image-img-20210727-wa0023backend

Əliabbas Salahzadə: Azərbaycan-Türkiyə-Pakistan münasibətləri bu gün dünyaya nümunədir

image-reklam_sirab_01

Milli Məclisin deputatı Əliabbas Salahzadə Azərbaycan-Türkiyə münasibətlərindən geniş bəhs edərək bildirib ki, bu birlik bölgədə sülhün və təhlükəsizliyin əsas faktorlarından biridir: “Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, hakim partiyaların  münasibətlərində də  dinamik  inkişaf edir.  Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasında əlaqələr nümunəviliyi ilə diqqət çəkir. Qeyd edək ki, ötən ay  YAP nümayəndə  heyətinin Türkiyəyə səfəri zamanı AKP ilə əməkdaşlığa dair niyyət protokolu  imzalanmışdır. Bu  sənəd qarşılıqlı əlaqələrin daha da genişləndirilməsini özündə ehtiva edir.  İyulun 26-da Yeni Azərbaycan Partiyasının dəvəti ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası  sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyətinin  ölkəmizə səfəri, müxtəlif səviyyələrdə görüşlərin keçirilməsi, maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi  aparılması da  əlaqələrin  yeni mərhələdə inkişafına  böyük töhfə olacaq. Dövlət başçısı İlham Əliyev Türkiyə  nümayəndə heyəti ilə görüşündə  bu fikri xüsusi qeyd etmişdir ki, partiyalar arasında əlaqələr ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.”

“44 günlük İkinci Qarabağ müharibəsi iki dost, qardaş ölkənin dünyaya nümunə olan münasibətlərinin təqdimatı oldu” söyləyən Ə.Salahzadə bir daha diqqəti  ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin Vətən müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində səsləndirdiyi “Bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir” fikirlərə yönəldərək bildirib ki,  Azərbaycan dövləti,  xalqı Türkiyə və  Pakistanın  ölkəmizə  dəstəyini heç zaman unutmayacaq. Məhz bu birliyin təcəssümü olaraq   Vətən müharibəsi dövründə küçə və meydanlarımızı Azərbaycanla yanaşı, Türkiyə və Pakistanın da bayraqları  bəzədi. İyulun 27-də Milli Məclisdə ilk dəfə olaraq keçiriləcək  Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü və  yekunda  imzalanması nəzərdə tutulan  Bakı Bəyannaməsi də  üç dost ölkənin birliyinin, həmrəyliyinin göstəricisidir.”

Millət vəkili Şuşada imzalanaraq dünyaya səs salan  Azərbaycan və Türkiyə arasında  Müttəfiqlik Bəyannaməsini  xatırladaraq qeyd edib ki, bu sənəd əlaqələrimizi ən yüksək zirvəyə qaldırır: “Müttəfiqlik  Bəyannaməsində  göstərilən bütün müddəalar gələcək iş birliyimizin təminatçısıdır.  Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı, həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsidir. Qarabağımızın döyünən ürəyi  Şuşada Azərbaycan və Türkiyənin bayraqlarının qoşa dalğalanması,  Türkiyədən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik  bir daha bütün dünyaya Türkiyə-Azərbaycan birliyini nümayiş etdirdi. İyulun 28-də Yeni Azərbaycan Partiyası ilə  Ədalət və İnkişaf  Partiyasının Gəncə şəhərində birgə keçirəcəyi “Şuşa Bəyannaməsi: Milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda  konfrans da bu müttəfiqliyin inkişafına böyük töhfə olacaq. Konfransın mövzusu özündə bütün hədəfləri əks etdirir.”

“Azərbaycan, Türkiyə, Pakistan bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir” söyləyən Ə.Salahzadə vurğulayıb ki, bu üç  ölkə həm də bir-biri ilə sıx tellərlə bağlı olan  dost, qardaş və müttəfiq ölkələrdir: “Onlar arasında olan münasibətlər dünyaya  örnəkdir. Pakistan torpaqlarımızın işğalı səbəbindən Ermənistanı tanımayan və Ermənistanla diplomatik əlaqələr qurmayan az sayda ölkələrdən biridir. Ötən ay Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva dövlət başçısı İlham Əliyevlə görüşündə də bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycan ilə Pakistanın ortaq tərəfdaşlarından biri də Türkiyədir. Azərbaycanın  “Bir millət, iki dövlət” dediyi kimi, Türkiyə Pakistana da  çox yaxındır.  Hər üç ölkə arasında sıx əlaqələrin olması əməkdaşlıq üçün geniş  imkanlar açır.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki