara əl atırdılar. Bunun üçün ilk öncə F-16 qırıcılarının istifadə edilməsi, daha sonra Suriyadan Türkiyənin vasitəçiliyi ilə muzdlu əsgərlərin gətirilməsi xəbərlərinin əsassızlığı isbat edildikdən sonra bu dəfə də Türkiyə ordusunda xidmət göstərən hərbi qulluqçuların Qarabağda vuruşması haqqında yalan məlumatlar yayılmağa başlandı. Lakin həm möhtərəm Prezidentimiz cənab ilham Əliyev, həm də Rəcəb Tayyib Ərdoğan dəfələrlə yerli və dünya mediasına verdikləri müsahibələrdə bunun əsassız bir şayiə olduğunu və bu dezinformasiyaları yayanların sübutsuz və dəlilsiz qarayaxmalarının ölkələr arası dostluq və əməkdaşlıq münasibətlərinə ciddi təhlükə yaratdığını qeyd etdilər.
Hər bir xalq öz gələcəyi ilə bağlı arzularını gənc nümayəndələrinə bağlayır. Bunun üçün də hər bir cəmiyyət öz gənc fərdinə müxtəlif ideyaları aşılayır. Ta qədimdən spartalılar öz gənclərinə qəhrəmanlığı, çinlilər loyallığı, amerikalılar sahibkarlıq bacarığını, yaponlar əməkdaşlığı, Azərbaycan xalqı isə mübarizə ruhunu aşılayır.
Şifahi ədəbiyyat nümunələri xalqın ən qədim arxivi, kimliyini təsdiq edən vəsiqəsidir. Fikrimizi əsaslandırmaq üçün Azərbaycan ədəbiyyatının inciləri hesab olunan nağıllara, dastanlara, yazılı abidələrə nəzər salmaq kifayətdir. Avestada xeyirlə şərin mübarizəsi, sonda xeyirin şər üzərində qələbəsi və bu qələbəyə inam müxtəlif formalarda tarix səhifələrimizdə təkrarlanmışdır.
Azərbaycanın haqq işi uğrunda apardığı müharibə də haqq və ədalətin bərqərarçısı idi. Xeyirin şər üzərində qələbəsinə inam və etiqadın azaldığı bir dövrdə Vətən Müharibəsi haqsız yerə əzilən, zülmə məruz qalan, təzyiq və təcavüz qurbanına çevrilən xalqlara ümid çırağı yandırdı. Xeyiri təmsil edən Pakistan, İsrail, Ukrayna, Əfqanıstan, Gürcüstan, Bosniya və Herseqovina, Şimali Kipr Türkiyə Cümhuriyyəti başda olmaqla dünya ölkələrinin böyük bir qismi münaqişənin Azərbaycanın ərazi bütövlüyünün pozulmaması və işğal edilmiş ərazilərdən erməni qüvvələrinin çıxarılması şərti ilə sülhün bərqərar olmasına çalışırdı. Şəri təmsil edən ermənipərəst qüvvələr isə Qarabağı işğal altında saxlamağa və bu da azmış kimi yeni əraziləri də işğal etməyə çalışan Ermənistanın məqsədinə çatmağı üçün əllərindən gələni əsirgəməsələr də, bu istəkləri xülya olaraq qaldı. Azərbaycan isə 30 illik xəyalını reallığa çevirərək 30 ildir yurd, vətən, el-oba həsrətində qalan vətəndaşlarının yenidən yurdlarını görmək arzusunu həyata keçirməsi üçün şans yaratdı.
Vətən Müharibəsini ərazi münaqişəsi adlandıranlar böyük xəta etmiş olar. Qarabağ xalqımız üçün sadəcə quru torpaq, yaşayış ərazisi deyildir. Milli kimliyimiz, tarixi köklərimiz, qanımız, canımız, ruhumuz bu torpaqlara, dünyada ikən bizə cənnəti göstərən Qarabağa bağlıdır. Qarabağda cücərən ən kiçik toxumda xalqın minillik arzusu, xəyalı da cücərir, qol budaq atırdı. Düşmən isə 30 il öncə bu qol budaqlı ağacımızı budayaraq, güllərimizi qurudaraq arzularımızı da soldurmaq istədi. Lakin unutdu! Unutdu ki, Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün yoxsa bu qan həpsi hədərmi? 30 ildə verilmiş bu qədər qan hədər olmaz, məfkurə yolunda tökülən qan hədər olmaz!
Əzəli və əbədi düşmənlərimiz nənələrimizin, babalarımızın, qardaş və bacılarımızın qanı hopan Qarabağ torpağının ruhuna da qənim kəsilmişdi. Cənnət bağımızı soldurmuş, Xarıbülbülü boynu bükük qoymuşdu. Övladının qələbəyə inamla addımlayan ayaqlarının səsini eşidər eşitməz Qarabağ torpağının Ana ruhu yenidən oyandı, şəhidlərin qanında yenidən yuyunaraq paklaşdı, 30 illik əzabın, təcavüzün yaralarını sağaltdı. Övladı ilə bütünləşən Ana Vətən düşmənindən elə bir intiqam aldı ki, nəyinki erməni əsgəri, bütün dünya heyrət içində qaldı. Erməni əsgərləri etiraf edirdi ki, sanki torpaq da onların tərəfində idi. Çıxılması mümkünsüz olan dağlar Azərbaycan əsgəri üçün keçilməz yollarını düzəngaha çevirmiş, öz zirvəsini könüllü təslim etmişdi.
Bütün dünya reallığı qəbul etdiyi bir zamanda Ermənistan israrla təxribatlara davam edərək işğalçılıq siyasətinə davam etmək istəyir. Lakin bütün erməni xalqı, siyasi hakimiyyəti anlamalı, dərk etməlidir ki, əgər erməni vətəndaşı xoşbəxt və firavan yaşamaq istəyirsə, Azərbaycanla münasibətlərin yaxşılaşmasına çalışmalıdır. Əksini düşünmək sadəlövhlük olsa da, dəmir yumruq yerindədir, keçmiş təkrarlanmayacaq. Bizsə illərdir dilimizdə əzbər olan “Könlüm keçir Qarabağdan…” cümləsini dəyişə bilərik artıq sadəcə könlümüz yox yolumuz da Qarabağdan keçir!
Şəmilova Dünya Mərdan
Nəsimi rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki