image-fb_img_1627898353619backend

Azərbaycanın yüksəlişi Jirinovski kimilərinin bağrına həmişə xəncər kimi sapılacaq

image-reklam_sirab_01

Novruzəli ASLANOV,
Milli Məclisin deputatı,
Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin prezidenti

Rusiya dövlət dumasının deputatı Vladimir Jirinovski bu günlərdə «Komsomolskaya pravda» qəzetinə verdiyi müsahibəsində bir daha xəstə siyasi təfəkkürün daşıyıcısı olduğunu təsdiq etdi. İmperiya xülyasından və cəfəng «velikorus» ideologiyasından əl çəkməyən bu adam özü barəsində təlxək imici formalaşdırdığından onun növbəti sərsəmləməsinə reaksiya verməmək də olardı. Amma Jirinovski bu dəfə həm də siyasi əxlaqsızlığın ən böyük nümunəsini nümayiş etdirdi.
Rusiyanın özündə belə qeyri-ciddi imici ilə tanınan V.Jirinovskinin Azərbaycanla bağlı təhdid və hədyan dolu açıqlamaları ilk dəfə deyil. Azərbaycanın müstəqil dövlət kimi yüksəlişinə, Prezident İlham Əliyevin qətiyyətli və müstəqil siyasət yürütməsinə qısqanclığından, xalqımıza və dövlətimizə olan şovinist münasibətindən və imperiya ambisiyasından irəli gələrək bu adam sistemli şəkildə respublikamıza qarşı xəstə təxəyyülünün məhsulu olan siyasi tərbiyəsizliyini ortaya qoyur. Xatırladım ki, son olaraq bir neçə ay əvvəl azərbaycanlı gəncin Rusiyada yol polisi əməkdaşı tərəfindən öldürülməsi zamanı qatil polisə haqq qazandırmaqla Jirinovski xalqımıza və həm də Rusiyadakı digər millətlərin nümayəndələrinə qarşı irqçi mövqe tutmuşdu.
İndiki məqamda V.Jirinovskinin fikirlərinə reaksiya bildirməmək mümkün deyil. Onun bütün qırmızı xətləri keçən son müsahibəsinə deputat və siyasətçi kimi deyil, sadəcə bir vətəndaş kimi münasibət bildirməyə ehtiyac duydum. İlk növbədə onu qeyd edim ki, budəfəki sərsəmləməsi özünü siyasətçi hesab edən Jirinovskinin reallıq hissini tamamilə və ya bilərəkdən itirdiyini göstərir. Onun Prezident İlham Əliyevin bir siyasi lider və dövlət başçısı kimi kimi fəaliyyətinin mahiyyətinə və məzmununa uyğun gəlməyən fikirləri göstərir ki, Jirinovski kimin kim olduğunu qətiyyən dərk etmir. Sual olunur ki, Ermənistanı müharibədə məğlub edən, Paşinyanı öz şərtləri əsasında kapitulyasiya aktına imza eatmağa məcbur edən İlham Əliyevi harasa çağırmaq olarmı? Jirinovski özü də yaxşı bilir ki, keçmiş postsovet regionunda müstəqil siyasət yürüdən nadir dövlət başçılarından biri olan Prezident İlham Əliyevi harasa yalnız dəvət etmək olar. Özü də anlayır ki, cənab İlham Əliyevin barəsində işlətdiyi ifadələr əslində Ermənistanın baş naziri Paşinyanın siyasi keyfiyyətləri tam üst-üstə düşür.
Siyasi arena çox geniş bir mübarizə meydanıdır. Ona görə nəinki müxtəlif baxışlara, həm də hər cür xislətə malik siyasətçiyə rast gəlmək mümkündür. V.Jirinovski kimi adını siyasətçi qoyanlar isə ümumiyyətlə nəinki təmsil etdikləri siyasi qrupa, həm də dövlətə ləkədirlər. Bu gün məhz Jirinovski kimiləri Rusiyanı dünyaya özünün bədxah siyasəti ilə tanınan dövlət kimi təqdim edirlər. Belələrinin çıxışlarından yaranan təəssürat ondan ibarətdir ki, Rusiya bir sıra keçmiş sovet respublikaları ilə qarşılıqlı ikitərəfli əməkdaşlıq adı altında onları özünün sadəcə siyasi-hərbi və iqtisadi orbitində saxlayır. Əlbəttə, Jirinovski kimiləri tərəfindən bu cür qeyri-səmimi, o cümlədən imperialist və işğalçı siyasət yürüdən dövlət kimi təqdim olunması Rusiyanın dünyada mənfi reputasiyasını şərtlərindən əsas amillərdən biri kimi çıxış edir. Məsələyə bu prizmadan yanaşdıqda Qərb dünyasında Rusiyaya qarşı siyasi cəbhənin formalaşmasını, sanksiyaların tətbiq edilməsini başa düşmək olar.
