image-2backend

COVİD-lə bağlı qorxunc durum: Eskpertdən sərt ittihamlar və təkliflər

image-reklam_sirab_01
“Yenidən tədrisdə qapanmaya getmək ciddi fəsadlar yaradacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov koronavirusa yoluxub dünyasını dəyişən birinci sinif şagirdindən danışarkən deyib. O bildirib ki, hansı məktəbdə, kollecdə, universitetdə yoluxma halları varsa, yalnız o məktəblərdə tədrisi onlayn qaydada həyata keçirmək lazımdır:

 

“Bu gün Azərbaycanda fəaliyyət göstərən 4435 məktəbdə 85 626 sinif var. 22 sentyabrdan ənənəvi tədris bərpa olunandan sonra 280-ə yaxın sinif və 4 məktəb COVİD-19-a yoluxma faktına görə distant təhsilə keçib. Görürük ki, distant təhsilə keçən siniflərin sayı 0.4 faiz ətrafındadır. Artıq ali və orta ixtisas təhsili müəssisələrində də 14 günlük distant təhsilə keçid edən qruplar var. Hazırda payız fəslidir və mövsümü xəstəliklər var. Amma bütün qızdırması olanlar, öskürənlər koronavirus infeksiyasına yoluxub demək deyil. 2019-cu ilin eyni dövrünün rəsmi rəqəmlərinə baxsaq, eyni dövrdə 33897 azyaşlı uşaqlarda qrip, yuxarı nəfəs yollarının infeksiyası, angina, sətəlcəm, bakterial dizinteriya və s. xəstəliyinə yoluxub. Çox təəssüflər olsun ki, 2019-cu ildə bu və ya digər xəstəliklərdən vəfat etmiş məktəblilər də olub. Hər kəs haqlı olaraq narahatdır və təşviş içindədir. Hər kəs arqumentində haqlıdır. Amma mövcud vəziyyətdən sui-istifadə etmək cəhdləri daha çoxdur. Xüsusilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri buna cəhd edir. 22 sentyabra qədər Təhsil naziri Emin Əmirullayevin, Təhsil Nazirliyinin və mənim bütün sosial şəbəkə hesablarımıza hər kəs yazırdı ki, ənənəvi qaydada dərslər bərpa edilsin. İndi isə tam əksi baş verir. Böyük əksəriyyət təhsil alanlar tədrisin onlayn rejimdə davam etməsi ilə bağlı müraciətlər edirlər”.
Kamran Əsədov gündəlik həyatda pandemiya dövrünün qaydalarına riayət olunmadığını vurğulayıb:
“Nə ictimai nəqliyyatda, nə restoran və əyləncə mərkəzlərində, nə küçə və parklarda ara məsafə, dezinfeksiya tədbirləri görülmür. Bircə bu qaydalara riayət olunan təhsil müəssisələrini problem olaraq görürük. Məsələn, Zoopark açılandan sonra ora günlük onlayn bilet satışı min ədəd nəzərdə tutulub. Zooparkın qarşısındakı sıxlığı görürsünüz. Təkcə şənbə və bazar günləri Zooparka gedənlərin sayı 5 min nəfərə çatıb. Bundan əlavə, İpone 13 mobil telefonu satışa çıxarılıb, bir dükanda olan sıxlığı gördünüz. Həmən dükanlara giriş edənlərin sayı 1200-nəfərdən çox olub. Hər gün MOLL və digər istirahət və əyləncə mərkəzlərində sıxlığı görürsünüz. Təkcə şənbə və bazar günləri uşaq əyləncə mərkəzlərinə gedən məktəb yaşlı uşaqların sayı 12 min nəfərdən çox olub. Bu arqument doğru deyil ki, həmən yerlərə gediş könüllü, məktəbə məcburidir. Həmin istirahət və əyləncə mərkəzlərinə övladlarını aparan və heç bir sosial məsafə qaydalrına riayət etməyən valideyinlər məktəblə bağlı narahatlıqlarını bildirirlər”.
Təhsil müəssisələrində dərslər dayanıb online-distant tədrisə keçirilsə nə olacaq? 
Ekspert bunu belə əsaslandırıb:
“2 milyon insan hər hansı bir yoxlanılmaya cəlb edilmədən rahatlıqla ictimai nəqliyyatda, restoranda, parkda, əyləncə mərkəzlərində gəzəcək ki, bu, daha təhlükəlidir. Təhsil müəssisələri fəaliyyət göstərəndə 1.6 milyon şagird, 250 min tələbə, 180 min müəllim və digər texniki işçilər hər gün yoxlanılmaya cəlb edilir, əlamət müşahidə olunan şəxslər cəmiyyətdən təcrid olunur. Bundan başqa, onlayn dərslərə qoşulmaq üçün alətləri olmayan 500 mindən çox şagird və tələbə tədrisdən kənarda qalacaq. Onlayn-distant dərsləri tələb edənlərin böyük əksəriyyəti subyektiv olaraq bunu istəyir. Ya işləyirlər, yada da mövcud vəziyyətdən sui-istifadə etmək cəhdi edirlər. Ümumilikdə isə bu bizim üçün virusdan daha təhlükəlidir. Çıxış yolu kimi təklif edirəm ki, aşağıdakı təhsil alma formalarından istifadə olunsun:
1. Hazırda olan vəziyyət qalsın. Dərslər davam etsin.

2. Kim istəyirsə, ənənəvi qaydada dərslərdə iştirak etməsin, onlar üçün onlayn-distant dərslər təşkil edilsin. Amma daha Microsoft Teams platformasında, kamera və mikrafonun söndürülməsi yolu ilə yox-daha sərt nəzarət, ciddi şəkildə tədris, heç bir güzəşt olamdan. Ən azı Bakı Dövlət Universitetinin tətbiq etdiyi BLACKBOARD proqramı ilə. Kamera və mikrafon bağlı olan kimi avtomatik olaraq iştirakçıya QAYIB yazılır. Müəllim də dərsdən 45 dəqiqə orta məktəbdə, 80 dəqiqə universitetdə tez çıxdıqda dərs keçirilməmiş hesab edilir, əmək haqqı yazılmır. Bizim üçün tədrisin keyfiyyətinin yüksəldilməsi vacibdir.
3. İştirakçı nə ənənəvi nə də onlayn-distant dərslərdə iştirak etmir. Özü öyrənmə yolunu seçir, amma 4 həftədən bir keçirilən dərslərdən ciddi şəkildə yoxlanılır. Əlbəttə ki, bu rüşvətxorluq hallarına yol açmamalıdır. Yoxlamanı anonim şəkildə başqa bir təşkilat yoxlamalıdır”.
Kamran Əsədov təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant, onlayn təhsilə keçməyin tərəfdarı olduğunu bildirib:
“Amma bunun tam şəkildə bütün təhsil müəssisələrində yox, yalnız yoluxma halları baş vermis təhsil müəssisələrində həyata keçirilməsi lazımdır. Bundan başqa, onlayn dərslər şagirdlərə fiziki, psixoloji problemlər yaradır”.
Qeyd edək ki, koronavirusa yoluxan Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki