Veteninfo.az millət vəkili Cavanşir Feyziyevin Moderator.az-a müsahibəsin təqdim edir.
– Bu gün Ukrayna ilə Rusiya arasında danışıqların ikinci raundu başlayır. Bu danışıqlardan hər hansı müsbət nəticə gözləmək olarmı?
Bu gün Rusiya nümayəndə heyətinin rəhbəri Medinskiy danışıqların predmeti hesab olunan məsələlərin 3 blok üzrə müzakirə olunacağını bildirib. Hərbi-texniki, beynəlxalq-humanitar və siyasi bloklar üzrə. Bu ssenari yeni deyil, belə bir bölgü hələ danışıqların Minsk formatında sınaqdan çıxarılıb və heç bir nəticə verməyib. Ona görə qeyd olunan bloklar üzrə danışıqlaraın aparılması, hətta onların hansısa yeni elementlərlə tamamlanması və nəticədə hansısa ortaq bir qərara gəlinməsi uzun müddət tələb edəcək. Müharibə isə davam edir. Şəhərlər dağılır, infrastruktura və mülki əhaliyə böyük zərərlər dəyir. Ən böyük faciə isə mülki əhali arasında ölüm hallarının gündən-günə artmasıdır. Ona görə Medinskinin açıqladığı ssenari üzrə danışıqların aparılması bu günkü ekstremal vəziyyətdə səmərəli görünmür. Çünki bir tərəfdən, müharibə arealının genişlənməsi və digər tərəfdən tələfatların artması fonunda bu qədər geniş gündəliyin bütün məsələlərini müzakirə edib qısa bir zamanda ortaq qərara gəlmək sadəcə mümkün deyil. Buna uzun zaman lazımdır.
– Bəs mövcud kritik vəziyyətdən çıxış yolu nə ola bilər?
Deyilən 3 blok üzrə gələcəkdə hansısa nəticələrə nail olmaq üçün hər şeydən əvvəl tərəflər arasında atəşkəs razılığının əldə edilməsi vacibdir. Dərhal atəşkəsin əldə olunması hər iki tərəf üçün ilkin şərt kimi qəbul olunmalıdır. Belə bir razılaşma nə qədər tez əldə olunarsa, danışıqların nəticəsi də bir o qədər ümidverici ola bilər.