Millət vəkili, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Qadın və idman komitəsinin rəhbəri və İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva Şahzadə Əbdüləziz bin Türki əl Faysalın dəvəti ilə “Səudiyyə Oyunları-2022” idman yarışlarında iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.
Səfər çərçivəsində K.Nurullayeva beynəlxalq Olimpiya ailəsinin üzvləri ilə birgə yarışların başlanması ilə əlaqədar təşkil olunmuş qala ziyafətdə iştirak edib. Ziyafət zamanı millət vəkili Beynəlxalq Olimpiya Komitəsinin sabiq vitse-prezidenti və İdarə Heyətinin üzvü, BMT-nin Minillik İnkişaf Məqsədləri üçün xoşməramlı səfiri və Mərakeşin keçmiş gənclər və idman naziri Naval El Moutavakel ilə görüşərək qadınların idmana daha aktiv şəkildə cəlb olunması, o cümlədən onların idman sahəsində üzləşdikləri problemlərin həlli yollarının araşdırılması və bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıb.
Sonra millət vəkili Birinci Səudiyyə Oyunlarının təntənəli açılış mərasiminə qatılıb. Mərasimdə Beynəlxalq Olimpiya Komitəsinin üzvləri, beynəlxalq idman federasiyalarının rəhbərləri, milli olimpiya komitələrinin prezidentləri, olimpiya çempionları və dünya idman ictimaiyyətinin bir çox tanınmış simaları iştirak ediblər.
K.Nurullayeva həmçinin Səudiyyə Oyunları çərçivəsində baş tutan basketbol, həndbol, futzal, voleybol, padel, ağırlıqqaldırma və digər yarışları da izləyib. Oyunlardan sonra millət vəkili idmançılarla da görüşüb, onlara yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, oktyabrın 27-də start götürən “Səudiyyə Oyunları-2022” noyabrın 7-nə
qədər davam edəcək. Səudiyyə Ərəbistanı Krallığının tarixində ilk dəfə keçiriləcək olan bu yarışda 45 fərqli idman növündən 6000-dən çox idmançı mübarizə aparacaq.