Çin ABŞ-nin İrana qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etmək siyasətinə etiraz edib və Tehranla əməkdaşlığının pozulmasına və ya zəiflədilməsinə imkan verməyəcəyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, “iqtisadi müharibə və maksimum təzyiq” siyasəti İran məsələsinin həllinə kömək etmir. Onun sözlərinə görə, bu cür yanaşma əksinə, regionda gərginliyi və qarşıdurmanı daha da artırır.
Lin Jian Çinin İranla əməkdaşlığının beynəlxalq hüquq çərçivəsində həyata keçirildiyini vurğulayıb.
“Çin ilə İran arasında normal iqtisadi və ticarət əməkdaşlığı beynəlxalq hüquqa uyğundur və pozulmamalı və ya zəiflədilməməlidir”, – deyə Çin rəsmisi bildirib.
O əlavə edib ki, Pekin vəziyyəti diqqətlə izləyir və öz qanuni hüquq və maraqlarını qorumaq üçün “bütün zəruri tədbirləri” görəcək.
Çin rəsmisinin açıqlaması Vaşinqtonun İrana qarşı təzyiqləri artırdığı bir vaxtda Pekinlə ABŞ arasında Tehran məsələsində fikir ayrılıqlarının dərinləşdiyini göstərir.


























