image-download-1backend

Azərbaycanın regionda rolu daha da artmaqdadır.

image-reklam_sirab_01

Azərbaycan Respublikası XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. 1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırmış, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açmışdır.
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.
İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit və tarazlı tempini qorumaq üçün regional inkişafda tarazlılığın, hər bir bölgənin tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdən biridir. Dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş xüsusi dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanmışdır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlətə çevrilməsinin səbəblərindən biri də ölkəmizin qlobal təhlükəsizliyə əhəmiyyətli töhfələr verməsidir. Qlobal təhlükəsizlikdən bəhs edərkən əvvəla onu bildirmək lazımdır ki, yerləşdiyi regionun təhlükəsizlik qarantı olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır.
Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.
Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir.
Çoxşaxəli tarazlaşdırılmış xarici siyasət həyata keçirən Azərbaycan bütün dövlətlərlə suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmama kimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında dost münasibətləri qurur. Azərbaycanın strateji coğrafi mövqeyi onun Avro-Atlantik məkandakı siyasi və iqtisadi proseslərdə olduqca mühüm rol oynamasını təmin edib. Bu, regiondakı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində özünü büruzə verməkdədir.

Vəliyeva Rumiyə
Nəsimi rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki