Mayın 1-də xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının sədrinin müavini Olena Kondratyuk ilə görüşüb.
XİN-dən Vətəninfo.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Ukrayna arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan və Ukrayna arasında mövcud sıx təmasların əməkdaşlığa töhfəsindən bəhs edərək, bu istiqamətdə parlament üzvləri arasında əlaqələrin də tərəfdaşlığımızın inkişafında mühüm rol oynadığını qeyd edib.
Münasibətlərimizin əsasında dayanan ərazi bütövlüyü və suverenlik prinsiplərinə bütün platformalar çərçivəsində daimi dəstəyin nümayiş etdirilməsinin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.
İki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, regional sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Ukrayna tərəfi Azərbaycanın hər zaman beynəlxalq hüquq normalarına, xüsusilə ərazi bütövlüyü prinsipinə münasibətdə sərgilədiyi yanaşmaya, habelə göstərilən humanitar dəstəyə görə təşəkkür ifadə edib. Strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da inkişaf etdirilməsinə dair inam ifadə olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.