Təbrikdə deyilir:
“Ölkəmizin bütün qadınlarını, o cümlədən həmkarlar ittifaqlarının sıralarında təmsil olunan xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, Azərbaycan həmkarlar ittifaqları adından və şəxsən öz adımdan ən xoş arzularımı bildirirəm.
Azərbaycan qadını hər zaman cəmiyyətimizin əsas aparıcı qüvvəsi olaraq bir xalq kimi formalaşmağımızda, tariximizin zənginləşməsində, ədəbiyyatımızın, mədəniyyətimizin yaranmasında və inkişafında müstəsna rol oynayıb. Müqəddəs ana, vəfalı həyat yoldaşı olmaqla yanaşı, həm də görkəmli diplomat, hökmdar, sərkərdə, qəhrəman döyüşçü kimi, tarixdə dərin iz buraxıblar. Tomris, Nüşabə, Burla Xatun, Sara Xatun, Həcər, Nigar və başqa qəhrəman analarımız düşmənə göz dağı olublar. Onlar igidliyi və fədakarlığı ilə şanlı tariximizi yaradıblar. Əsrlər keçsə də, xalqımız onları heç vaxt unutmur, adlarını yaşadaraq nəsildən-nəsilə ötürür. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verməklə onların cəmiyyətimizdə statusunu daha da artırmış, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakına şərait yaratmışdır. Azərbaycan qadını həmçinin milli kimliyimizin qorunmasında, azadlıq mübarizəsinin geniş vüsət almasında yaxından iştirak edib, ana dilimizin, mənəviyyatımızın ən etibarlı dayağı olublar. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Dövlətimizin banisi qadın şəxsiyyətinə daim böyük hörmətlə yanaşmış, onların ictimai-siyasi sahədə rolunun artırılması istiqamətində mühüm addımlar atmışdır. Ulu Öndər əsasən idarəçilik sisteməndə qadınların irəli çəkilməsini, onların fəaliyyətinin yüksək səviyyədə qiymətləndirilməsini həmişə diqqətdə saxlamışdır.
Dövlətimizin başçısı cənab İlham Əliyev hər il Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbriklər ünvanlayır, ölkəmizin inkişafında onların xidmətlərini xüsusi qeyd edir, orden və medallarla təltif edir. Təbii ki, bu da dövlət səviyyəsində qadınlara olan diqqət və qayğının təzahürüdür.
Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz zəngin fəaliyyəti ilə Azərbaycan qadınının müsbət imicini formalaşdırıb. O, ölkəmizlə yanaşı, dünya səviyyəsində də gördüyü nəcib və humanist əməllərlə Azərbaycanı bütün dünyada ləyaqətlə təmsil edir, xeyirxah işləri ilə Azərbaycan qadını adını yüksəklərə qaldırır. Onun beynəlxalq səviyyədə əldə etdiyi nailliyyətlər həm də Azərbaycan qadınının uğurudur.
Azərbaycan həmkarlar ittifaqları da qadınların ictimai həyatda fəal iştirakına, həmkarlar ittifaqlarının strukturlarında daha çox təmsil olunmalarına, onların rolunun gücləndirilməsinə xüsusi diqqət yetirir. Hazırda həmkarlar ittifaqı üzvlərinin sayında qadınlar üstünlük təşkil edir.
Azərbaycan anası həmişə Vətən üçün layiqli və mərd övladlar tərbiyə edib. Məhz onların vətənpərvərlik ruhunda tərbiyə etdiyi qəhrəman oğullarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək misilsiz Qələbə çaldılar.
Əziz xanımlar!
Bir daha Sizləri Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, xoş və firavan həyat arzulayıram. Bayramınız mübarək olsun!”