image-1backend

COP29 çərçivəsində “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirə keçirilib

image-reklam_sirab_01

COP29 çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirə keçirilib.

Vətəninfo.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva qeyd edib ki, Azərbaycanda 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair 5 milli prioritetdən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi çox təqdirəlayiq haldır.

“Bundan əlavə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası, eyni zamanda, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.

İqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirilən kompleks tədbirlər və beynəlxalq arenada durmadan artan nüfuzunun nəticəsidir ki, bu gün müstəqil Azərbaycan Respublikası COP29 kimi qlobal əhəmiyyətə malik mötəbər bir tədbirə ev sahibliyi edir.

Məlum olduğu kimi iqlim ədalətinin təmin olunmasında əsas aktorlardan biri olan Ombudsmanlar və milli insan hüquqları təsisatları insan hüquqları sistemində mühüm yerlərdən birini tutan sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi, iqlim dəyişikliklərinə qarşı həssas olan qrupların hüquqlarını qoruması sahəsində mühüm rola malikdirlər”, -o bildirib.

S.Əliyeva qeyd edib ki, bu baxımdan ölkə Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış COP29-un Təşkilat Komitəsində Azərbaycan Ombudsmanının da təmsil olunması da məhz iqlim dəyişmələri zamanı insan hüquqları aspektlərinin nəzərə alınması məqsədinə xidmət edir.

“Hazırda qlobal müstəvidə Azərbaycana bəslənilən böyük hörmət və etimadın göstəricisi olan bu nüfuzlu tədbirin yüksək səviyyədə təşkil edilməsi, ölkəmiz və bütövlükdə bəşəriyyət üçün uğurlu nəticələrin əldə olunması naminə COP29 Təşkilat Komitəsinin üzvü kimi biz də milli insan hüquqları təsisatı olaraq, olaraq bütün imkanlarımızla bu prosesə öz töhfəmizi verməyə çalışmışıq.

Yeri gəlmişkən, bu çərçivədə Ombudsmanın təşəbbüsü əsasında Azərbaycan dövlətinin dəstəyi ilə cari ilin 2 oktyabr tarixində “İqlim Dəyişikliyi və İnsan Hüquqları: Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Rolu” mövzusunda Beynəlxalq Bakı Forumu keçirilmişdir”, – S.Əliyeva bildirib.

Onun sözlərinə görə, forumda iqlim dəyişikliyinin yaratdığı problemlər və onların həlli yolları insan hüquqları perspektivindən müzakirə olunmuş, bu sahədə mövcud müsbət təcrübələr paylaşılmış, mühüm çağırışlar irəli sürülmüş, daha sonra Forum iştirakçılarının Yekun Bəyannaməsi qəbul edilmişdir.

“Azərbaycan Ombudsman təsisatının təşkilatçılığı ilə “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: milli insan hüquqları institutlarının rolu” adlı bugünkü plenar müzakirənin də keçirilməsində məqsəd məhz COP29 çərçivəsində “İqlim dəyişikliyindən ən çox təsirlənən həssas qrupların qorunması: problemlər və qarşıda duran vəzifələr”, “Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq ətraf mühitin mühafizəsi”, “İqlim ədalətinin təmin edilməsində Ombudsman təsisatının rolunun artırılması imkanları”, “İqlim dəyişikliyi nəticəsində yaranan insan hüquqları pozuntularının qarşısının alınmasında milli insan hüquqları institutlarının rolu və onların müdafiəsi strategiyaları” və digər bu kimi aktual mövzulara toxunmaqdır.

Hesab edirəm ki, iqlim dəyişikliyi qlobal bir problem olduğuna görə, milli və beynəlxalq səviyyədə əməkdaşlığın inkişaf etdirilməsi, insanların iqlim dəyişikliklərinin hüquqi, sosial və iqtisadi təsirləri barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi çox önəmlidir. Buna görə də qlobal miqyasda insan hüquqlarını qorumaq üçün daha geniş müzakirələr aparılmalı və beynəlxalq hüquqi çərçivə daha da təkmilləşdirilməlidir. Azərbaycanın və digər ölkələrin bu məsələyə dair təcrübələri mübadilə edilməli və ən yaxşı praktikalar geniş yayılmalıdır.

Fürsətdən istifadə edərək hər birinizi bu istiqamətdə həmrəylik nümayiş etdirməyə, milli və beynəlxalq səviyyədə təxirəsalınmaz tədbirlərin görülməsi istiqamətində birgə əməkdaşlığa çağırıram”, – S.Əliyeva əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image