image-reklam-veteninfo
image-68w9bjf36n7oc0io06gwbackend

Azərbaycan-Özbəkistan müttəfiqliyi türk birliyini gücləndirən əsas amillərdəndir

image-reklam-veteninfo

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibə iki qardaş ölkə arasında münasibətlərin bugünkü səviyyəsini və gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm siyasi mesajlarla yadda qaldı. ən mühüm siyasi mesajın mahiyyəti isə ondan ibarətdir ki, Azərbaycan-Özbəkistan əlaqələri artıq strateji tərəfdaşlıq mərhələsini geridə qoyaraq müttəfiqlik səviyyəsinə yüksəlib. Prezidentin bu mülahizəsi təkcə ikitərəfli münasibətlərin deyil, həm də Türk dünyasında formalaşan yeni əməkdaşlıq modelinin siyasi konturlarını ortaya qoyur.
Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər dayanır. Məhz bu ortaq köklər son illərdə dövlətlərarası əlaqələrin sürətlə inkişaf etməsinə, xalqlar arasında etimadın daha da möhkəmlənməsinə şərait yaradıb.

Bu gün iki ölkə arasındakı qardaşlıq münasibətləri region üçün sabitlik və əməkdaşlıq nümunəsinə çevrilib.

Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyev arasında qarşılıqlı etimad və dostluq əlaqələri də dövlətlər arası münasibətlərin indiki yüksək səviyyəyə çatmasında mühüm rol oynayıb. Bu şəxsi münasibətlər xalqlarımız arasında qardaşlıq münasibətlərinin rəmzi olaraq iki ölkənin gələcək inteqrasiya perspektivlərini ortaya qoyur.

Son illərdə qarşılıqlı dövlət səfərlərinin intensivləşməsi münasibətlərə yeni dinamika qazandırıb. 2024 və 2025-ci illərdə həyata keçirilən dövlət səfərləri zamanı imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında əməkdaşlığın hüquqi bazasını daha da gücləndirib. Bu sənədlər münasibətlərin uzunmüddətli inkişafına xidmət edir.

Prezident İlham Əliyev müsahibəsində Ali Dövlətlərarası Şuranın fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu mexanizm siyasi, iqtisadi və humanitar əməkdaşlığın koordinasiyasında mühüm rol oynayır. Bakıda və Daşkənddə keçirilən iclaslar gələcək əməkdaşlığın prioritetlərini müəyyənləşdirən vacib platformaya çevrilib.

Özbəkistanla iqtisadi əməkdaşlıq müsahibənin əsas istiqamətlərindən biridir. Dövlət başçısı qeyd edir ki, ticarət dövriyyəsinin sürətlə artması qarşılıqlı iqtisadi münasibətlərin real nəticəsidir. İnvestisiya layihələrinin genişlənməsi isə hər iki ölkənin iqtisadi potensialını birləşdirən yeni imkanlar yaradır.

SOCAR və Özbəkistanın enerji şirkətləri arasında yaradılmış birgə müəssisələr neft-qaz sənayesində mühüm layihələr həyata keçirir. Bununla yanaşı, yaşıl enerji sahəsində əməkdaşlıq Azərbaycan və Özbəkistanı regionun yaşıl enerjiyə keçid syasətində strateji tərəfdaşlara çevirir.

Prezident İlham Əliyev nəqliyyat və logistika sahəsini də xüsusi perspektivli istiqamət kimi qiymətləndirib. Azərbaycanın Orta Dəhlizdə oynadığı rol ilə Özbəkistanın Mərkəzi Asiyadakı mövqeyi bir-birini tamamlayır. Bu əməkdaşlıq Şərqlə Qərbi birləşdirən yeni tranzit imkanlarının yaranmasına xidmət edir.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən birgə layihələr xalqlarımız arasında qardaşlığın praktik nümunəsidir. Füzulidə salınan “Dostluq bağı” və Mirzə Uluqbəy adına məktəbin tikintisi, eləcə də digər layihələr Özbəkistanın Qarabağın bərpasına verdiyi böyük dəstəyin göstəricisidir. Bu təşəbbüslər iki xalqın həmrəyliyini daha da gücləndirir.

Mədəni-humanitar əlaqələr ölkə başçımızın müsahibəsində geniş yer tutur. Humanitar əməkdaşlıq xalqları bir-birinə daha da yaxınlaşdıran mühüm körpüdür. Qarşılıqlı mədəniyyət günləri, “Şuşa Günləri”, elmi konfranslar və Bakının mərkəzində “Özbəkistan” parkının yaradılması kimi layihələr ortaq mədəni irsin qorunmasına xidmət edir.

Media və QHT sahəsindəki əməkdaşlıq da diqqətçəkən istiqamətlərdəndir. Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, media forumları və QHT forumları ictimai diplomatiyanın inkişafına töhfə verir. İlk dəfə elan olunan birgə qrant müsabiqəsi vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq üçün yeni imkanlar açır.

Müsahibədə Türk Dövlətləri Təşkilatının rolu da xüsusi vurğulanıb. Dövlət başçısı bildirib ki, Azərbaycan və Özbəkistan bu təşkilatı Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasının əsas platforması hesab edir. Prezident bu yanaşmanın Türk dövlətləri arasında birliyin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Prezidentin UzA-ya verdiyi müsahibə Azərbaycan-Özbəkistan münasibətlərinin artıq regional əməkdaşlıq çərçivəsini aşaraq geniş geosiyasi əhəmiyyət daşıyan müttəfiqlik modelinə çevrildiyini göstərir. Qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan bu əməkdaşlıq, həm iki ölkənin milli maraqlarına, həm də Türk dünyasının gələcək inteqrasiyasına mühüm töhfələr verir.

Cavanşir Feyziyev,

Milli Məclisin deputatı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki