image-img-20210413-wa0078backend

Əliabbas Salahzadə: Tarixi Zəfərimiz ədalətin təntənəsidir

image-reklam_sirab_01

Milli Məclisin deputatı Əliabbas Salahzadə  Azərbaycanın   möhkəm təmələ əsaslan siyasətinin  yaratdığı reallıqlardan  bəhs edərək bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmiz  uğurlarımızın zirvəsidir:  “Azərbacanın bugünkü uğurlarını düzgün dəyərləndirmək üçün müstəqilliyimizin ilk illərində yaşananları yada salmağa, bir sözlə, müstəqillik tariximizin ayrı-ayrı mərhələlərini təhlil etməyə böyük ehtiyac vardır. Müstəqilliyimizin ilk illərində Azərbaycan ən ağır günlərini yaşayırdı. Həmin dövrdə ölkəmizə rəhbərlik edənlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi ambisiyalarını  dövlət maraqlarından üstün tutmaları Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyev Bakıda Hərbi  Qənimətlər Parkının açılışı mərasimində də diqqəti həmin dövrün reallıqlarına yönəldərək bildirmişdir ki, məhz Azərbaycan xalqının dəstəyinə arxalanaraq ulu öndər  Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra bütün xoşagəlməz hallara son qoydu,  qanunsuz silahlı birləşmələri tərksilah etdi, sabitlik, qayda-qanun yaradıldı və nizami ordu quruculuğu başlandı.”

Ə.Salahzadə bildirib ki,  2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini  qazanaraq Prezident seçilən cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyi vədini verdi və bu istiqamətdə  mühüm  addımlar atdı: “Hər zaman bəyan edilirdi ki, xalqımız torpaqlarımızın işğalı ilə barışmayacaq. Münaqişənin sülh danışıqları əsasında həlli mümkünsüz olduğu təqdirdə hərb yoluna üstünlük veriləcək. Elə də oldu. Azərbaycan dövləti Ermənistanın və ona havadarlıq edən dövlətlərin imitasiya naminə danışıqlarının  müsbət heç nə vəd etmədiyini, vaxt uzatmağa xidmət etdiyini yaxşı bilirdi.  Ölkəmiz danışıqları davam etdirməklə yanaşı, bütün sahələrdə  davamlı uğurlara imza atır, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdırmışdır. Dövlətimizin başçısının nitqində vurğuladığı kimi,  gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ən vacib məsələlərdən biridir. İkinci Qarabağ müharibəsi göstərdi ki, bu sahədə də böyük uğurlar əldə edilib. Ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi prioritet məsələ kimi öndə olub.  Ordunun maddi-texniki təchizatı, döyüş qabiliyyəti, peşəkarlığı, xidmət şəraiti, hərbçilərin məişət şəraiti yaxşılaşdırıldı. Ötən dövr ərzində elə güclü ordu yaradılıb ki,  beynəlxalq reytinqlərdə dünyanın ən güclü 50 ordusu sırasında  qəraralaşır. Təbii ki,  indi müharibədən sonra daha da yüksək yerlərə qalxacaq. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində gücünü, qüdrətini, hansı imkanlara malik olduğunu Ermənistana və ona havadarlıq edənlərə nünayiş etdirdi.”

“Bu Qələbə, ordumuzun Zəfər sevinci xalqımızın qalib  Prezident  İlham Əliyevin ətrafında «dəmir yumruq» kimi birləşməsinin ifadəsidir” söyləyən Ə.Salahzadə qeyd edib ki, 44 günlük Vətən  müharibəsi  ermənilərin uzun illər yaratdıqları “məğrur erməni ordusu” mifini dağıtdı:  “Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında diz çökdü, geri çəkildi.  Müharibə dövründə düşmənin nə qədər hərbi texnikası, silah-sursatı  məhv edildi və qənimət kimi götürüldü. Cənab İlham Əliyev xalqa müraciətlərində daim bildirirdi ki,  mənfur düşmənin   qənimət kimi götürülmüş və məhv edilmiş hərbi texnikası Zəfər  Paradında nümayiş etdiriləcək. 10 dekabr Zəfər Paradı  müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, Ermənistanın biabırçı məğlubiyyətinin təqdimatı oldu.  Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə  Bakıda Hərbi Qənimətlər Parkının açılışı da bu istiqamətdə  atılan addımların davamıdır. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə  möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzaladı, Hərbi Qənimətlər Parkının salınması ilə bağlı təşəbbüs irəli sürdü. Çox qısa zamanda görülən genişmiqyaslı işlər nəticəsində açıq səma altında nadir park salınıb. İnformasiya mübarizəsinin davam etdiyi hazırkı dövrdə təbliğat işinin gücləndirilməsinə yönələn  hər bir addım əhəmiyyəti ilə diqqət çəkir, ölkə ictimaiyyəti tərəfindən böyük dəstək qazanır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi  şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik.”

Millət vəkili qeyd edib ki, xalqımız Böyük Qayıdışa hazırlaşır.  “Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da edir ki,  erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Azərbaycan xalqı  çox xeyirxah xalqdır. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz.

“Hərbi Qənimətlər Parkının hər bir ziyarətçisi   Silahlı Qüvvələrimizin gücünü, iradəmizi görəcək.  Təbliğat işinə böyük töhfə olacaq bu parkda təqdim edilən eksponatların vasitəsilə bir daha Zəfərimizin necə  çətinliklə əldə edildiyi hər kəsə çatdırılacaq. İllərdir istehkamlar quran, havadarlarının dəstəyi ilə silahlanan Ermənistan silahlı qüvvələrini diz çökdürən Azərbaycan Ordusu qəhrəmanlığı, peşəkarlığı, Vətən sevgisi ilə   bütün bu maneələri dəf  etdi, işğala son qoydu, torpaqlarımız sahibinə qovuşdu”,- deyə  Əliabbas Salahzadə bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki