image-1665742805_yelisey-sarayi-ilham-eliyev-ve-emmanuel-makron-razilasdi-263498backend

“Absurd ideyasının İlham Əliyev tərəfindən rədd edilməsi Makronu qisasa həvəsləndirib…”

image-reklam_sirab_01
Millət vəkili Cavanşir Feyziyevin Moderator.az-a müsahibəsini təqdim edirik:

 

– Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilməsi ilə yanaşı qoca qitənin Fransa başda olmaqla nüfuzlu ölkələrinin hələ də qatı ermənipərəst mövqe sərgiləmələri anlaşılan deyil. Onların riyaklarlığı bəllidir, amma Azərbaycan diplomatiyasının enerji kartından yetərincə istifadə edə bilməməsi iddialarına nə deyərdiniz?
– Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması faktdır və bunu həm Avropa, həm də ABŞ etiraf edir. Amma bu fakt bizi ermənipərəst mövqeyi ilə seçilən bir sıra Avropa ölkələrinin, o cümlədən Fransanın Azərbaycan əleyhinə fəaliyyət göstərməsindən sığortalamır. Bu günlərdə Fransa prezidenti Emanuel Makronun Ermənistanın haqsız mğvqeyini dəstəkləyən açıqlamaları haqlı olaraq Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub. Prezident Makronun timsalında Fransa Respublikasının Cənubi Qafqaz ölkələri ilə bağlı mövqeyi  ədalətli olmadığı üçün təbii olaraq tərəfimizdən ciddi müqavimətlə üzləşir. Əslində belə bir mövqeyin sərgilənməsi heç də Ermənistanın aqibəti ilə yox, Fransanın özünün Cənubi Qafqazdakı hadisələrə müdaxilə imkanlarının məhdudlaşması ilə bağlıdır. Azərbaycanla Ermənistan arasında münaqişənin başa çatması Fransanı və bölgədə marağı olan digər güc mərkəzlərini əvvəllər mövcud olmuş münaqişədən sui-istifadə etməklə bölgəyə müdaxilə etmək imkanından məhrum edir. Hazırda iki ölkə arasında münasibətlərin normallaşması üzrə göstərilən səylər və hər iki ölkənin sülhə meyllənməsi prezident Makronu narahat edir. Ona görə də Brüssel formatında aparılan danışıqlara hər hansı bir yolla müdaxilə etmək və Fransanın iştirakı və dividendi olmadan sülh bağlanmasına yol verməməyə çalışır. Sonuncu Praqa görüşündə Aİ – nın adı altında Fransanın monitorinq qrupunun əraziyə gətirilməsi kimi absurd ideyanı Prezident İlham Əliyev tərəfindən rədd etməsi Makronu qisasa həvəsləndirib. Amma bunun heç bir nəticəsi olmayacaq. Diplomatiyamızın enerji amilindən yetərincə istifadə edə bilməməsi haqqında iddialar kökündən yanlışdır və tamamilə əsassızdır. Diplomatiyamız öz işini peşəkarlıqla görür və post-müharibə dövrünün çağırışlarının öhdəsindən çox yüksək səviyyədə gəlir. Belə iddia səsləndirən adamlar diplomatiyadan uzaq adamlardır və onların fikirləri diqqətə layiq ola bilməz.
– Prezident İlham Əliyev bəyan etdi ki, tezliklə sülh müqaviləsi imzalana bilər. Ermənilərin sülh prosesini pozmaq üçün vaxtilə Ter Petrosyana qarşı  etdiklərini Paşinyana qarşı da edə bilmələri nə dərəcədə realdır?
– Prezident Əliyevin dediyi kimi, bölgədə sülhün tezliklə əldə olunması realdır. Amma sülh prosesinin pozulması üçün dayanmadan çalışan qüvvələrin sayı da az deyil. Az öncə dediyimiz kimi, bir sıra Avropa dövlətləri ilə yanaşı Ermənistan daxilində də Paşinyan hökümətinə müxalifətdə  dayanan dağıdıcı qüvvələr hər vəchlə sülh bağlanmasının qarşısını almağa çalışır. 1998-ci ildə Ermənistan prezidenti Ter-Petrosyan Azərbaycanla münasibətləri normallaşdırmağın zəruri olduğunu dilə gətirəndə işğalçılıq uğurlarından hələ də eyforiya hissləri yaşayan erməni cəmiyyəti bütövlükdə bu təklifi rədd etdi və Ter-Petrosyanı hakimiyyətədən uzaqlaşdırdı. Bu gün Ermənistan cəmiyyətində hökm sürən ümidsizlik və çıxılmazlıq şəraiti də məhz həmin zaman baş vermiş hadisələrin təbii acı nəticələridir. Ümid edirəm ki, erməni cəmiyyəti artıq bir dəfə girdiyi bataqlığa ikinci dəfə girməməlidir. Vətən müharibəsinin onlar üçün acı nəticələri erməniləri bu dəfə daha rasional düşünməyə vadar etməlidir. İnanıram ki,  erməni cəmiyyətinin böyük hissəsi sülh istəyir.
– Vaşinqtonda Azərbaycan səfirliyinin avtomobilinin atəşə tutulması, bundan öncə Londondakı səfirliyimizə edilən hücum ermənilərin bir terror dövləti olduğunu sübut etmək üçün yetərli deyilmi? Niyə rəsmi Bakı bundan yetərincə istifadə edə bilmir? Ermənilər olsaydı məsələni çoxdan BMT Təhlükəsizlik Şurasınıln fövqəladə iclasının çağırılmasına qədər qabartmışdılar.
– Vaşinqtonda və daha əvvəl Londonda baş verən hadisələr erməni diplomatiyasının terror şəklində təzahürüdür. Onların siyasətində  diplomatiya ilə terrorçuluq sinonim anlayışlardır. Ona görə də mövcud olduqları bütün dövrlərdə başlıca olaraq Cənubi Qafqazda və eləcə də dünyanın bir sıra bölgələrində terrorçuluq fəaliyyəti dövlət siyasəti səviyyəsində aparılıb. Amma bütün bunlarla yanaşı Ermənistanın terror dövləti və ya terroru dəstəkləyən dövlət olduğunu rəsmən sənədləşdirmək mümkün görünmür. Bunu anlamaq üçün hazırda Ukraynada baş verən hadisələrə və səslənən analoji təkliflərə dünya miqyasında verilən reaksiyanı izləmək kifayətdir. Aydındır ki, rəsmi Bakı bütün baş verənləri təhlil edir və bu başdan real olmadığı bəlli olan fəaliyyətlərə rəvac vermir. Bu sizin eyham etdiyiniz kimi, diplomatiyamızın zəifliyi yox, əksinə praqmatik və səmərəli olduğunun göstəricisidir.
– Bu gün NATO silahına qarşı Rusiya İranın zərbə dronlarından istifadə edir və Ukrayna tərəfi də etiraf edir ki, bu dronlar onlara çox zərbə vurur. Sabah İranın zərbə PUA-larının erməni tərəfinin əlində olması mümkündürmü? Rəsmi Tehran sizcə belə bir riskə gedərmi?
– Ukraynada İran dronlarının Rusiya tərəfindən geniş istifadə edilməsi strateji xarakter daşıyan İran-Rusiya münasibətlərindən irəli gələn reallıqdır. İranla Ermənistan arasında  da eyni dərəcədə strateji əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin mövcud olması və bütün hallarda qorunub saxlanması real görünmür. Ermənistan İran üçün Rusiya qədər əhəmiyyətli tərəfdaş deyil və heç vaxt da ola bilməz. Digər tərəfdən, İranla Azərbaycan arasında münasibətlərin strateji xarakter daşıdığını və iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində hər iki dövlətin maraqlı olması İranın Ermənistanı ölkəmizə qarşı silahlandırmaq ehtimalını dəfələrlə azaldır. Və nəhayət, İranın beynəlxalq siyasi arenada indiki  vəziyyəti İran hökümətindən kifayət qədər ağıllı və praqmatik siyasət yürüdülməsini tələb edir. Düşünürəm ki, çoxəsrlik siyasi dövlətçilik təcrübəsinə malik olan İran dövləti üçün belə bir addımın zərərlərini və ya faydasını hesablamaq heç də çətin olmayacaq.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki