image-1backend

ZELENSKİNİN “QƏLƏBƏ PLANI”NIN 4 BƏNDİ – Kiyev nəyə cəhd edir?

image-reklam_sirab_01

“O, Amerikanın Ukraynaya dəstəyini “Trampdan qorumaq” istəyir”

Volodimir Zelenski ABŞ-ni tez bir zamanda Ukrayna üçün təhlükəsizlik zəmanəti verməyə çağıracaq. Bu, ondan ötrüdür ki, Donald Tramp seçkidə qalib gələrsə, Ukraynanı əlverişsiz sülh sazişinə məcbur edə bilməsin.

Vətəninfo.az xəbər verir ki, “The Times” nəşrinin Ukrayna mövzusunda dərc etdiyi son məqaləsində belə deyilir.

Qəzet yazır ki, Zelenski Rusiyanı Ukrayna ilə danışıqlara başlamağa məcbur etmək üçün hazırlanmış “qələbə planı”nı təqdim etmək məqəsdilə Nyu-Yorkdakı BMT Baş Assambleyasına, daha sonra isə Vaşinqtona gedəcək: “Zelenski Amerikanın Ukraynaya dəstəyini “Trampdan qorumaq” istəyir. Zelenskinin təhlükəsizlik zəmanəti çağırışı Ukraynanın NATO-ya xüsusən də müttəfiqlər arasındakı fikir ayrılıqlarına görə qəbul edilə bilməyəcəyini təsdiqləyir”.

Qəzetin yazdığına görə, müzakirələrdə iştirak edən Qərb diplomatlarından biri qeyd edib ki, Amerikada keçirilən prezident seçkiləri təkcə Ukrayna üçün deyil, Putin üçün də böyük əhəmiyyət kəsb edir: “Putin üçün seçkinin nəticəsi onun öz hesablamalarında ən vacib element olacaq… Əgər ruslar belə qənaətə gəlsələr ki, Vaşinqtonda Ukraynanı dəstəkləyən hökumət olacaq, bu, onların mümkün danışıqlara münasibətini mütləq dəyişəcək. Amma hiss etsələr ki, bu, onlara böyük ehtimalla ucuz çıxış yolu təklif edən Donald Tramp olacaq, o zaman hər şey bitəcək…”.

Yazıda Zelenskinin planının dörd əsas bənddən ibarət olduğu qeyd edilir:

1.Qərbdən NATO-ya daxil olarkən qarşılıqlı müdafiə paktına bərabər təhlükəsizlik zəmanəti istəmək.

2.Ərazi “kozırı” kimi Ukraynanın Rusiyanın Kursk vilayətində əməliyyatının davam etdirilməsi.

3.Ukraynaya “xüsusi” müasir silahların verilməsi tələbi.

4.Dağılmış Ukrayna iqtisadiyyatı üçün beynəlxalq maliyyə yardımı.

Qəzetin yazdığına görə, Bayden çətin ki, Ukraynaya uzun mənzilli raketlərdən, o cümlədən Britaniyanın “Storm Shadow” raketindən Rusiya ərazisində istifadə etməyə icazə versin. NATO-nu təmsil edən üçüncü ölkədən olan diplomat qəzetə deyib ki, “Bu, həqiqətən də Britaniya-Amerika birgə qərarı olmalıdır”. Lakin o, xəbərdarlıq edib ki, “ruslar və Putin tərəfindən təhlükə səviyyəsi heç vaxt bu qədər böyük olmayıb və əsas problem isə odur ki, biz əsl “qırmızı xətlər”in harada olduğunu bilmirik”.

NATO diplomatı onu da etiraf edib ki, istənilən danışıqlar “Ukrayna üçün çox, çox, çox çətin və ağrılı olacaq, aydındır ki, ukraynalılar rusları öz ölkələrindən sıxışdırıb çıxara bilməyəcəklər”.

Lakin onun fikrincə, Trampın “vitse-prezidenti” Vensin təklif etdiyi kimi, hazırkı cəbhə xəttində müharibəni dondurmaq və Ukraynanı bloklara qoşulmamağa məcbur etmək Kiyev üçün “fəlakətli nəticə olardı”: “Bu, şübhəsiz ki, danışıqlar üçün əsas ola bilməz”.

Xatırladaq ki, son vaxtlar Ukrayna ilə Rusiya arasında danışıqların mümkünlüyünə dair bəyanatlar çoxalıb. Lakin Zelenskinin sözlərinə görə, söhbət Ukraynanın ədalətli qələbə istəyində deyil, Kremlin ümumiyyətlə, hər hansı ağlabatan şərtlərlə hərbi əməliyyatları dayandırmaq istəyinin olmamasındadır.“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki