image-thumbbackend

Əliabbas Salahzadə: Regionlarda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət yetirilir

image-reklam_sirab_01

Milli Məclisin deputatı Əliabbas Salahzadə  dövlətimizin başçısı İlham Əliyevin Hacıqabul rayonuna səfərinə diqqəti yönəldərək bildirib ki, regional inkişaf proqramlarının icrasında  əsas məqsəd sahibkarlığa marağın gücləndirilməsi, aqrar sahənin genişləndirilməsi, emal müəssisələrinin sayının artırılmasıdır: “Aparılan düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir ki,  ölkəmizdə biznes mühiti yaxşılaşır, sahibkarlara göstərilən hüquqi, maddi dəstək artırılır. Təkcə koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi vaxtlarda sahibkarlara göstərilən diqqət və qayğıya nəzər yetirmək kifayətdir. Möhtərəm Prezidentimiz ilk gündən bildirdi ki, iqtisadi islahatlar dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalı, iş yerləri bağlanmamalıdır.  Güzəştli şərtlərlə verilən kreditlər real iqtisadiyyatın inkişafını təmin edir, iş yerlərinin yaradılmasına şərait yaradır, yerli müəssisələrin artması ilə işsizlik aradan qaldırılır. Cənab İlham Əliyevin Hacıqabul rayonuna səfəri zamanı bir sıra sosial obyektlərin açılışı da bütün hallarda “güclü dövlət, yüksək rifah” prinsipinin dövlət siyasətimizin əsasında dayandığını nümayiş etdirir. Azərbaycan Televiziyasına müsahibəsində  səfər təəssüratlarını açıqlayan möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Hacıqabulda görülən işlər son mərhələdədir. İnfrastruktur layihələri icra edilir. Qazlaşmanın səviyyəsi 100 faizdir. Elektrik enerjisi ilə təchizat  yaxşılaşıb. Ölkə Prezidentinin səfəri şərçivəsində  Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyasının  istismara verilməsi də bunun əyani sübutudur. Rayonda içməli su layihəsi hələ 2013-cü ildə icra edilib.  Kənd yollarının çəkilişi yüksək səviyyədə həyata keçirilir. Rayonda xəstəxana, mədəniyyət obyektləri, məktəblər  tikilib və əsaslı şəkildə təmir edilib. Bütövlükdə  rayonun gələcək iqtisadi potensialının  gücləndirilməsi üçün geniş imkanlar mövcuddur.”

Ə.Salahzadə qeyd edib ki, ölkəmizdə böyük sahibkarlar sinfi formalaşıb: “Cənab İlham Əliyev bu hədəfi daim önə çəkir ki, ölkəmizin ümumi inkişafı bundan sonra daha çox sahibkarlığın inkişafından asılı olacaq. Qeyri-neft sektorunun ÜDM-də rolu gücləndirilir, Azərbaycan brendi ilə dünya bazarlarına çıxarılan yerli məhsulların  ixracda payının daha böyük rəqəmlərlə ifadə olunması üçün mühüm tədbirlər həyata keçirilir.  Regionlarda sənaye mərkəzləri, iqtisadi zonalar yaradılır, daha çox ehtiyac duyulan məhsulların çeşidlərinin artırılması ön planda saxlanılır.”

Millət vəkili onu da qeyd edib ki, son illər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət yetirilir: “Rayonlar arasında aparılan ixtisaslaşma hədəflərə yüksək səviyyədə nail olmağa əsas yaradır. Ölkə    Prezidenti  İlham Əliyev bu çağırışı etmişdir ki,  rayonlar arasında və rayonlar üzrə ixtisaslaşma aparılmalıdır. Hər bir rayonun öz xüsusiyyətləri, təbiəti, iqlimi vardır. Hər rayon üzrə ixtisaslaşma layihələri icra edilir. Dövlətimizin başçısı İlham Əliyevin  pambıqçılığın inkişafına göstərdiyi diqqət sahəsində “ağ qızıl”ın şöhrəti bərpa olunur, əkin sahələri artırılır.  Çayçılığın bərpası, çəltikçiliyə marağın çoxalması, iqlim şəraitinə uyğun zeytun, fındıq, badam bağlarının artırılması günümüzün reallıqları sırasındadır. Prezident İlham Əliyevin  Hacıqabul rayonuna səfəri çərçivəsində  fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləməsi  də deyilənlərin təsdiqidir.  Pambıqçılıqda əvvəlki illərlə məhsuldarlığı müqayisə edən Prezident İlham Əliyev bildirmişdir ki, altı il bundan əvvəl bu məsələ ilə maraqlananda pambıqçılıq demək olar ki, batırdı, cəmi 30-35 min ton yığılmışdı. Keçən il isə 336 min ton, yəni  10 dəfə çox olmuşdur. Faktların müqayisəli təhlili onu deməyə əsas verir ki, Azərbaycan üçün ənənəvi sayılan pambıqçılıq dirçəlib. Ölkə Prezidenti İlham Əliyevin ixtisaslaşmış rayonlarda müşavirələr keçirərək  tapşırıqlarını verməsi, həmçinin ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını sürətləndirmək üçün Dövlət Proqramlarını təsdiqləməsi də məqsədlərə yüksək səviyyədə nail olmağa stimul verir. Bu baxımdan   cənab İlham Əliyevin 13  iyul 2017-ci il tarixli Sərəncamı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın icrası bu sahədə  mühüm irəliləyişin əldə olunmasını təmin edir.

Ə.Salahzadə qeyd edib ki,  xarici bazarlara çıxmaq üçün  istehsalatda ən müasir texnologiyalar tətbiq edilir, keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalına diqqət artırılır. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də  bu hədəf öz əksini tapıb ki, iqtisadi artımın davamlı olması, milli iqtisadiyyatın dərin şaxələnməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr” tapılmalıdır. Neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməlidir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki