Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Ramazan bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün aprelin 10-dan 14-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.
AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Qeyd edək ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri //biletim.az/ portalından onlayn qaydada, həmçinin avtovağzalların satış kassalarından əldə edə bilərlər.