image-img-20210727-wa0023backend

Əliabbas Salahzadə: Zəfərimizin yaratdığı yeni reallıqlar Azərbaycanın qarşısında böyük imkanlar açır

image-reklam_sirab_01

Milli Məclisin deputatı Əliabbas Salahzadə Azərbaycanın regionda və dünyada möhkəmlənən mövqeyindən, nüfuzundan geniş bəhs edərək bildirib ki,  gələcəyə hesablanmış  siyasət yeni-yeni hədəflərə yol açır: “Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində 30 ilin  torpaq həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 30 ilə yaxın dövrdə  dünyadan ədalət gözləyən  Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşmaqla  Azərbaycanın malik olduğu imkanları təqdim etməklə yanaşı,  hər bir məsələnin həllində beynəlxalq hüququn norma və prinsiplərinin əsas rol oynadığını, maraqların  sonadək ədaləti üstələmək imkanında olmadığını nümayiş etdirdi. Azərbaycan, həmçinin   tarixi Zəfəri ilə  müstəqil siyasətinin uğurlarını təqdim etdi.  44 günlük İkinci Qarabağ müharibəsində  ölkəmizə nə qədər təzyiqlər göstərilməsinə baxmayaraq dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir addım da belə mövqeyindən geri çəkilmədi, müharibəni hansı şərt daxilində dayandırmağın mümkünlüyünü  bəyan etdi.  Azərbaycanın hər gün cəbhədən gələn qələbə xəbərləri,  tarixə  qızıl hərflərlə yazılan Şuşa əməliyyatı  Azərbaycan xalqının nə qədər məğrur, yenilməz xalq olduğunu, Vətən, torpaq sevgisini  dünyaya çatdırdı. Bir qarış torpağımızın belə düşmənə verilməyəcəyi  əsas hədəfimiz, amalımız, beynəlxalq hüquqa əsaslanan   mövqeyimiz idi.”

Ə.Salahzadə tarixi Zəfərimizin yaratdığı qürur hissinin ölçüyəgəlməzliyini vurğulayıb: “Bu gün işğaldan azad edilmiş torpaqlarımızda  cənnət yaradılır.  Çox qısa müddətdə bu ərazilərimizdə görülən işlərin miqyasına diqqət yetirdikdə  Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları ilə  yanaşı, bu günün həsrətinin böyüklüyünü görürük. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev  hər bir vədini zamanında yerinə yetirməklə  xalqımızın sabaha böyük inamla addımlamasına stimul verir.  Böyük Qayıdışın nəzərdə tutulan vaxta reallığa çevrilməsi üçün bütün işlər sistemli şəkildə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərimizdə təkmil idarəetmə sistemi xüsisi diqqət çəkir.”

Millət vəkili Zəfərimizin yaratdığı reallıqların gerşəkləşməsi istiqamətində  dövlətimizin, bütün qurumların göstərdiyi səylərə,  gördüyü işlərə diqqəti yönəldib: “Hər bir ölkənin inkişafında, hədəflərə yüksək səviyyədə nail olmasında qanunverici orqanın fəaliyyəti, zamanın və dövrün tələblərinə uyğun  təkmilləşdirilməsi mühüm rol oynayır. Azərbaycanın 2020-ci il 9 fevral tarixində keçirilən parlament seçkiləri əsasında formalaşan yeni tərkibdə parlamenti  fəaliyyətini mövcud siyasi kursa uyğun olaraq davam etdirir. Bu günlərdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin toplantısının keçirilməsi, Bakı Bəyannaməsinin qəbulu, həmçinin Azərbaycanla Pakistan parlamentləri arasında Anlaşma Memorandumunun imzalanması parlament diplomatiyasının yaratdığı imkanlardan səmərəli istifadənin  göstəricisidir. Atılan bu kimi addımlar yeni qanunvericilik bazasının formalaşdırılmasına da öz müsbət təsirini göstərəcək. Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi fonunda həqiqətlərimizin təbliğinə də böyük töhfələr veriləcək.  Yeni reallıqların həyata keçirilməsinə   parlament səviyyəsində qurulan əməkdaşlıqlar əsasında töhfələr vermək istəyi  təqdirəlayiqdir.”

Ə.Salahzadə  günümüzün  belə qürurverici reallıqlarının  fonunda bəzi ünsürlərin   yaxın zamanlarda parlamentin buraxılacağı ilə bağlı səsləndirdikləri  qeyri-ciddi fikirlərə də diqqəti yönəldərək belə cəhdlərin  arxasında hansı məqsədlərin dayandığını açıqlayıb. Bildirib ki, belə cəhdlər görülən işlərə, əldə olunan uğurlara kölgə salmaq imkanında deyil: “Yeni formalaşan parlament il yarımdan da az bir  vaxtda uğurlu fəaliyyəti ilə diqqətdədir. Milli Məclisdə təmsil olunan partiyaların say tərkibinə  diqqət yetirməklə də yaradılan  demokratik mühit əsasında görülən və görüləcək işlərin aydın mənzərəsini təqdim etmək mümkündür. Azərbaycan bütün sahələrdə təkmil təcrübəsi ilə diqqətdədir. 2018-ci il prezident seçkilərindən başlanan islahatlar kursu uğurla davam edir. Dünyaya səs salan tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar Azərbaycanın qarşısında böyük imkanlar açır.”

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki