“Noyabrın 1-dən ömrümün 5 ilini köşə yazarı, 3 ilini redaktor, 4 ilini baş redaktor kimi sərf etdiyim doğma Kulis.az-dan ayrılıram”.
Veteninfo.az-ın məlumatına görə, bunu Kulis.az-ın baş redaktoru vəzifəsindən ayrılan tanınmış yazıçı Şərif Ağayar bildirib.
“Kulis mədəniyyət tariximizin ciddi hadisəsidir. Mən ilk cümləmi yazandan son nöqtəmi qoyanacan bu məsuliyyəti anlamışam və anlamayanlarla, anlamaq istəməyənlərlə daim dava-qırğın eləmişəm.
İndi işdən ayrılmağımın da ən vacib səbəbi elə həmin bu məsuliyyət hissidir.
Kulisə kənardan bir çoxuna gülməli gələn qəribə – Novruzıli sədaqəti bəsləmişəm!
Danmayacam, bu illər ərzində narazılıqlar da olub, anlaşılmazlıqlar da. İstər APA Group-da, istər Kulisin özündə, istərsə də kənarda məni sevməyən, pislik edən, hətta şər-böhtan atmağa çalışan adamlarla da rastlaşmışam.
Lakin mən güclü adamam və belə xırda söz-söhbətlər ciddi qərar verməyimə səbəb ola bilməz.
Kulisi öz məqamında saxlamaq üçün güc, enerji və zaman lazımdır. Üstəlik yolum uzaqdır. Hər gün üç saat maşınlarda, qatarlardayam. Yazılarımın bir çoxunu bu yollarda telefonla yazmışam.
Gileylənmirəm.
Sadəcə gerçəkləri izah etmək istəyirəm.
Həyatım həmişə çətin keçib. Özümü hərbi əsir kimi hiss etdiyim bu ölkənin zülmkar həyat şərtləri altında maaşla yaşayan və dürüstlüyə axmaqcasına bağlı olan birisiyəm. Vəziyyətimi anlamaq çox da çətin olmamalı…”.
Ş.Ağayar bildirib ki, baş redaktor işlədiyi müddətdə yazıçı kimliyi, şəxsi qayğıları həmişə arxa plana atılıb, bir də onda ayılıb ki, dəhşətli dərəcədə yorulub:
“İstefa etmək fikrinə bir ildir gəlmişəm. Rəhbərliyə də aylar öncə demişdim.
Hörmətli Vüsalə Mahirqızı sağ olsun. Kulis üçün, mənim də orda işləməyimə verdiyi fürsət üçün və ən nəhayət son qərarımda məni başa düşdüyü üçün.
APA Group, o cümlədən Kulis mənə doğma ünvan olaraq qalacaqdır. İllərin xoş xatirələrinə və aradakı xətir-hörmətə sayğım əbədidir.
Onu da deyim: redaktor və yazıçı kimi fəaliyyətim davam edəcək.
Həm də daha çox və daha səmərəli”.