AMEA Rəyasət Heyətinin iclası keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, gənc alimlər və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Əvvəlcə AMEA-nın Qadınlar Şurasının sədri fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadəyə AMEA-nın Təşəkkürnaməsi təqdim edilib.
İclasda müzakirəyə çıxarılan ilk məsələ AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Füzuli şəhərinə səfərinin nəticələri haqqında olub.
Akademik İsa Həbibbəyli bildirib ki, Füzuli şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin birgə iştirakı ilə 2023-cü ildə açılışı edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə 8 aprel 2024-cü il tarixində böyük özbək alimi və dövlət xadimi Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə, həmçinin Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovun, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri, eləcə də məktəbin kollektivinin iştirak etdiyini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan xalqlarının eyni tarixi soykökə, dilə, mədəniyyətə malik olduğunu, ölkələrimiz arasında əlaqələrin son illərdə dövlət başçılarımızın sıx dostluq və qardaşlıq münasibətləri sayəsində özünün ən yüksək dövrünü yaşadığını bildirib.
AMEA rəhbəri dövlətlərimiz arasında bir çox sahədə olduğu kimi, elm və təhsil sahəsində də sıx əlaqələrin qurulduğunu söyləyib. Qeyd edib ki, Qarabağın işğaldan azad edilməsindən sonra bu regionun elmi və mədəni mühitinin inkişafı istiqamətində də ciddi addımlar atılıb, tədbirin “Böyük Qayıdış” hərəkatı çərçivəsində təşkil olunan ilk böyük beynəlxalq elmi konfrans olduğunu bildirib.
AMEA prezidenti tədbir çərçivəsində AMEA Rəyasət Heyəti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunmuş bir çox kitabın məktəbin kitabxanasına hədiyyə edildiyini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəylinin çıxışı dinlənildikdən sonra AMEA-nın elmi müəssisə və təşkilatlarına Özbəkistan Respublikasının elm və ali təhsil müəssisələri ilə elmi əlaqələrin daha da gücləndirilməsi istiqamətində zəruri addımların atılmasının davam etdirilməsi tapşırılıb.
AMEA rəhbəri daha sonra Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində akademik, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Rəhim Rəhimovun anadan olmasının 100 illiyinə həsr edilmiş “Nəsillərə nümunə” adlı yubiley konfransında iştirakı barədə məlumat verib.
Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində təşkil olunan konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın, Milli Onkologiya Mərkəzinin baş həkimi tibb üzrə fəlsəfə doktoru Azad Kərimlinin, Azərbaycan Tibb Universitetinin kafedra müdiri AMEA-nın müxbir üzvü Sudeyf İmamverdiyevin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi, akademik Asəf Hacıyevin çıxışları dinlənilib. Çıxışlarda böyük elm və səhiyyə təşkilatçısı Rəhim Rəhimovun Azərbaycan tibb elminə şərəflə xidmət etdiyi, respublikamızda onkologiyanın inkişafında misilsiz xidmətlər göstərdiyi, yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasına və onkoloji sahənin maddi-texniki bazasının formalaşmasına mühüm töhfələr verdiyi vurğulanıb.
Konfrans çərçivəsində, həmçinin AMEA nümayəndələrinin alimin doğulduğu Ordubad şəhərində adına verilmiş küçədə “Elm parkı”nın salınması mərasimində iştirak etdiklərini söyləyib.
Akademik İsa Həbibbəylinin çıxışı dinlənildikdən sonra AMEA-nın Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.
Daha sonra bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.
İdarəetmənin optimallaşdırılması, dünya elmindəki prioritetlər və günün tələbləri nəzərə alınmaqla daxili imkanlar və mövcud ştat vahidləri hesabına AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin bazasında Antik dövr və Alban arxeologiyası şöbəsi və İlk orta əsrlər dövrü arxeologiyası şöbəsinin, Azərbaycanın orta əsr dövrü arxeologiyası şöbəsinin bazasında İslam dövrü arxeologiyası şöbəsinin, eləcə də Məhkəmə arxeologiyası şöbəsi və Elmi informasiya şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub, Xəzərin arxeologiyası şöbəsinin adında dəyişiklik edilib və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yeni strukturu təsdiqlənib.
Bundan əlavə, AMEA Rəyasət Heyətinin “AMEA-da ekspedisiyaların təşkili üzrə Komissiyanın yaradılması haqqında” 13 mart 2023-cü il tarixli qərarına dəyişiklik edilib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA-da aparılan kompleks islahatların mühüm istiqamətlərindən birini elmi tədqiqatların ölkənin tarixi, siyasi, sosial, hüquqi və mənəvi- mədəni sahələrini əhatə edən inkişaf istiqamətlərinə uyğun təşkil edilməsi və həyata keçirilməsi təşkil edir. Bildirib ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi rəhbərliyi ilə Azərbaycan öz tarixi torpaqlarını azad edərək dövlət suverenliyini tam bərpa etmişdir. Azərbaycanın regionda və dünyada siyasi arxetektonikanın müəyyənləşməsində əsas amilə çevrilməsi ilə xarakterizə olunan yeni tarixi şəraitdə Qafqazın tarixinin daha sistemli və bütün dövrlər üzrə öyrənilməsi, bu istiqamətdə yüksəkixtisaslı kadrların hazırlanması elmi və ictimai-siyasi əhəmiyyətə malikdir.
Qeyd olunanları nəzərə alaraq Rəyasət Heyətinin qərarı ilə daxili imkanlar hesabına AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi (qədim dövrlərdən XX əsrədək) şöbəsinin bazasında Qafqaz tarixi şöbəsinin, Qafqaz tarixi və siyasəti (XX-XXI əsrlər) şöbəsinin bazasında Qafqaz ölkələrinin beynəlxalq əlaqələri şöbəsinin yaradılması haqqında qərar qəbul olunub.
İclasda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına yeni şöbələrinin yaradılması haqqında məsələ də müzakirə edilib.
Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da son dövrlərdə həyata keçirilən islahatların mühüm tərəflərindən birini elektron elmin inkişafı, sənədlərin rəqəmsallaşdırılması, arxiv sənədlərinin elektron bazasının yaradılması istiqamətində atılan addımlar təşkil etməkdədir. AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən göstərilən xidmətlərin elektron formada təşkili, xidmət prosesinin və elektron xidmətlərin göstərilməsinin cari vəziyyəti, məlumatların toplanılması, sistemləşdirilməsi, parametrlər üzrə axtarılması və təhlilində ortaya çıxan məsələlər MEK-in elmi informasiya təminatının müasir tələblər səviyyəsində yenidən təşkili, bəzi şöbələrin fəaliyyət istiqamətinin konkretləşdirilməsi və adında dəyişiklik edilməsi zərurətini yaradır. Qeyd edib ki, bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi və sistemliliyin təmin edilməsi məqsədi ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında biblioqrafiya xidmətinin elektronlaşdırılmasına xüsusi ehtiyac var.
İclasda qeyd olunanları nəzərə alaraq, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiya xidməti şöbəsi yaradılıb.
Eyni zamanda iclasda AMEA Rəyasət Heyəti aparatının Nəqliyyat xidməti şöbəsinin Əsasnaməsi təsdiq edilib.
Sonda bir sıra kadr məsələlərinə baxılıb. Filologiya elmləri doktoru Əzizağa Nəcəfov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Zaur Həsənov isə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təsdiqləniblər.
İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Arif Həşimov, İradə Hüseynova, Gövhər Baxşəliyeva, professorlar İlham Məmmədzadə, Rəna Mirzəzadə, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Akademik İsa Həbibbəyli AMEA-da aparılan struktur islahatlarının müstəqil Azərbaycan dövlətinin maraqları və çağırışlarına, həmçinin dünya elminin prioritetlərinə uyğun olaraq aparıldığını bildirib və yeniləşən Akademiya istiqamətində atılan addımların bundan sonra da davam etdiriləcəyini deyib.
İclasın sonunda bir sıra cari məsələlər müzakirə olunub.
AMEA Rəyasət Heyəti aparatının
İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi
Tel.: (+994 12) 492 84 13, 070 277 22 78