Bu baxımdan Jirinovski kimi «siyasətçilər» qeyd etdiyim kimi reallıq hissindən uzaq olmaqla yanaşı, öz riyakar açıqlamaları ilə Rusiyanı beynəlxalq münasibətlər sistemindən, yaxın tərəfdaşlardan uzaqlaşdırırlar ki, bu da perspektivdə onun mənsub olduğu dövlətə heç bir uğur vəd etmir. Onun dost ölkələrlə, o cümlədən Azərbaycanla münasibətlərə kölgə salan son fikirlərinə Rusiyanın siyasi dairələrinin etiraz etməməsi də təəssüf və təəccüb doğurur. Ümid edirəm ki, Rusiyanın sağlam siyasi qüvvələri və siyasətçiləri Jirinovskiyə bu siyasi səhvinə görə cavab verəcəklər. Rusiyada Azərbaycana ehtiramla yanaşan, xalqımızı sevən siyasətçilər çoxdur. İnanıram ki, onlar 44 günlük müharibədə ədalətli və obyektiv mövqe ortaya qoyduqları kimi Azərbaycanın Rusiyadan incik düşməsinə də imkan verməyəcəklər.
Jirinovski demək olar ki, heç vaxt pozitiv siyasi fəaliyyət nümunəsi ortaya qoymayıb. Bu adam heç vaxt dostluqdan, əməkdaşlıqdan danışmayıb. Onun partiya sədri və deputat kimi siyasi fəaliyyəti ayrı-ayrı dövlətlərin Rusiyadan üz döndərməsinə hesablanıb. Bu adam sanki odun üstündə benzin tökmək üçün proqramlaşdırılıb. Ümumiyyətlə bu adamın adı belə ətrafa mənfi enerji yayır. Jirinovskilər öz fəaliyyətləri ilə Rusiyanın maraqlarına da zərbə vururlar. Əgər Rusiya beynəlxalq birliyin subyektləri ilə siyasi və iqtisadi inteqrasiyanın inkişafında maraqlıdırsa, keçmiş sovet respublikaları ilə münasibətlərinin normal məcrada davam etməsinin tərəfdarıdırsa, bu cür «siyasətçilərdən» xilas olmalıdır.
Jirinovskinin müsahibədə səsləndirdiyi fikirlərin Azərbaycanla Rusiyanın münasibətlərini gərginləşdirməyə xidmət etməsi aydındır. Bu məqamda belə bir sual yaranır: Jirinovskinin bu sərsəmləməsi təsadüfidirmi və ya onun öz fikridirmi? Ümumiyyətlə həyatda təsadüflər olmur və ya hər bir təsadüf zərurətdən doğur. Onun ölkəmizə qarşı tərbiyəsizliyini məhz Azərbaycan Türkiyə və Pakistan arasında Bakı Bəyannaməsinin imzalanmasından sonra etməsi ondan xəbər verir ki, heç nə təsadüfi deyil. Bu baxımdan Jirinovskinin Azərbaycanın Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlığa xidmət edən Bakı Bəyannaməsinin imzalanmasından sonra sərsəmləməsi göstərir ki, İlham Əliyevin yürütdüyü qətiyyətli və cəsarətli siyasət şimal qonşumuzun siyasi dairələri tərəfindən bədxahlıqla qarşılanır. Həm də Jirinovskinin müvafiq siyasi sifarişlərin ötürülməsi kimi siyasətçi adına yaraşmayan bir missiyanı yerinə yetirdiyi, alət rolunu oynadığı da məlum məsələdir. Bu tip «siyasətçilər» heç vaxt özlərinin müstəqil fikirlərini ifadə etmirlər.
Bütövlükdə, Jirinovskinin müsahibədə səsləndirdiyi fikirlər Azərbaycan- Rusiya əlaqələrinin və Prezident İlham Əliyevlə Vladimir Putinin dostluq münasibətlərinin ruhuna ziddir. Ona görə Jirinovski bir daha təsdiq etdi ki, tərbiyəsi olmayan, anormal və xəstə təfəkkürlü bir insandır. Onun böyük psixoloji yardıma ehtiyacı var.Amma bu adam hətta ölkəmizə səfər etdikdən sonra da bu cür sərsəmləyir və tərbiyəsizlik edirsə, deməli müalicəsinin də heç bir nəticəsi olmayacaq. Psixoloji problemləri olan insan təsiri bağışlayan fiziki görkəmi, saçlarını qaydaya salmaması, geyimindəki çatışmazlılar göstərir ki, Jirinovski adekvat insan deyil.
Azərbaycan-Rusiya münasibətləri isə strateji xarakter daşıyır. İki dövlətin prezidentləri arasında səmimi dostluq münasibətləri var və Jirinovski kimiləri buna xələl gətirə bilməyəcəklər. Azərbaycan adlı karvan isə bundan sonra da öz yolu ilə addımlayacaq. Heç bir qüvvə onu öz yolundan dayandıra və sapdıra bilməz. Bu karvan indiyədək öz mənzilinə çatıb və bundan sonra da çatacaq. Onun ətrafında küləklər, fırtınalar və toz burulğanları ola bilər. Kimlərsə bu karvanın arxasınca qaçıb ona maneçilik törətməyə cəhd edə bilər. Amma bu karvanı dayandırmaq qeyri-mümkündür. Bizin karvanımız öz yolu ilə həmişə inamla addımlayacaq.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da inkişaf edəcək, öz maraqlarını qətiyyətlə təmin edəcək. Dövlətimizin yüksəlişi həm də Jirinovski kimilərinin bağrına xəncər kimi sapılacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki