image-ilham-pasinyanbackend

Azərbaycanın diplomatik uğuru-Ermənistan ətrafında blok parçalanır-Ariz Hacıyev YAZIR 

image-reklam_sirab_01

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 6-da Praqada keçirilmiş görüşü sülh prosesində yeni mərhələyə keçid kimi qiymətləndirilməlidir. Müxtəlif formatlarda baş tutan müzakirələr ilk növbədə, sentyabrın 12-dən sonra Azərbaycanla Ermənistan arasında yaranmış hərbi gərginliyin yenidən diplomatik təmaslarla əvəz olunmasını təmin etdi. Praqada Azərbaycan üçün vacib olan bir sıra razılaşmaların əldə olunması tərəfləri böyük sülhə xeyli yaxınlaşdırıb. Bu baxımdan, Azərbaycanla Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması barədə bəyanatın qəbul olunması gələcək sülh müqaviləsinin baza sənədini təşkil edir. Ermənistan hakimiyyəti indiyə qədər sülh sazişinin tərəfdarı olduğunu dəfələrlə elan etsə də praktik cəhətdən buna əməl etmir, müxtəlif şərtlər irəli sürməklə aldadıcı manevrlər etməyə çalışırdı. Çünki sülhə nail olmaq üçün başlıca şərt Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından ibarətdir. Azərbaycanın Ermənistana təqdim etdiyi sülh prinsiplərinin beş bəndindən biri məhz ərazi bütövlüyü ilə bağlı öhdəliyi nəzərdə tutur. Artıq Nikol Paşinyanın Azərbaycanın əarzi bütövlüyünü tanıyan sənədi imzalaması Ermənistan rəhbərliyinin siyasi manipulyasiya imkanlarının tükəndiyini göstərir. Ona görə də sözügedən görüş Azərbaycanın diplomatik uğuru hesab edilir. Bəyannamə hüquqi öhdəlik yaratmasa da sülh müqaviləsinin mətninin hazırlanması üçün ciddi irəliləyiş yaradır. Rəsmi İrəvanı Azərbaycanın mövqeyi ilə barışmağa vadar edən konkret siyasi amillər mövcuddur.

Bu, birinci növbədə, danışıqlar prosesində sülh sazişinin və ərazi bütövlüyü prinsipinin əsas trendə çevrilməsi ilə bağlıdır. Yəni mövqeyindən asılı olmayaraq, bütün vasitəçi tərəflər Ermənistandan qeyd-şərtsiz sülh sazişini imzalamağı tələb edir. Bunun qaçılmaz olduğunu Paşinyan özü də gizlətmir. Ona görə də Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olub.

Siyasi ekspert Xaçatur Stepanyan Nikol Paşinyanın Praqa danışıqlarında üzləşdiyi durumu belə şərh edib:  “Ermənistanın baş naziri Nikol Paşinyan danışıqlarda heç nə təklif etmir, ona təklif edirlər və o, razılaşmağa məcburdur. Təəssüf ki, Ermənistan heç nə təklif etmir. Bütün qərarlar məcburi qoyulur. Heç kim kommunikasiyaların bloklanmasının əleyhinə deyil. Amma problem bunun hansı şəraitdə həyata keçirilməsindədir”.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti əvvəllər, 2018-ci ilə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edib. Lakin o zaman rəsmi İrəvan “Dağlıq Qarabağ”ın heç vaxt müstəqil Azərbaycanın ərazi bütövlüyü ilə heç bir əlaqəsi olmadığını göstərirdi. Stepanyan bildirib ki, Ermənistan hakimiyyəti indi Azərbaycanın ərazi bütövlüyünü Qarabağ daxil olmaqla tanıyır.

Qeyd edək ki, bu məsələdə iki faktoru xüsusi vurğulamaq lazımdır. Birincisi, rəsmi İərvan həm Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin oktyabrın 2-də Cenevrədə keçirlmiş görüşündə, həm liderlərin Praqa danışıqlarında Qarabağdakı cinayətkar rejimi müstəqil tərəf kimi müzakirələrə cəlb etməyin vacibliyi məsələsini qaldırıb. Yəni Ermənistan sülh sazişinin və ərazi bütövlüyünün tanınması müqabilində Azərbaycana Xankəndi ilə danışıqlara başlamaq şərtini irəli sürür. Lakin Prezident İlham Əliyevin “Qarabağ erməniləri bizim vətəndaşlarımızdır. Onlarla nə vaxt danışacağımız bizim daxili işmizdir, onu başqa ölkə ilə müzakirə etmək fikrində deyilik”-deməsi Azərbaycanın bu şərtdən imtina etdiyini təsdiq etdi. Yəni ərazi bütövlüyünün tanınması və ya sülh sazişi üçün Qarabağ ermənilərinin statusu şərt kimi qəbul oluna bilməz. Azərbaycanın və Ermənistanın  bir-birinin ərazi bütövlüyünü tanıması barədə Bəyannamədədə də belə bir bəndin, yaxud razılaşmanın olmadığı həmin sənəddən görünür.

Paşinyanın irəli sürdüyü digər şərt  Azərbaycanın 1991-ci il dekabrın 21-də Müstəqil Dövlətlər Birliyinin əsasları və prinsipləri haqqında Alma-Atı Bəyannaməsi imzalanan vaxt Ermənistana məxsus sərhədlərin tanınmasıdır. Baş nazir həmin vaxt Ermənistan sərhədlrinin  29,8 min kv.km təşkil etdiyini iddia edir. Ancaq sərhədlərin delimitasiyası və demarkasiyası aparılmadan bu, mümkün ola bilməz. Çünki Ermənistan Alma-Atı Bəyannaməsinin qəbul olunmasından sonra Azərbaycan ərazilərinin 20 faizini işğal edib və baza sənədini pozub. Ona görə də Azərbaycan sərhədlərin müəyyənləşməsi prosesindən imtina edə bilməz. Doğrudur, hər iki dövlət Praqada Alma-Atı sənədinə istinad edərək bir-birinin ərazi bütövlüyünü tanısa da Azərbaycan uğurlu diplomatik gediş edərək Ermənistanın şərtini qəbul etməyib. Yəni həmin sənəddə Ermənistan ərazisinin 29,8 min kv.km təşkil etməsi və onun Azərbaycan tərəfindən tanınması ilə bağlı heç bir bənd yoxdur. Bu səbəbdən, noyabr ayından etibarən tərəflərin sərhədlərin delimitasiyasına dair komissiyaların birgə fəaliyyətindən yayına bilməz. Çünki Praqa sənədi daha çox deklarativ xarakter daşıyır.

Xaçatur Stepanyanın açıqlaması da geosiyasi şərtlərin Azərbaycanın xeyrinə dəyişdiyini təsdiq edir. Paşinyan hökumətini sülh sazişini imzalamağa sövq edən əsas amil də bununla bağlıdır. Yəni Cənubi Qafqazda aktivləşən geosiyasi proseslərdə regional ağırlığın Azərbaycanın xeyrinə dəyişməsi müşahidə olunur.  Türkiyənin regionda artan geosiyasi təsiri və Rusiyanın da öz maraqlarını Bakı-Ankara müttəfiqliyinin yaratdığı yeni reallıqlara uyğunlaşdırması Ermənistanı kifayət qədər narahat edir. Bu baxımdan, Paşinyan iqtidarı İkinci Qarabağ müharibəsindən sonra formalaşmış status-kvonu ABŞ-ın və Fransanın  vasitəsilə pozmaq üçün son zamanlar fəal manevrlər edir. Ancaq Azərbaycan və Ermənistan liderlərinin Praqa görüşündə Türkiyə, Fransa və Avropa Şurası prezidentlərinin iştirakı bu siyasi oyunu əslində, pozdu. Belə ki, rəsmi İrəvan Fransa Prezidenti Emmanuel Makronun həm Tükiyə və Azərbaycanın dövlət başçıları, həm də Avropa İttifaqı Şurasının Prezidenti  Şarl Mişellin vasitəçiliyi ilə keçirilmiş görüşlərə qatılmasına Ermənistanın mövqeyini gücləndirən amil kimi baxırdı. Amma dördlük formatında keçirilən rəsmi və qeyri-rəsmi görüşlər nəticə etibarı ilə Azərbaycan üçün əlverişli şərtlərin qəbul olunması ilə yekunlaşdı.

Bu kontekstdə Ermənistanın güvəndiyi Fransanın danışıqlar prosesində Brüssel formatını dəstəkləməsi və Azərbaycana zidd mövqe nümayiş etdirməməsi mühüm məqamlardan biri kimi diqqəti cəlb edir. Praqa müzakirələrində E.Makronun iştirakı  Fransanın suveren vasitəçilik platformasından bir növ imtina etməsi kimi şərh oluna bilər. Fransa Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində təkbaşına dönüş yarada bilən qlobal oyunçu deyil. Həmçinin, Fransa Cənubi Qafqazda geosiyasi təsirə mailk olan regional aktor da sayılmır. Ermənistan Fransanın vasitəsilə ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının bərpa olunacağına ümid edirdi.

Lakin Ukraynada gedən müharibə fonunda ABŞ və Fransanın Rusiya ilə diplomatik əmkdaşlıqdan imtina etməsi bu formatın dağılmasına səbəb olub. Qərb və Rusiya diplomatlarının bir-biri ilə danışmaq belə istəmədiyini Paşinyan Praqaya getməzdən öncə Ermənistan İctimai Televiziyasına müsahibəsində də etiraf etmişdi. Əslində, müşahidə olunan nüanslardan biri rəqabətin yalnız Qərb və Rusiya arasında deyil, həm də ABŞ və Fransa arasında getməsi ilə bağlıdır. Xüsusilə, son zamanlar ABŞ-a ardıcıl səfərlər edən Ermənistan rəsmiləri qlobal oyunçu kimi Vaşinqtonun roluna daha böyük önəm verir. Bunun isə Vaşinqtonun Avropadakı rəqibi Parisi məmnun etmədiyi artıq hiss olunur. Ona görə də Prezident Makronun Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə iştirakı Fransanın Avropa İttifaqının təşkil etdiyi danışıqlar platformasına üstünlük verdiyini göstərir. Fransanın ABŞ və Rusiyadan fərqli olaraq, Avropa İttifaqının diplomatik təşəbbüslərinə qarşı çıxmaq ehtimalının olmaması Ermənistanın razılaşmalardan yayınmaq imkanını aradan qaldırır. Bu isə Brüssel formatı çərçivəsində sülh sazişinin əldə olunmasını sürətləndirə bilər. Çünki Azərbaycan da beynəlxalq nüfuza malik tərəf kimi Avropa İttifaqının vasitəçiliyinə daha müsbət yanaşır. Eyni zamanda, Fransanın bu prosesdə Avropa İttifaqı Şurası ilə eyni mövqedən çıxış etməsi Parisin Azərbaycana qarşı təzyiqlərini neytrallaşdıra bilər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki