image-indirbackend

“Çirkli “pullar, yoxsa saf olmayan niyyət?

image-reklam_sirab_01

Bu günlərdə saytlardan birində “Osman Gündüz yazır…” manşeti altında bir yazı ilə rastlaşdım. Yazı ilə bərabər söndürülmüş mikrofon qarşısında oturub eynək arxasından kameraya yox, kənara boylanan qəzəbli bir sifət gördüm və tanıdım. Osman Gündüzün nə yazdığını bilmək üçün oxumağa başladım və heyrətlənməyə bilmədim. Əlbəttə, Osman Gündüzovun intellektinə yox, onun qeyri-obyektivliyinə heyrətləndim. Ona heyrətləndim ki, Osman Gündüz də Cavanşir Feyziyevdən yazır. Onun hazırda Britaniyada mübahisə predmetinə çevrilmiş vəsaitlərini “çirkli pullar” adlandıran Osman az qala prokuror kimi mülahizələr irəli sürür, “çirkli” adlandırdığı bir başqasının pullarının ölkə daxilində startapların inkişafına yönəldilməsini məsləhət görür. Bu arada Osman Gündüzov Vençur Fondunun yaradılması haqqında şəxsən özünün də ideyasının olduğunu bildirir. Sən demə, Osman Gündüz öz ideyasını həyata keçirə bilmədiyi üçün bu qədər qəzəbli imiş. Osman Gündüz yazır ki, “…ölkədə investisiya ala bilməyən startaplar regional və qlobal bazarlara üz tutaraq investisiya əldə edirlər”. Burada da xoruzun quyruğu görünməyə başlayır. Özünü hərdən GHT təmsilçisi kimi təqdim edən və əslində kimə və nəyə xidmət etdiyi hələ də qaranlıq görünən Osman Gündüzov deyəsən xaricdən maliyyə yardımı da alır və yeri gəlmişkən, burada həmin maliyyəni anti-milli siyasi fəaliyyət üçün deyil, guya startap üçün aldığını da eşitdirmək istəyir. Osmanın kim olduğunu bilmək üçün Vikipediada onun özü tərəfindən tərtib olunmuş bioqrafiyasına baxırıq. Tərcümeyi-halı cəmi bir neçə çümlədən ibarət olan Osman Gündüzov 1993-cü ildən Xalq Cəbhəsinin üzvüdür, Xalq Cəbhəsi hakimiyyəti tərəfindən Balakən rayonuna icra başçısı təyin olunub və cəmi 1 ildən sonra vəzifəsindən azad olunub. Osman Gündüzün özü haqqında yazdığı ən maraqlı cümlə isə ondan ibarətdir ki, o Azərbaycan İnternetinin inkişafı, tənzimlənməsi və özünütənzimləməsi ilə bağlı müxtəlif beynəlxalq tədbirlərin iştirakçısıdır. Bərəkallah! Yəqin Osman bilməmiş deyil ki, indi hər bir məktəb yaşlı uşaq da internetin inkişafı ilə bağlı çoxsaylı forumların, treyninqlərin, seminarların və s. iştirakçısıdır. Görünür 60 illik həyatında qürurlanacağı bir hadisə axtarıb tapmadığından internetlə bağlı iştirak etdiyi bir neçə toplantıları da Vikipediyada qeyd etməyi unutmayıb. Amma həyatının vacib anlarını unudub Osman. Osman Gündüzov onu unudub ki, 90-cı illərdə İcra Hakimiyyəti başçılığından çıxarılandan sonra hələ o zaman uğurlu biznesmen kimi tanınan, yüzlərlə iş yeri yaratmış Cavanşir Feyziyevin yanına gəlmişdi və ondan kömək istəmişdi. Onun internetlə bağlı irəli sürdüyü hansısa layihəni maliyyələşdirməyi xahiş etmişdi. Cavanşir Feyziyev də ona istədiyi köməyi etmişdi. Onu da bilirəm ki, daha sonrakı illərdə də Osman Gündüz bir neçə dəfə Cavanşir Feyziyevə zəng vurub və istədiyi yardımı alıb. Osman Gündüz unudur ki, bütün bunlar mənim yanımda baş vermişdi. Mən hələ tələbəlik illərimdən bu günə qədər Cavanşir Feyziyevin yanında olmuş bir adamam. Indi oxucular desin ki, çirkli olan nədir – Cavanşir Feyziyevin hələ 90-cı illərdən başlamış 20 illik biznes fəaliyyəti sayəsində öz intellekti və zəhməti hesabına qazandığı pullar, yoxsa Osman Gündüzün yanaşması? Əminəm ki, Cavanşir Feyziyevin pullarının çirkli olmadığını məhkəmə deyəcək. Bax elə o zaman bu insanlar niyyətlərinin və vicdanlarının çirkli olduğunu təkzib edə bilməyəcəklər.

Şahin Bərgüşadlı

Mənbə: korrespondent.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki