27 noyabr 2024-cü il tarixində Mingəçevir Gənclər Evində “Ecovision – Yox edilən gələcək” layihəsi çərçivəsində gənclərlə maarifləndirici görüş keçirilib.
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Mingəçevir Gənclər Evinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi gənclərin ekoloji problemlər, ətraf mühitin mühafizəsi və davamlı inkişaf prinsipləri üzrə bilik və məlumatlılığının artırılması olub.
Görüş zamanı iştirakçılar müasir dövrün aktual ekoloji problemləri, ətraf mühitə mənfi təsirlərin azaldılması, təbii resurslardan səmərəli istifadə, tullantıların idarə olunması və ekoloji məsuliyyət kimi mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirdə gənclərin ekoloji problemlərin həllində rolundan, fərdi və ictimai məsuliyyətin əhəmiyyətindən danışılıb. İştirakçılara gündəlik həyatlarında ətraf mühitin qorunmasına töhfə verə biləcək davranış və təşəbbüslər barədə məlumat verilib.
Layihə çərçivəsində keçirilən görüş gənclərin ekoloji maarifləndirilməsinə, onların davamlı gələcəyin formalaşdırılmasında fəal iştirakının təşviqinə və ekoloji düşüncənin inkişafına yönəlib.


























