image-d89b9513-dddf-4dd2-a511-e1f9d8136f29backend

AZƏRBAYCAN “İZQOY” RUSİYA VƏ İKİÜZLÜ QƏRB ARASINDA… – Yaxud nədən Ukraynaya olar, Azərbaycana isə yox?

image-reklam_sirab_01

“Qoy, sizin əsgərləriniz unitazları da götürüb, bizim 1991-ci il sərhədlərimizi tərk etsinlər…” 

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Putinin Milad gecəsi səbəbilə təklif etdiyi atəşkəsə cavab olaraq söyləyib. Əlbəttə ki, düz və haqlı olaraq söyləyib!

Sülh, atəşkəs, sülh danışıqları və s. barədə danışmaq haqqını çoxdan itirmiş Putinin bu təklifi təkcə Ukrayna deyil, Qərb tərəfindən də haqlı olaraq rədd edildi. Eyni zamanda, Qərb haqlı olaraq, Ukraynaya hərbi, siyasi, iqtisadi yardımını davam etdirir və gücləndirir. Artıq işğala məruz qalmış Ukraynaya müdafiə deyil, hücum əməliyyatları üçün nəzərdə tutulan ağır texnika, tank və s. silahlar verilir.

Haqlı olaraq əksər aparıcı Qərb liderləri Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyini birmənalı şəkildə dəstəkləyir və sonuncu rus əsgərinin ayağı Ukrayna torpağından üzülməyənə, 1991-ci il sərhədləri bərpa olunmayana, beynəlxalq hüquqa uyğun olaraq Rusiya işğalçı kimi cəzalandırılmayana, Ukraynaya təzminat ödənməyənə və s. qədər hər hansı atəşkəs, yaxud sülh müqaviləsi olmayacağını bəyan edirlər. Haqlı olaraq, işğalçı ölkəni “izqoy”a çevirirlər, onunla bütün iqtisadi, siyasi, hətta mədəni əlaqələri kəsirlər, onun maliyyə aktivlərini dondururlar, həbs edirlər, ağır iqtisadi embarqoya məruz qoyurlar, hakimiyyət təmsilçilərinə, onların ailə üzvlərinə sanksiya tətbiq edirlər. Rusiyanı beynəlxalq idman yarışlarından belə kənarlaşdırırlar, Kremli beynəlxalq məhkəməyə cəlb edirlər və sair. Bütün bunlar Rusiyanın açıq işğalçılıq aktına, Ukraynaya qarşı hərbi müdaxiləsinə görədir.

Bəs, eyni işğalçılıq aktı Rusiyanın dəstəyilə Ermənistan tərəfindən Azərbaycana qarşı ediləndə, nədən həmin bu kollektiv Qərb heç tükünü belə tərpətmirdi? Nədən işğalçını öz adı ilə çağırmaq əvəzinə min cür əyri-üyrü yollardan istifadə edirdi, danışıqlar adı altında işğalın davam etməsinə çalışırdı, işğalçı Ermənistanı yox, Azərbaycanı hansısa sanksiyalarla, təzyiqlərlə hədələyirdi? 44 günlük müharibə zamanı isə “tərəfləri sülhə və atəşkəsə” çağırırdı.

Noyabrın 9-da heç bir Qərb lideri Ukraynada olduğu kimi, son işğalçı əsgər Azərbaycanın 1991-ci il sərhədini tərk edənə qədər atəşkəsin düzgün olmadığını bəyan etmədi. Əksinə, Azərbaycanın məlum səbəblərdən müvəqqəti də olsa razılaşmalı olduğu Rusiya hərbi kontingentinin Qarabağdakı ərazilərimizə soxulmasına ikiəlli “hə” dedilər. Hansı ki, Qərbdə də hər kəs gözəl bilirdi ki, Rusiyadan nə sülhməramlı olar, nə də vasitəçi. Bunu Ukraynada da hər kəs gördü. Qərbdə heç kim Qarabağdakı erməni əsgərinin oradan, yəni, Azərbaycanın suveren ərazisindən rədd olmasını tələb etmədi.

Göründüyü kimi, Qarabağdakı erməniləri “soyqırımdan qoruyan” erməni və rus əsgəri bunların gözündə işğalçı deyil, ancaq Donbasdakı və Krımdakı rusları “soyqırımdan qoruyan”, həmin əraziləri “nasistlərdən azad edən” rus əsgəri işğalçıdır. İkili standartın bundan böyüyü varmı?

Nəhayət, ən əsası – Volodimir Zelenski hələ müharibədən əvvəl, 2021-ci ildə açıq mətnlə demişdi ki, kim Donbasda yaşayaraq, özünü rusiyalı hesab edirsə, Rusiyanı istəyirsə, “şələ-küləsini” də götürüb, Rusiyaya getsin.

 

Bu günsə eyni tezislər Ukrayna rəhbərliyi tərəfindən həm Donbasda, həm də Krımda yaşayan rusların ünvanına deyilir və haqlı olaraq da deyilir! Heç bir Qərb ölkəsi lideri, parlamenti, mətbuatı, politoloqu və s. də buna görə Ukraynanı qınamır. Əksinə, bu tələbləri tam dəstəkləyir.

Ancaq nədənsə, Azərbaycan Qarabağdakı separatçıları haqlı olaraq hədəf alan kimi, aləm bir-birinə dəyir – “humanitar fəlakət”dən az qala “soyqırıma” qədər müxtəlif saxta məzmunlu vay-şüvənlər baş alıb gedir. Parlamentlər Azərbaycanın əleyhinə sənədlər qəbul edir, Makron kimilər yaxalarını cırır, ABŞ da daxil olmaqla bir çox ölkələrin XİN-ləri qərəzli və qeyri-obyektiv bəyanatlar yayır, bizim daxili işimiz olan məsələlər BMT Təhlükəsizlik Şurasına qədər çıxarılır və s.


 

Belə çıxır ki, Ukrayna öz haqlı tələbini irəli sürə bilir və bu, Qərbdə hamı tərəfindən dəstəklənir, Azərbaycan isə eyni situasiyada, eyni tələblə çıxış edəndə, az qala işğalçı kimi təqdim olunur və onun qarşısını almaq üçün hər cür iyrənc yollara əl atılır. Deməli, Ukraynaya olar, Azərbaycana yox?“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki