Bizim ən təntənəli, şən əhval ruhiyyəli keçirilən bayramlarımızdan bir də Novruz bayramıdır. Bu bayram özü ilə oyanış, yenilik, yaz ətri ilə dolu gəlir. Novruz bayramı demək olar ki, hər kəsin sevdiyi bayramdır. Uşaqdan böyüyə hər kəs bu bayramı sevinclə qarşılayır. Bayram öz xüsusiyyətləri ilə digər bayramlardan fərqlənir. Papaq atmaq, qulaq falı, keçəl-kosa, şəkərbura, paxlava, səməni və s. bütün bu atributlar özündə Novruzu cəmləyir. Səmavi kitabların ən dolğunu, qüsursuzu, insan üçün ən faydalısı olan “Qurani- Kərim” Allah kəlamı, Allah buyruğudur. Novruz adətlərini diqqətlə araşdırsaq, görərik ki, “Qurani-Kərim”də təsbit olunan bəşəri keyfiyyətlər bu adətlərimizi özündə birləşdirib. Novruzda insana , təbiətə, vətənə sevgi var, şərə qarşı mübarizə və xeyrin isə təntənəsi var, barışığa, milli birliyə, əqidə bütövlüyünə çağırış hiss olunur.
Bu baxımdan Novruz adətlərinin məktəblərimizdə tədris olunmasına xüsusi önəm verilməlidir. Gənc nəslin istər milli, istər ümumbəşəri keyfiyyətlərinin, onların dünyagörüşünün yüksək dəyərlər əsasında formalaşması prosesində Novruz adətlərinin təbliği faydalı və əhəmiyyətlidir.
Novruzun tarixi türkün qədim tarixi hesab olunur və Azərbaycan xalqının ulu tarixidir. Novruzqabağı çərşənbələr kiçik çillədən sonra — boz ay girəndə başlanır. Boz ay bir çox yerlərdə, konkret olaraq Qərbi Azərbaycanın Ağbaba — Şörəyel bölgəsində “bərdənəcüz”lə başlardı. Bu, fevralın 21-22-nə təsadüf edir. Həmin günlər Xıdır Elləz mərasimləri keçirilirdi. Xızır, Xıdır İlyas əbədiyaşarlıq timsalıdır. O gün xəşil bişirən kim , qovut ovaran kim. Qışın bitməsi ilə əlaqədar hamı bir-birinə sovqat pay verər, bir-biri ilə paylaşardı. Elə həmin gecə Qurdoğlu (ona Kürdoğlu da deyirlər) “qayada qalır”. Bacısına sovqat aparan zaman yolda şiddətli borana düşür və bir qayanın koğuşuna daldalanır, yazığın soyuqdan bədəni keyləşir. Qar koğuşun ağzını subayır. Səhərə yaxın Qurdoğlunun soyuqdan donmuş bədəninə bir hənir gəlir. Torpaqdan çıxan ilıq buğ — nəfəs onun canını isitməyə başlayır. Yenidən cana gələn Qurdoğlu ölümdən xilas olur burdan da “Bərdəncüz” dirçəliş, oyanış anlamını verir . “Bər” farsca quru çöl, səhra, “cüz” isə ərəbcə hissə deməkdir.
Bu ifadənin özü də hərfi tərcümədir, amma dirçəliş Qurdoğlu borana düşdüyü hissəsindən başlayır. Elə su çərşənbəsi də bərdənəcüzdən sonra gəlir. İlk çərşənbənin də su ilə bağlı olması heç də təsadüfi deyil. Su başlanğıcdır. Bütün canlı aləm sudan yaranıb. “Oğuz xan” dastanında Oğuz oğlu öz qadınını suyun içindəki ağacın koğuşundan tapır. Növbəti çərşənbə od çərşənbəsidir. Od hərarətdir,istilik mənbəyidir. Su odla qaynayar. Əvvəl su lazımdır: boş çaydanı ocağın üstünə qoymazlar. Odla suyun birliyindən isti buxar yaranır, havanı isidir (Yel çərşənbəsi). Nəhayət, ilaxır çərşənbə — Torpaq çərşənbəsi. Dörd ünsürün birləşməsindən dirilik, həyat, oyanış və əhya başlanır. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” kimi elan olunub. Bu bayram yalnız Azərbaycanda təntənəli qeyd olunmur,hər yerdə bu bayram özünəməxsus qeyd olunur.
Mamedova Fəridə- Nəsimi rayon sakini


























