image-reklam-veteninfo
image-photo-2022-03-17-11-57-47-1backend

Dostluq, həmrəylik – Novruz Bayramı

image-reklam-veteninfo

Novruz bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Bu bayramın tarixi mənbələrdə ulu Zərdüşt dinindən gəldiyi qeyd olunur. Eyni zamanda bu bayram Hicri-şəmsi və Bəhai dininin təqvimində də yeni ilin ilk günü kimi qeyd olunur. Novruz yeni gün və Bahar bayramı olmaqla Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə , yəni martın 20-si, 21 və 22-də keçirilir. Bir sıra xalqlar ta qədimdən yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb və bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Elmi araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara – Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimum 5000 il müəyyən edirlər. İlk yazılı abidələrdə qeyd edilir ki, Novruz bayramı eramızdan əvvəl 505-ci ildə meydana gəlib.

Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb.

Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq – Su, Od, Torpaq və Yel çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə torpağın, dördüncü çərşənbədə isə küləyin köməyi ilə ağaclarda tumurcuqlar cücərir və bütün bunlar yazın gəlişindən xəbər verir.

Qədim zamanlardan başlayaraq Azərbaycanda, İranda, Əfqanıstanda, Tacikistanda, Özbəkistanda, Qazaxıstanda, Türkiyədə, Qırğızısnatda, Krım tararlarında, kürdlərdə və bir çox Şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunlara- atırma, halay, bənövşə, cıdır, ənzəli, Kosa-Kosa və bu kimi oyunları aid edə bilərik. Çox əfsus ki, indi bu oyunlar demək olar ki, məmləkətimizin çox yerlərində keçirilmir.

“Novruz” , “Yeni gün” təbiətin canlanması deməkdir. Ona görə də qədimlərdən elimizin adətinə görə hər evdə səməni qoyular, təmizlik işləri görülər, ağac əkilər, küsülülər barışar bu bayramda. Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Bu bayrama ta qədimlərdən başlayaraq, dörd həftə qalmış, insanlarımız hər çərşənbə axşamı və bayram günü tonqal qalayır, mahnı oxuyur, oda, atəşə, günəşə olan etiqad və inamını ifadə edirlər. Bütün bu mərasimlər də hələ İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır. Deməli, xalqımız və bütün türkdilli xalqlar bu bayramı çox qədimlərdən keçirməyə başlayıblar. Ona görə də bu bayram bizim milli bayramımızdır.

Qədim inanclara görə  kainat 4 ünsürdən – su, od, torpaq və havadan yaranıb. Ona görə də hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur.

 

Bu çərşənbələrdən birinci- su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Ona görə də ta qədimlərdən qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.

İkincisi- od çərşənəbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində ta qədimdən insanlar tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.

Üçüncüsü- yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir ki, onlar da oyansın.

Dördüncüsü- torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdır, günəşlə isidir, onu yaratmağa hazırlayır. Ona görə də ta qədimdən insanlar ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar isə “Səməni, saxla məni, ildə göyərdərəm səni”,- deyib buğda isladardılar ki, ondan səməni göyərsin.

Novruz bayramının bir-birindən gözəl adət-ənənələri vardır. Hansı ki, bunlar hər biri bayramın,baharın gəlişinin carçılarıdır.

Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar. İçinə ləziz şeylər qoyardılar.

Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilməsə, təəssüf ki, arzu yerinə yetirilməyəcək.

Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: “Ağırlığım – uğurluğum odda yansın”. Bu, bizim millətin oda sitayişinin bariz nümunəsidir.

Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir. Ona görə səməni xonçaları bəzəyi olub ta qədimlərdən.

Yumurta döyüşdürmək. Oyunun nəticəsində asılı olaraq, tərəflərdən biri, yəni uduzan digərinin tələblərini yerinə yetirirdi.

Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar. Bu da mehribançılığın, doğmalığın əsas əlamətidir.

Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar. Yəni uşaqla böyük bir-birindən fərqlənməməlidir.

Yallı getmək. Bu rəqs Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi birlik rəqsdir. Yəni bu rəqsin mənası insanların birliyidir. Hansı bölgəmizdə adamlar arasında birlik varsa, bu rəqs orada daha çox inkişaf edib və yayılıb.

Novruz oyunları oynamaq. Məsələn, ənzəli, dirədöymə və sairə.

 

 

 

Çox erkən yaranan mərasimlər içində Novruz bayramı günlərində göstərilən tamaşa və oyunlar xüsusi yer tutur. İnsanlar hətta kiçik çillədən başlayaraq bu tamaşalara hazırlaşırlar. Cavanların özlərini göstərdiyi cıdır tamaşaları at çapma ilə başlayar, sonra at oynatmaya keçərdi. Tamaşaya yığışanlar cavanlara uğur arzulayıb müxtəlif nəğmələr oxuyardılar. Atoynatmadan sonra ox atanlar meydanda görünürdü. Onların arasında qızlar da olurdu. Amma oğlan paltarı geyindiklərindən qız olduqları bilinmirdi. “Qılınc oynatma”, “Kəmər atma” , “Kəndirbaz”, “Qoç döyüşdürmə” tamaşaları indi də bəzi bölgələrdə keçirilir. Novruz günlərində tamaşalardan başqa “Qurd oyunu”, “Aşıq oyunu”, “Dirə döymə” kimi oyunlar da təşkil edilirdi.

Azərbaycanda da bu bayram hər il yüksək təntənə ilə keçirilir. Bakıda- Dənizkənarı parkda, Sumqayıtda- Dənizkənarı parkda və bölgələrimizdə ən geniş meydanlarda, stadionlarda bu bayram böyük əzəmtlə keçirilir. Beləliklə, xalqımız əsrlər boyu bu gözəl bayramın adətlərini qoruyub saxlaya bilib və arzumuz budur ki, gələcək nəsillər də çox əsrli tarixə malik olan bu əziz bayramı qoruyub saxlasın.

Əziz Azərbaycan xalqı, hər birinizi bahar bayramı münasibətilə ürəkdən təbrik edir, xoş günlər arzulayıram.

 

Professor-Əliyev Sabir Cahan oğlu




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki