image-4ff2a6ad-194d-40da-a9b4-3351062aed21backend

Azərbaycan -Türkiyə əbədi dostluq və qardaşlıq münasibətlərinin yeni mərhələsi

image-reklam_sirab_01

Azərbaycan -Türkiyə əbədi dostluq və qardaşlıq münasibətlərinin yeni mərhələsi

 

Oktyabr ayının 20-də geosiyasi və iqtisadi əhəmiyyətli Zəngilan Beynəlxalq Hava Limanının açılışı və həmin açılışda qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın geniş tərkibdə iştirak etməsi Azərbaycana qarşı məkrli planlar qurmağa çalışan qüvvələrə qarşı ən tutarlı cavab idi. Bütün region dövlətləri üçün çox önəmli əhəmiyyətə malik, Qarabağ və Şərqi Zəngəzurun gələcək həyatında mühüm addımların atılmasına yol açacaq hava limanının açılışında qardaş Türkiyənin də yanımızda olması vacib və başadüşüləndir.

Qeyd etmək istəyirəm ki, bir il bundan qabaq Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanın açılışında da iştirak etmişdir. Biz öz xoş günümüzü qardaş Türkiyəsiz təsəvvür edə bilmərik.

Türkiyə-Azərbaycan qardaşlığı və birliyi tarixi köklərə söykənir. Türkiyə hər zaman Azərbaycanın haqq səsini bütün beynəlxalq tribunalardan dəstəkləmiş və Qarabağ savaşında yanımızda olmuşdur.

Həm Vətən müharibəsi zamanı, həm də postmüharibə dövründə  Azərbaycanın yanında olan Türkiyə bəzi anti-Azərbaycan və ermənipərəst dairələrin  çirkin oyunlarının həyata keçməsinin qarşısını aldı.

Vətən müharibəsinin ilk saatlarından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanı birmənalı şəkildə dəstəkləməsi və “Azərbaycan tək deyil, onun yanında Türkiyə var” deməsi münaqişəyə müdaxilə etmək istəyən gücləri yerində otuzdurdu.

İkinci Qarabağ savaşından sonra daha sıx bağlarla möhkəmlənən bu birlik özünü Şərqi Zəngəzur məsələsində də göstərir.

Sülh, əmin-amanlıq və sabitlik amili rolunu oynayan bu birlik, eyni zamanda bölgədə tühlükəsizliyin qarantıdır. Bu qarantın hüququ bazası 15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə arasında Şuşada imzalanan Şuşa Bəyannaməsi oldu. Artıq iki qardaş dövlət rəsmən müttəfiq elan oldu. Bundan sonra hər hansısa qüvvələr tərəfindən Azərbaycana qarşı təhdid olarsa, qarşısında güclü Türkiyəni görəcək. İki ölkə arasında ümumi maraqların qorunmasını və strateji əməkdaşlığı dərinləşdirən Şuşa Bəyannaməsi, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasına şərait yaradır.

Tarixi münasibətlərin yeni mərhələsinin təzahürü olan Şuşa Bəyannaməsi müttəfiqliyin geosiyasi əhəmiyyətini artırır. Bu müttəfiqlik təhlükəsizlik, siyasət, ordu quruculuğu, iqtisadiyyat, nəqliyyat, mədəniyyət və digər sahələri əhatə edir.

Günü-gündən inkişaf edən, nəinki regionda, eyni zamanda beynəlxalq müstəvidə ciddi çəkisi və söz sahibi olan Türkiyə kimi qardaşımızın olması əlbətdə bizim üçün böyük xoşbəxtlikdir. Türkiyə artıq beynəlxalq güc mərkəzidir.

Türkiyə-Azərbaycan birliyini Vətən müharibəsində olduğu kimi işğaldan azad edilmiş, erməni vandalları tərəfindən yerlə bir edilmiş Qarabağın genişmiqyaslı bərpa-quruculuq işlərdə də görürürük. Qardaş ölkənin aparıcı şirkətləri artıq bu prosesə öz töhfələrini verərək, çox qısa müddət ərzində yüksək keyfiyyətli avtomobil yolları salır, tunellər və körpülər tikirlər. Hələ Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək. Çünki dağıntıların miqyası həddindən çox böyükdür. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Görün nə qədər ermənilər tərəfindən Azərbaycan xalqına qarşı nifrət var idi ki, bütün binaları, yaşayış yerlərini  yerlə-yeksan edərək ekoloji terror törətmişlər.

Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yerləri olmasın. Amma mənfur düşmən bir şeyi unudub ki, Azərbaycan xalqı bir gün belə olsun işğalla barışmayıb və öz doğma yurdlarına qayıtmaq üçün gecə-gündüz çalışırdı. Və nəhayət həmin gün yetişdi və müzəffər ordumuz bütün işğal olunmuş əzəli Azərbaycan torpaqlarını böyük şücaət və qəhrəmanlıqla 44 günə azad etdi.

Azərbaycan və Türkiyə qardaşlığı tarixi köklərə söykənir, bu bizim əcdadlarımızdan qalan mirasdır. Bu, ürəkdən gələn saf duyğulardır, biz hər yerdə hər iki qardaş ölkənin bayraqlarının bir yerdə dalğalandığını görə bilərik. İki qardaş ölkə çiyin-çiyinə verərək bütün çətinliklərin öhdəsindən layiqincə gələcək.

Biz gənclər türk dünyasının iki böyük lideri – Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz,  kədər kədərimizdir” və ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” şüarını özümüzə strateji yol xəritəsi kimi müəyyən etmişik.

Yaşasın sarsılmaz Türkiyə-Azərbaycan qardaşlığı!

 

Eldəniz Zeynalov   Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki