“Azərbaycan-Qırğızıstan münasibətləri müstəqillik illərində hər zaman yüksək dostluq və qardaşlıq ruhunda inkişaf edib, lakin bu gün Çolpon-Ata şəhərində imzalanan müttəfiqlik sazişi əlaqələrimizi tamamilə keyfiyyətcə yeni müstəviyə daşıdı”.
Bunu Vətəninfo.az-a açıqlamasında siyasi şərhçi Arzuman Muradlı bildirib. Siyasi şərhçi qeyd edib ki, iki ölkə prezidentlərinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması dövlətlərarası münasibətlərin ən ali zirvəsidir: “Müttəfiqlik sadəcə ikitərəfli əməkdaşlıq çərçivəsi deyil, eyni zamanda beynəlxalq müstəvidə uzlaşdırılmış ortaq mövqedən çıxış etmək, qlobal və regional proseslərə vahid prizmadan yanaşmaq deməkdir. Bu tarixi sənəd hər iki xalqın strateji maraqlarının tam təmin olunmasına xidmət edir”.
Arzuman Muradlı (Siyasi ekspert)
Arzuman Muradlı yaxın gələcəkdə bu müttəfiqliyin ölkələrimizə qazandıracağı əsas imkanlara diqqət çəkib. Siyasi ekspert qeyd edib ki,iqtisadi və investisiya potensialının reallaşdırılması, sovet dövrünün mərkəzləşdirilmiş məhdudiyyətlərindən azad olan hər iki ölkə artıq iqtisadiyyat, turizm, hidroresursların idarə edilməsi, yaşıl enerji və əlvan metallurgiya sahələrində birgə layihələr həyata keçirmək üçün geniş imkanlara malikdir. Qarşılıqlı investisiyalar hər iki ölkənin iqtisadi inkişafını sürətləndirəcək. “Qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı dövrdə Orta Dəhliz layihəsi çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin inkişafı strateji zərurətdir”-deyən Arzuman Muradlı əlavə edib ki, Xəzər hövzəsi ilə Mərkəzi Asiyanı birləşdirən bu xətlər hər iki ölkənin tranzit imkanlarını katapult kimi irəli aparacaq. Siyasi ekspert Azərbaycan- Qırğızıstan eyni zamanda Türk Dövlətləri Birliyi çərçivəsində də sıx əlaqələrə malikdirlər: “Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatının (TDT) təsisçi üzvləri kimi türk birliyinin möhkəmlənməsində mühüm rol oynayırlar. Azərbaycan-Türkiyə qardaşlığı nümunəsində Qırğızıstanla qurulan bu ali müttəfiqlik modeli bütövlükdə Türk dünyasının qlobal güc mərkəzi kimi formalaşmasını sürətləndirən tarixi hadisədir”.
Sonda siyasi şərhçi vurğulayıb ki, imzalanan bu müqavilə təkcə Bakı və Bişkek üçün deyil, bütövlükdə regionun təhlükəsizliyinə və iqtisadi rifahına mühüm töhfə verəcək.
Vətəninfo.az








