image-qarabagbackend

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi!

image-reklam_sirab_01

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, müzəffər ali baş komandan İlham Əliyevin uzun illər düşünülmüş, üzərində işlənilmiş siyasəti, xüsusi diqqət və qayğısı nəticəsində regionun ən güclü ordusuna çevrilən Azərbaycan Silahlı Qüvvələrinin 30 illik missiyanı uğurla başa vurmasından 1 il keçir. 2020-ci il hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət daşıyır və bu əhəmiyyət ildən-ilə artmaqdadır. Gələcək nəsillər bu günün əzəmətini əsla unutmayacaq və hər ilin bu gününü böyük qürur və hörmət hissi ilə anacaqdır.

Bir il öncə bu gün Şanlı Zəfər tarixinin ilk cümlələri XXI əsrin tarix səhifələrinə silinməz və müqəddəs izlərlə yazılmağa başlandı. 30 il bütöv Vətən, doğma yurd, el-oba dərdi ilə alışan, yanan ürəklər birləşərək dəmir yumruğun ətrafında cəm oldu. Haqqı, ədaləti bərqərar etmək yolunda müqəddəs yola addım atanları, bu karvanın fərdinə çevrilənləri birləşdirən bir ülvi hiss, bir müqəddəs sevgi vardı-Vətənə məhəbbət, xalqa sədaqət, düşmənə nifrət! Bu fədailərin bir məqsədi, bir hədəfi vardı-itirilmiş əraziləri azadlığına qovuşdurmaq, bütövlüyünü bərpa etmək, düşmənin təcavüz və işğalından azad etmək!

İnancı tam olan igid Vətən oğulları bu hədəfə çatdı. Ancaq özlərindən sonra elə bir dastan yazdılar ki, bu zamana qədər nə bir ozan belə dastan düzmüşdü, nə də bir xalq belə inciyə sahib olmuşdu. Dədə-babalarından gördüyünü təkrarlayan igidlər keçmişi bu günə gətirib damarlarından axan türk qanının haqqını verdilər. Qazan xan, Koroğlu, Babək, Cavanşir, Qaçaq Nəbi, Şah İsmayıl Xətai qanını daşıdıqlarını sübut etdilər. Bu igidlər XXI əsrin qəhrəmanları, tarix səlnaməsinin müəllifləri idi.

Onların Vətən şamına olan pərvanəlikləri nəyinki düşməni, nəyinki dünya xalqlarını, yeddi arxa dönən ulularımızın ruhunu belə heyrətə gətirdi. Nə dünya belə bir fədailik görmüşdü, nə də düşmən belə bir mənzərəyə hazır idi. Yalın əllə Şuşa dağlarına dırmanan aslanların səsi belə düşməni lərzəyə gətirirdi. Hardan idi bu cürət? Hardan idi bu güc? Torpaq öz övladını tanımazmı? Övlad öz anasının qoynunda rahatlıq tapmazmı? Ana Vətən 30 ildir övladını gözləmirdimi? Hər daşı, hər otu ilə övladına yardım etməməliydimi? Vətənin övladı ilə olan vəhdəti idi düşməni qorxudan. Çünki yadlara bu mehribanlığı göstərməmişdi. O qədər mehriban idi ki, doğma torpaq, bəzən, taqətdən düşən övladı üçün qucağını açır, ağuşuna alırdı. Övladını cismən qoynuna alsa da, ruhunu elə bir zirvəyə ucaldırdı ki, əsrlər boyu silinməz iz, unudulmaz ad qazanırdı. Şəhid oğul anası Vətənə qurban doğulur! O qurbanı yaxşı tanıyır anası, əzizləyir, qayğısına qalır, sonra da mehriban qucağında müqəddəslik hərəminə çevriləcək yer ayırır.

Məhz bu gün haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Bu zərbə yalnız terrorist və təcavüzkar erməni hərbi birləşmələrinə deyildi. Ümumən Azərbaycan və türk dünyası üzərində yüz illərdir qara bulud kimi kölgə salan Sovet qorxusuna idi. Əsas siyasəti türk dünyasında pərakəndəlik və xaos yaratmaq olan imperiyanın yaratdığı qorxu və təzyiq eynilə Ermənistanın “qüdrətli ordu” nağılı kimi puç oldu. Regionda yeni reallıqlar yaradan Azərbaycan xalqı bütün türk dünyasına türkün unutdurulmuş gücünü bir daha xatırlatdı. Qardaş ölkə Türkiyənin dəstəyi timsalında türklərin vəhdəti, birliyinin yenidən bərqərar olması yolunda ilk və möhkəm addımlar atıldı.

Ard-arda xalqa işğaldan azad olunmuş ərazilərin müjdəsini verən Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixin təkrarlanan daha bir şəxsiyyətidir. Qarabağ fatehi statusunu qazanan liderimiz tarixin silinməz adına çevrildi. Dəmir yumruğu ətrafında xalqı birləşdirən rəhbərimiz müharibələrin, etiraz aksiyalarının bürüdüyü dünyaya xalq və dövlət vəhdətini göstərdi. Xalqın gücünü qazanan lider həm siyasi, həm də hərbi arenada düşməni geri oturtdu. İllərin qazandırdığı siyasi təcrübə ilə beynəlxalq hüquq normaları çərçivəsində bir qarışı belə düşmənə güzəştə getmədən geri alan Prezidentimiz xalqın ona olan etimadını doğurultdu, münafiq qüvvələrə xalqın haqlı olaraq onu seçdiyini isbat etdi.

Vətən Müharibəsi xalqımız üçün unudulmaz və əbədi yaşar bir səlnamədir. Bu tarixi hadisənin unudulmaması üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyev sərəncam imzalamış, 27 sentyabr Anım günü olaraq əhəmiyyətli günlər sırasında yerini almışdır. Həmçinin dövlətimiz müharibə qəhrəmanlarımızın həm özünə, həm də ailələrinə xüsusi qayğı ilə yanaşır. Bu timsalda Yaşat Fondunun fəaliyyətinin təşkil edilməsi, aylıq və birdəfəlik müavinətlərin ayrılması, döyüşdə igidlik göstərənlərin sağlığında və ya şəhidliyindən sonra medallarla təltif olunması, sanatoriyalarda şəhid ailələri, qazi və veteranlar üçün ödənişsiz xidmətlər, ƏƏSMN, RİH və digər qurumlar tərəfindən xüsusi nəzarət, aylıq və bayramlarda ərzaq və pul yardımları və siyahını uzada biləcəyimiz saysız hesabsız addımlar öz canını Vətən və xalq uğrunda qurban verən və verməyə hazır olan, səngərdə düşmənlə üz-üzə vuruşaraq Vətəni azad edənlərin dövlət qayğısı ilə əhatə olunduğunun isbatıdır.

Hər bir Azərbaycan gənci Vətən Müharibəsinin əhəmiyyətini dərk edir. Buna görə də şahidi olduğumuz hadisələri olduğu kimi, reallığa uyğun formada gələcəyə ötürülməsi bizdən asılıdır. Bu müharibənin həqiqətlərini, fədailərini yaşatmaq və tanıtmaq üzərimizə qoyulmuş böyük və məsuliyyətli işdir. Azərbaycan gənci arxa cəbhədə olduğu kimi, ön cəbhədə də Vətəni layiqli təmsil edən və gələcək Azərbaycanın daimi və parlaq inkişafının zaminidir. Çünki bu gənclik İlham Əliyevin hakimiyyəti dövründə yetişmiş, tərbiyə almış nəsildir. Öz fəaliyyətinin məğzini liderinin təcrübə və bacarığından alan gənclik eynilə rəhbəri kimi məğlubedilməzdir!

Şəmilova Dünya Mərdan

Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki